Qarabağda PKK-çılar ermənilər tərəfindən döyüşür

Bu faktın Ərdoğan tərəfindən dilə gətirilməsi məsələnin ciddi olduğunu göstərir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşən PKK terrorçularından bəhs edib. Ölkə rəhbəri bildirib ki, Türkiyəni “Suriyadan Qarabağa döyüşçü göndərməklə” ittiham edən Qərb ölkələri ermənilər tərəfindən Azərbaycan torpaqlarına gətirilən terrorçulardan xəbərdar olmalıdır: “Dəqiq kəşfiyyat məlumatları əsasında müəyyənləşdirmişik ki, 2000 PKK, YPG terrorçusu 600 dollar maaş məbləğində Qarabağda döyüşür”.

Ərdoğan bu məsələni telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırdığını da qeyd edib: “Putin mənə dedi ki, bunlardan xəbəri yoxdur. Həmin terrorçular Suriyadan gətirilir. Cənab Putinin bu terrorçulara üz verəcəyinə inanmıram, amma bunları Paşinyana mütləq deməlidir”. Türkiyənin təhlükəsizlik mənbələrində minlərlə PKK, YPG terrorçusunun hazırda Azərbaycan qüvvələri ilə döyüşmək üçün Qarabağ bölgəsinə göndərildiyini əks etdirən çoxsaylı dəlil-sübutlar mövcuddur.

Türkiyənin Müdafiə naziri Hulusi Akar da bu yaxınlarda Ermənistana işğal altındakı Qarabağda terrorçulardan istifadə etmələrinə görə sərt xəbərdarlıq edib. Nazir bildirib ki, “Ermənistan xaricdən gətirilən muzdluları, terrorçuları geri qaytarmalı və işğal olunmuş əraziləri tərk etməlidir”.

Bəzi ekspertlər PKK-nın uzun müddətdir İran ərazilərindən bu ölkənin hərbi əməliyyatlarını dəstəkləmək üçün Ermənistana göndərildiklərini düşünürlər. Ötən gün analitik Əşrəf Yalınkılınçlı “TRT World”ə açıqlamasında “illərdir İranın bəzi PKK üzvlərinin Ermənistana getməsinə icazə verdiyi məlum bir həqiqətdir”  deyib. 



Məsələni “Şərq”ə analiz edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov vurğulayıb ki, PKK-nın erməni tərəfində döyüşməsi yeni fakt deyil. Onun sözlərinə görə, uzun illərdir Qarabağın işğal edilmiş əraziləri nəzarətsiz qaldığı üçün burada bir çox qanundan kənar qüvvələrin, o cümlədən terrorçuların məskunlaşdığı, təlim bazaları, düşərgələr yaratdığı məlumdur:

“Son hadisələr bu məlumatların doğru olduğunu təsdiqləyir. Hələ bir müddət öncə demişdik ki, Türkiyə bu faktdan istifadə edərək Qarabağda antiterror əməliyyatı keçirə bilər. Bu faktın birbaşa Türkiyə dövlətinin prezidenti Ərdoğan tərəfindən dilə gətirilməsi məsələnin ciddi olduğunu, buna müdaxilə üçün zəmin yarandığını göstərir”. 

Müsahibimizin fikrincə, PKK faktının ifşa olunması əlimizi qüvvətləndirir, keçirdiyimiz əməliyyatların bir daha qanuniliyini isbat edir:

“Türkiyənin bu faktı əsas götürərək Qarabağa ordu yeritmək haqqının olması bizə qarşı olan üçüncü ölkələri müdaxilədən çəkindirir. Real olaraq Türkiyənin münaqişəyə bilavasitə daxil olmasına isə hələlik ehtiyac yoxdur. Lakin qardaş Türkiyənin erməni terrorçularına qarşı mübarizəyə qoşula biləcəyindən heç kimin zərrə şübhəsi olmasın.

Onsuz da düşmən qüvvələr Türkiyəni münaqişəyə cəlb etmək istəyir. Bu baxımdan hər addımı ciddi ölçüb-biçdikdən sonra atmalıyıq ki, prosesi uğurla başa vuraq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu