Rusiya Ermənistan sərhədlərini niyə QORUYUR? - NARAHATDIR! – Real səbəblər...! 

“Əslində Rusiya sərhəddi nəzarətinə götürməklə, erməni əsgərlərinin Qarabağ cəbhəsinə göndərilməsinə imkan yaradır”

“Erməni qoşunlarının Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşmaq üçün dirəniş göstərməsinə şərait yaratmaq”

“Rusiya bu ərazilərin azad olunması ilə Naxçıvanla Azərbaycanın quru yolu vasitəsilə birləşdirilməsində narahat olduğu üçün sərhəddə dayanıb”



Ermənistanla-Azərbaycan sərhəddinə Rusiya sərhədçiləri yerləşdirilib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan EFE ispan agentliyinin əməkdaşı Pablo Qonsalesə müsahibəsində bildirib.

Paşinyan izah edib ki, burada qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə rusiyalı hərbçilər Ermənistanın İranla və Türkiyə ilə sərhəddində əvvəllər də durub:

“İndi cənubda vəziyyətin kəskinləşməsi ilə bağlı onlar orada yerləşdirilib. Rusiyalı sərhədçilər Ermənistanın Türkiyə və İranla sərhəddində dururlar. Bu həmişə belə olub. Hazırda son baş verən hadisələrlə əlaqadar rus sərhədçiləri Ermənistanın cənub-şərq və cənub-qərb sərhəddində dururlar”.

Baş verənləri “Sherg.az”a şərh edən politoloq Natiq Miri hesab edir ki, rus əsgərlərinin Ermənistanla-Azərbaycan sərhəddində durması sıradan bir hadisə deyil. Analitikin fikrincə, Paşinyanın verdiyi açıqlama riyakar olduğu qədər yalandır və özündə bir çox ciddi məsələləri ehtiva edir:

“Paşinyan dünənə kimi iddia edirdi ki, Ermənistan müstəqil bir dövlətdir. Müstəqil dövlətin sərhədlərini başqa bir ölkə qorumur.
Azərbaycanla Ermənistan sərhəddində hər zaman erməni əsgərləri durub. Onlar Ermənistan sərhəddini qoruyublar. Rusiyalı sərhədçilərin isə Azərbaycan-Ermənistan sərhəddində dayanması ilk hadisədir və sıradan bir məqam deyil. Dolayısı ilə Rusiya bu addımı ilə Ermənistana dəstəyini ifadə edir”.

N.Miri qeyd edib ki, əslində Rusiya sərhəddi nəzarətinə götürməklə, erməni əsgərlərinin Qarabağ cəbhəsinə göndərilməsinə imkan yaradır:

“Fərq etməz, bu gün rus əsgərləri sərhəddə durmasaydı, ən azından erməni əsgərləri həmin sərhədləri qorumaq məcburiyyətində qalacaqdı. Bu da Qarabağ cəbhəsində erməni qoşunlarının sayını azaldacaqdı.

Amma Rusiyanın sərhədləri qoruma səlahiyyətlərini üzərinə götürməsinin məqsədi var:Erməni qoşunlarının Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşmaq üçün dirəniş göstərməsinə şərait yaratmaq. Rusiya bir tərəfdən Ermənistana silahla yanaşı, muzdlu əsgərlərini də göndərir. Cəbhədə tapılan rus əsgərlərinin cəsədləri də bunu sübut edir”.

Politoloqun qənaətincə, Rusiya qoşunları Azərbaycan-Ermənistan sərhəddində durmaqla erməni qoşunlarının Azərbaycana keçməsinə şərait yaradır:

“Digər ciddi və geosiyasi məsələ də var: Məlumdur ki, sözügedən mövqedə duran rus qoşunları çox həssas bölgədə yerləşir. Bunlar  Naxçıvanla Azərbaycanı quru yolu ilə birləşdirəcək ərazilərdir. Rusiya bu ərazilərin azad olunması ilə Naxçıvanla Azərbaycanın quru yolu vasitəsilə birləşdirilməsində narahat olduğu üçün sərhəddə dayanıb. Eyni zamanda İran da narahatdır. Məhz həmin sərhəd bölgəsinə on minlərlər qoşun, tanklar və zirehli texnikalar yerləşdirilib.

Hərbi təlimlər adı altında Azərbaycana “bu bölgəni azad etmə” mesajı verilir. Özünü Azərbaycana dost kimi göstərmək istəyən qonşu dövlətlər açıq şəkildə ölkəmizə düşmən olduqlarını ortaya qoyurlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu