Kasetli bombalardan istifadə beynəlxalq qanunla qadağandır, amma ...

“Amma kimsə bir kəlmə olsun demir ki, Ermənistan belə vandallıqlara əl atır”


Ermənistanın Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox mülki vətəndaş  ağır yaralanıb. Dinc vətəndaşlarımızın məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı böyük  cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir. Amma aparıcı  dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ya bunu dərk etmir, ya da maraqlarına cavab vermədiyi üçün hər dəfə  susmağı seçirlər. Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır.

Beynəlxalq birlik Ermənistanı törətdiyi  cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmir. Ona görə də işğalçı dövlət terror əməllərini bilərəkdən, məqsədli şəkildə həyata keçirir. Məlumdur ki, kasetli bombalardan istifadə edilməsi  beynəlxalq qanunla qadağan edilib. Dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar terrorçu Ermənistana hələ də “gözün üstə qaşın var” demək istəmirlər. Müharibə canisi Nikol Paşinyanın əmri əsasında həyata keçirilən cinayət əməllərinə göz yumurlar.

Beynəlxalq aləmin susqunluğunun səbəblərini “Sherg.az”a sadalayan “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov bildirib ki, əslində beynəlxalq qurumlar həqiqətin nə olduğunu yaxşı bilirlər. Professor vurğulayıb ki, söhbət məqsədli şəkildə başımıza gətirilən faciələrə lazımi və adekvat reaksiyaların verilməməsindən gedir:

“Deyə bilmərik ki, beynəlxalq ictimaiyyəti kifayət qədər məlumatlandırmırıq. Əksinə, haqq səsimizi dünyaya çatdırmaq üçün işlər görürük. Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər.

İstər Gəncə, istərsə də Bərdədə törədilmiş müharibə cinayətləri beynəlxalq təşkilatların bəyanatlarında pislənilir. Amma kimsə bir kəlmə olsun demir ki, Ermənistan belə vandallıqlara əl atır. Düşmən ölkə dinc əhalimizi və mülki obyektlərimizi raket atəşinə tutur. Beynəlxalq təşkilatlar gedib Xankəndi və ya Şuşada balaca bir qəlpə görsələr, car çəkərlər ki, Azərbaycan Ermənistanın mülki obyektlərini vurur”.

G.Məmmədov beynəlxalq aləmin qərəzli mövqe sərgiləməsinin səbəbini də diqqətə çatdırıb:

“Burada müxtəlif səbəblər var. Əsas səbəb Azərbaycanın müstəqil siyasət aparmasıdır. Dünyanın əsas gücləri münaqişə vasitəsilə ölkəmizə və müstəqil siyasətimizə təsir göstərmək istəyirlər.

Lakin Azərbaycan dövləti və ordusu haqlı savaşından dönməyəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu