Gündəlik yoluxma və ölüm halları artıb

Əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə bilər


"Hazırda koronavirus pandemiyası dünyanın bir nömrəli problemi olaraq qalmaqdadır. Bu gün dünya ölkələri pandemiyanın yeni dalğasını yaşayır və bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir".
Bu sözləri millət vəkili Sədaqət Vəliyeva deyib. O vurğulayıb ki, çox təəssüflər ki, son həftələr bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a gündəlik yoluxma və ölüm halları artıb:

"Ölkəmizdə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir. Yoluxma və sağalma halları arasında fərq yüksəlir, sanitar-epidemioloji durum pisləşir. Havaların soyuması, virus infeksiyalarının artması, immunitetin zəifləməsi kimi obyektiv faktorlarla yanaşı, bəzi insanların karantin qaydalarına ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub.

Aparılan müşahidələr onu göstərir ki, vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır.

Yoluxmanın qarşısının alınması üçün tövsiyələrə lazımınca əməl edilmr. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Görünür, bir aydır torpaqlarımızın erməni işğalçılarından azad olunması istiqamətində gedən Vətən müharibəsi də cəmiyyətimiz üçün pandemiyanı arxa plana keçirib və təhlükəli virusla mübarizədə arxayınlıq yaranıb". 

S.Vəliyeva əlavə edib ki, əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər:

"Koronavirusa yoluxma hallarının kütləviləşməsi hazırkı müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir. Bu gün özümüzü koronavirusdan qorumaqla ön cəbhədə döyüşən hərbçilərimizi də xəstəlikdən müdafiə etmiş olarıq. Ona görə də koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir.

Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu