Hər il 15 milyon insan insultdan əziyyət çəkir

Əksər tədqiqatlar göstərir ki, yaş artdıqca işemik insult olma ehtimalı artır

29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür. Ümumdünya Səhiyyə Təşkilatına əsasən, hər il 15 milyon insan insultdan əziyyət çəkir, onlardan 5 milyonu dünyasını dəyişir, digər 5 milyonu isə ömürlük əlil qalır. İnsultların 87 faizini işemik insult təşkil edir. İnsult dünyada ölüm səbəbləri sırasında 2-ci yeri tutur. Amerika Birləşmiş Ştatlarında hər 40 saniyədən bir insult baş verir. Kişilərdə insult qadınlara nisbətən daha çox rast gəlinir. Ancaq müasir tibbin inkişafına baxmayaraq, insultdan xəstələnmə hadisələri artmaqdadır.

Ümumiyyətlə, bəzi xəstəliklər insultun başvermə ehtimalını daha da artırır. Məsələn, şəkərli diabet və ürək-damar xəstəlikləri məhz bu qəbildən hesab oluna bilər. Buna görə də insultdan qorunmaq üçün sağlam həyat tərzinin tələblərinə riayət etmək mühüm əhəmiyyətə malikdir. Xüsusilə fiziki aktiv olmaq, tütündən istifadə etməmək, sağlam qidalanmaq, artıq çəki almamaq, arterial təzyiqi daima nəzarətdə saxlamaq insultdan qorunmaq üçün profilaktik addımlar hesab olunur və insultun yaranma riskini kifayət qədər azalda bilir. Beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur.

Bəzi ilkin tədqiqatlar göstərir ki, COVID-19 infeksiyası da işemik insulta səbəb ola bilər, hərçənd ki, daha çox tədqiqata ehtiyac var. 

Həkim Səbuhi Dadaşov "Şərq"ə açıqlamasında bildirib ki, əslində vaxtlı-vaxtında müayinə olunub, arteriyalarda olan ciddi darlıqlara müdaxilə olunarsa, pasiyent insult olmaz. Həkim vurğulayıb ki, əgər xəstə insult  olubsa belə, o darlıqlar aradan qaldırılmalıdır ki, təkrar insult olmasın:

"Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi və ya hissiyyatın zəifləməsi, görmənin pozulması, şifahi nitqin və ya nitqin başa düşülməsinin pozulması, hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, udma qabiliyyətinin pozulması, qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı və ya qıcolma tutmaları, yaddaşın qəflətən pozulması, şüurun pozulması insultun əlamətləri ola bilər.

Əksər tədqiqatlar göstərir ki, yaş artdıqca işemik insult olma ehtimalı artır. 40 yaşa kimi az rast gəlinir, amma bu o demək deyil ki, 20 yaşında nevroloji əlamətləri olan insan insult olmur. Bu gün əldə etdiyimiz təcrübələr onu deməyə əsas verir ki, cavan insanlarda da insult halları çoxalıb. Bunun da bir çox səbəbləri var".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu