Türkiyə, Pakistan, İsrail...

Zəfərdən sonra da onları əsla unutmayacağıq

Çətin günlərdə yanımızda olanları, həmçinin, bizə arxa çevirənləri yaxşı tanıdıq


Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və mülki əhaliyə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib. Qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib. Xatırladaq ki, 2012-ci il fevralın 1-də Pakistan Senatının Xarici əlaqələr komitəsi, 2017-ci il fevralın 2-də isə Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdi. Hazırkı qətnamə isə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyini əks etdirir.

Ümumiyyətlə, Pakistanın Azərbaycana xüsusi xoş münasibəti var. Bu dost ölkə Azərbaycanı hər sahədə müdafiə edir. Rəhbərlik, rəsmilər və xalqı birmənalı yanımızda olduqlarını bəyan edir, erməni işğalçılarına qarşı mübarizədə hər cür yardımı göstərməyə hazır olduqlarını vurğulayırlar. Pakistan da, eynən Türkiyə kimi, Qarabağ probleminə görə Ermənistanla diplomatik əlaqələrdən imtina edib. 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı tanıyan ilk ölkələrdən biri məhz Pakistandır. Diplomatik əlaqələrin təməli 1992-ci ildən qoyulub və 1993-cü ildə Bakıda səfirlik açılıb. 

Pakistanın Azərbaycana dəstəyini “Şərq”ə dəyərləndirən politoloq Fuad Heydər deyib ki, dost və düşmənin bəlli olduğu dövrdə yanımızda dayanan dövlətlərin qiyməti layiqincə verilməlidir. Siyasi şərhçinin sözlərinə görə, ölkəmizlə sıx siyasi-iqtisadi əməkdaşlıq edən xeyli aparıcı ölkə var, amma bugün onlar nəinki bizə dəstək çıxır, əksinə işğalçı erməniləri müdafiə edirlər:

“İllərdir iqtisadi inkişaf səviyyəsinə görə yüksək dərəcələrə sahib ölkələrlə diplomatik, siyasi, o cümlədən iqtisadi danışıqlar masasına əyləşmişik. Çoxsaylı müqavilələr imzalamışıq, siyasi-mədəni əlaqələrimizi genişləndirmişik. Lakin bu, həmin ölkələrin hamısının Azərbaycanın dostu olduğu anlamına gəlmir. Kifayət qədər genişmiqyaslı əlaqələr qurduğumuz bəzi Qərb ölkələri haqq savaşında Azərbaycanın yanında olmaqdan, ərazi bütövlüyümüzü dəstəkləməkdən çəkinirlər. Erməni lobbisinin təsiri altında həqiqəti söyləməkdən çəkinir, quru bəyanat belə səsləndirmirlər. Hazırda Azərbaycan elə bir dövr yaşayır ki, bütünlüklə xalq olaraq dostlarımızı, düşmənlərimizi tanıyırıq”. 

F.Heydər bildirib ki, Qarabağ savaşında bir çox ölkələr sınaqdan keçə bilmədi:

“Qardaş və dost ölkələr Türkiyə, Pakistan Azərbaycana dəstək olduqlarını, maddi-mənəvi istənilən sahədə ölkəmizin yanında olduqlarını açıq-aydın söyləyirlər. Eyni zamanda İsrail də Azərbaycanın yanında olduğunu bəyan edir. Ölkə başçısı İlham Əliyev və Azərbaycan xalqı bizə arxa-dayaq olan dost ölkələrin dəstəyini çox yüksək qiymətləndirir. Heç şübhəsiz, ərazi bütövlüyümüzü bərpa etdikdən, cəbhədə ermənilərə diz çökdürdükdən sonra da qardaş dövlətlərlə daha sıx əməkdaşlıq qurulacaq. Çətin günlərdə yanımızda olanları, həmçinin, bizə arxa çevirənləri əsla unutmayacağıq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu