Vəhşiliyin ən sərt üzünü gördük

Ermənistanla bütün danışıqlar dayandırılmalıdır

Günahsız qətlə yetirilmiş mülki vətəndaşların qisası artıqlaması ilə alınmalıdır


Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc sakinlərini qətlə yetirməyə davam edir. Gün ərzində bir neçə dəfər cəbhə xəttinə yaxın, eyni zamanda kifayət qədər uzaq məsafadə yerləşən şəhərlərimiz düşmənin artilleriya zərbələrinə məruz qalır. Erməni faşistləri ötən gün Bərdəyə növbəti dəfə “Smerç” raketi atdılar, nəticədə aralarında azyaşlı uşaqların da olduğu 21 nəfər həlak oldu, 70 nəfər ciddi xəsarət aldı. Sentyabrın 27-dən bu yana Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşlarımızın sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hazırkı vaxtadək 90 mülki şəxs dünyasını dəyişib, 392 nəfər yaralanıb. Bundan başqa, 423 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 min 406 yaşayış evi yararsız vəziyyətə düşüb. Düşmənin vəhşi hücumları göstərir ki, ermənilərin qəddarlığının, qeyri-insani davranışlarının həddi-hüdudu yoxdur. Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir.

Hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu isə üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. İstənilən halda Azərbaycan ictimaiyyəti hesab edir ki, erməni vandallarının çirkin əməllərinin qarşısı mütləq alınmalı, düşmənin həyasız hücumlarının cavabı üçqat verilməlidir. 

Erməni quldurlarının növbəti vəhşiliyini sərt şəkildə qınayan AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Azərbaycan Ordusunun qarşısında aciz qalan, məğlubiyyətin qaçılmaz olduğunu dərk edən terrorçu Ermənistan mülki Azərbaycan vətəndaşlarını növbəti dəfə hədəf alıb:

“Heç bir döyüş əməliyyatı getməyən və cəbhədən kənarda olan Bərdə şəhəri beynəlxalq razılaşmalarla qadağan edilmiş “kasetli” raketlərlə hücuma məruz qaldı. Bu hadisə sübut edir ki, Ermənistanla heç bir razılaşma və danışıqlar yolu ilə problemi həll etmək mümkün deyil. Bu insanlar dialoqdan, kompromisdən və sülhdən ancaq öz məkirli niyyətləri üçün istifadə etmək istəyirlər. Biz AĞ Partiya olaraq dövlət səviyyəsində terrorla məşğul olan Ermənistanı və onun cinayətkar siyasi və hərbi rəhbərliyini lənətləyir və beynəlxalq aləmdən bu terror aktına laqeyd qalmamağa və adekvat reaksiya sərgiləməyə çağırırıq. Eyni zamanda Azərbaycan rəhbərliyindən Ermənistanla olan bütün danışıqları dərhal dayandırmağı və günahsız qətlə yetirilmiş vətəndaşlarımızın qisasının artıqlamasıyla alınması istiqamətində təxirəsalınmaz fəaliyyətə keçməsini tələb edirik”. 

Millət vəkili Anar Məmmədov da “Şərq”ə vurğulayıb ki, Ermənistanın faşist xislətli rejimi “ənənəsinə” sadiq qalaraq çirkin simasını göstərir. Bununla da Ermənistan öz əməlləri ilə bir daha sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə təsdiqləyir:

“Ermənistanın terror aktları sadəcə Azərbaycan deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyidir. Region dövlətləri tərəfindən bu reallıq aydın dərk edilməlidir.

Qonşu ölkələr anlamalıdırlar ki, davamlı şəkildə onlara ərazi iddiaları irəli sürən, ərazisində terror təşkilatları yerləşdirən Ermənistan bölgə üçün böyük təhlükədir.

Region dövlətləri, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar mülki şəxslərə qarşı törədilən bu soyqırımı görməzdən gəlməməli, bəşəri cinayətə dur deməlidir. Azərbaycanın haqq işini tam dəstəkləməli və terrorçu Ermənistana təzyiq göstərməklə onun neytrallaşdırılmasına nail olmalıdırlar.

Çünki sülhü və təhlükəsizliyi təmin etməyin yeganə yolu işğalçıya lazımı qiymətin verilməsidir. Dünya da görür ki, Azərbaycan Ordusu dinc əhaliyə bir güllə, mərmi belə atmır.

Azərbaycan döyüşçüləri yad torpaqlarda deyil, öz qədim yurdunda erməni terrorçularına qarşı savaşır. Artıq xalqın səbri tükənib. Ermənilərin illərlə xalqımıza qarşı törətdikləri bu qanlı cinayətlərin hesabının verilməsinin zamanı çatıb. İndi haqq-ədalətin öz yerini tutacağı zamandır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu