Azərbaycan hər ötən gün zəfərə yaxınlaşır 

Nejat Aday: "Heç bir dünya gücü Azərbaycanın ədaləti bərpa etməsinə əngəl törədə bilməyəcək"

Azərbaycanın haqq səsi artıq dünyanın əksər ölkələrində, daha dəqiq desək, ədalətin hökm sürdüyü bütün nöqtələrdə eşidilir. Əlbəttə, belə tərəflərdən ən birincisi, məhz qardaş Türkiyədir. Bir aydır ki, yəni müharibənin ilk günündən etibarən Türkiyədə ziyalılardan tutmuş, yeniyetmələrə, uşaqlaradək hər kəsin ürəyi bizimlə döyünür. Onlar əllərindən gəldikləri qədər bizə mənəvi dəstək verir, ədalətli qələbəmizin təmin ediləcəyini səbirsizliklə gözləyirlər.


 İstanbul Fatih Sultan Mehmet Universitetinin Hüquq fakültəsinin müəllimi Nejat Aday da belələrindəndir. O, Dağlıq Qarabağ müharibəsi barədə fikirlərini “Sherg.az”la bölüşüb. O, məsələnin hüquqi yolla həllini görmədiyini deyib: 

“Mənim nəslim 1864-cü ildə Qafqazdan Türkiyəyə gəlib. Ona görə Qafqazı özümə vətən olaraq bilirəm. İndiki məqamda hüququn deyəcəyi bir şey yoxdur. Gəlin, sizə bir əhvalat danışım. Birinci Dünya müharibəsində məğlub tərəflər arasında ən pis vəziyyətə düşən Türkiyə idi. İstanbul ingilis əsgərlərinin çəkmələri altında tapdanırdı. Belə bir vaxtda ingilis kilsəsi islam alimindən altı yüz kəlmə ilə cavab verilə biləcək  altı sual soruşur. Alim bu sualların səmimi olmadığını anlayıb cavab verir: “Altı yüz kəlmə ilə deyil, altı kəlmə ilə də deyil, hətta bir kəlmə də deyil, bəlkə, bir tüpürcəklə cavab verərəm. Çünki dövlətiniz ayağınızı boğazımıza qədər basdığı vaxtda, onun kahininin sualına qarşı üzünə tüpürmək lazımdır”.

Bu hadisəni təsadüfi olaraq xatırlamadım. Torpaqları otuz ilə yaxındır işğal altında olan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək naminə başlatdığı şanlı mübarizəni kölgə altına salmaqdan ötrü hüquqi əsasların tələb edilməsi, zalım və haqsız olan Ermənistanın mülki əhalini, o cümlədən uşaqları raket atəşinə tutmasına səssiz qalmaları qarşılığında işğalçının havadarına nəinki cavab vermək, üzlərinə tüpürmək belə, yaxşılıq olar.

Əlbəttə, Azərbaycan haqlı savaşı uğurla sona çatdırmaq üçün beynəlxalq münasibətlərdə, diplomatik və hüquqi cəbhədə bütün addımları atmağa hazırdır. Amma biz Dağlıq Qarabağda baş verən hadisələri hüquqi zəmində müzakirə etməkdən əlavə, reallığı başa düşməliyik: çünki indi məhkəməni quran da, hökmü verən də, şikayətçi də eyni tərəfdir”.

 N. Aday iki dövlətlə, bir millətin yenilməzliyindən də danışıb:

“Birinci Dünya müharibəsindən sonra Ənvər Paşa və silahdaşlarının zamanın ruhunu tam anlamadan, səmimi olsa da, xəyalpərəstliyi ucbatından uğurla yekunlaşmayan əməliyyatı başlatmalarından bir il əsr ötür. Yüz il sonra qismət bu əziz millətin qarşısına heç gözlənilməyən fürsətlər çıxarıb. Böyük bir ərazidə eyni dili danışan, eyni dinə sığınan ulu millətin, irqçiliklə heç əlaqəsi olmayan həyəcanla haqq uğrunda irəliləməsinə yol açılıb. Dil və mədəniyyət baxımından böyük bir millətin hissəsi olduğunu heç vaxt unutmayan Azərbaycan türkləri  vaxtı ilə lazımi maddi və texniki dəstəkdən məhrum olduqları üçün geri qaytara bilmədikləri vətən torpaqlarına otuz il sonra qayıtmaqdadırlar - bu dəfə həm öz güclərini səfərbər edərək, həm də Türkiyənin mənəvi dəstəyi ilə. Beləliklə, anasının ağ südü qədər halal olan vətən torpaqlarını Azərbaycan bir-bir geri qaytarır. Bununla həm də Türkiyə ilə Azərbaycan arasında dünyanın heç gözləmədiyi qardaşlıq, dostluq, əməkdaşlıq ruhu yenidən oyanıb. Bu oyanış türk düşmənlərini qorxudub, onların narahatlığına səbəb olub. İndi əsas məsələ aşılan böyük maneələrin, qət edilən məsafələrin siyasi yolla itirilməməsi, iki ölkə arasındakı dostluğun sarsılmadan davam etməsidir. Bu olduğu müddət ərzində heç bir dünya gücü Azərbaycanın ədaləti bərpa etməsinə əngəl törədə bilməyəcək”.

O, həmçinin Türkiyənin daim yanımızda olacağını deyib:

“Dünyanın həm Türkiyəyə, həm də Azərbaycana “bir-birinizdən qopmasanız, sizə sanksiyalar tətbiq edərik” deyə təhdidlər yağdırması təsadüfi deyil. Nə yaxşı ki, prezidentlər İlham Əliyevlə, Rəcəb Tayyib Ərdoğan onlara lazımi cavabı verirlər. Nə Minsk qrupu, nə də vasitəçilərdən biri olan Rusiyadan bizə xeyir gəlməz. Biləyimizin gücü, birliyimizin sarsılmazlığı ilə onların boynunu əyə bilərik.

Ermənilər atəşkəsi daim pozacaqlar. Çünki onların mülki əhalini hədəfə almalarına dair Qərb mətbuatı heç nə yazmadığı halda, Ermənistanın hansısa şəhərinə düşəcək tək bir güllə bütün Avropanı ayağa qaldıracaq. “Türklər yenidən soyqırım törədir” iddiaları səslənəcək. Dövlət rəsmiləri bunu yaxşı başa düşürlər. Ona görə də Qarabağ istisna olmaqla, heç yerə əks-həmlə etmirlər.

Biz dualarımızla, səmimi dəstəyimizlə Azərbaycanın arxasındayıq. Arxasında olmağa da davam edəcəyik. Hər ötən gün zəfər daha da yaxınlaşır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu