“REAL TV”-də “Mirşahinin vaxtı”

Artıq bir ilə yaxınlaşır ki, koronavirus problem ilə bağlı olaraq hər birimizin əhatə dairəmiz, ictimai münasibət mühitimiz xeyli daralıb. Hər kəsin əlacı daha çox iş yerindəki əməkdaşlarla görüşə, sevinci, kədəri onlarla bölüşməyə qalıb. Bu sətirlərin müəlliflərinin bəxti onda gətirib ki, Bakı Dövlət Universiteti kimi çoxminli kollektivə malik  olan bir elm və tədris müəssisəsinin ən azı beş yüz ailəsinə məxsus yaşayış binalarındayıq  və hər axşam bu binaların həyətində yığışıb bu günün Vətən müharibəsi cəbhəsindən gələn qələbə xəbərlərini bölüşürük. Birbaşa professor-müəllim heyətindən  ibarət bu elit cəmiyyət  Ali  Baş  Komandanın  rəhbərlik etdiyi ordumuza, Prezidentimizin və ordumuzun ətrafında görünməmiş birlik nümayiş etdirən xalqımıza Tanrı duaları edir.  Və bu BDU müəllimlərinin son dərəcə razı qaldıqları yeni zaman faktlarından  biri Azərbaycan jurnalistləridir. Jurnalistlərimiz tədqiqatçıların indiyədək müəyyənləşdirdikləri media tipalogiyasını-iqtidaryönümlü, müxalifyönümlü və müstəqil mətbuat  bölümünü sonsuz Vətən sevgisilə birləşdirərək Birləşmiş Azərbaycan Jurnalistləri kimi tarixə düşəcək bir abbrevatura  yaratmışlar:
BAJ! Jurnalistlərimiz Vətən müharibəsində qələbə naminə indi bütün digər istiqamətləri təxirə salaraq yalnız dövlətimizə, ordumuza, xalqımıza dayaq kimi müqəddəs bir prinsip yolunu tutmuşlar. Bu yol birdən-birəmi yarandı?  Yox, bu yolun uzun bir  başlanğıcı da var. Klassik publisistikamızın Zardabi, Rəsulzadə, Mirzə Cəlil, Üzeyir bəy kimi neçə-neçə ustad nümayəndəsinin yaradıcılıq məktəbi bu gün yenidən kara gəldi və son illər Jurnalistikamızda Qərb “prinsiplərinin” –saxta azad söz düşüncəsinin bəzi dairələrdə israrlı təbliğatını qırdı və klassikadan güc alan mətbuatımız hər şeydən öncə Vətən, hər şeydən öncə torpaq, hər şeydən öncə dövlətçilik kimi milli maraqları önə çəkdi. Azərbaycanın bütün media sisteminə və onun əməkdaşlarına bu birlik münasibətilə xalqımız, ictimai rəy öz qiymətini verməkdədir. Amma etiraf edək ki, dövlətçilik, azərbaycançılıq və bu milli ideallara qarşı çıxan qüvvələrlə  mübarizədə mediamızın ayrıca bir Mirşahin məktəbi də mövcuddur. Bu məktəbin yaradıcısı Mirşahin Ağayev hələ birinci Qarabağ savaşında cəbhənin ən qaynar,təhlükəli istiqamətlərində döyüşçülərimizlə birgə olmuş, hərbi jurnalistikanın müharibə dövründə necə davranmalı olduğunu əyani şəkildə-öz fəaliyyətində göstərmişdir. Heç də təəccüblü deyil ki, biz Mirşahini faşist Ermənistana qarşı apardığımız ikinci Qarabağ müharibəsində  də ön cəbhədə görürük.

“Real TV” kimi bir telekanalın hələ internet formatından  hiss etmişdik ki, bu televiziya günün birində mütləq mükəmməl bir yerüstü kanal olacaq və biz onun efirində dövlətçiliyimizi canla-başla qoruyan proqramlara baxacağıq.

Qəribədir, “Real TV”-nin yararadıcısı və rəhbəri  jurnalist Mirşahin Ağayev bu televiziyanın efirə çıxdığı ilk günlərdən onu azərbaycançılığın, dövlətçiliyin əsl müdafiəçisinə çevrilməklə, sanki bu günkü Vətən müharibəsinə bir prelüdiya mərhələsi başlamışdı. O mərhələni Mirşahin və onun televiziyası cəsarətlə keçdi. “Cəsarət” sözünü ona görə işlədirik ki, Mirşahinin və onun komandasının azərbaycançılıq, dövlətçilik , milli maraqlar uğrunda açıq idealoji mübarizəsi bəzi qüvvələrin ciddi müqaviməti ilə də üzləşirdi. Həmin qüvvələr nəzərə almırdılar ki, zaman dəyişir və dəyişən  zaman jurnalistikaya tamamilə yeni baxış tələb edir. “Real” ın efirində  Mirşahin hər tərəfdən  bədxahların müqavimətinə rast gələn müstəqil Azərbaycan dövlətçiliyini  açıq idealoji aspektdə müdafiə edirdisə, bunu ancaq alqışlamaq olardı. Alqışlayanlar çox idi, amma onu bəyənməyənlər də var idi ki, bu Böyük Vətən Müharibəsi dönəmində onlarda bu peşəkar, ustad jurnalistin uzaqgörənliyini qəbul etməkdədirlər.

          Mirşahin peşəkar jurnalistdir, ustad səviyyəsində peşəkardır. Bu yazının müəlliflərinin hər ikisi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Mirşahinin müəllimləri olmuşlar.

Mirşahin elə  tələbəlik illərindən yüksək savada, dönməz vətəndaşlıq ləyaqətinə sahibdir. Onun dünya ədəbi düşüncəsinə nə qədər mükəmməl sahib olduğu, milli düşüncəyə nə qədər sadiq olduğu təkcə Şirməmməd Hüseynovla efirə çıxdığı və bu gün də tariximiz üçün yadigar saxladığı müsahibələrindən bəllidir. Onun informasiyaya, fakta dəqiq münasibətini Ümummilli Liderimiz Heydər Əliyev ABŞ-ın Klivlend xəstəxanasından yalnız ona zəng edib, “Mirşahin, mən sənə çox inanıram, tamaşaçılar sənə çox inanır, sən xəbər ver ki, mən sağ-salamatam və bu günlərdə Vətənə qayıdacam”-kimi bir arxayınçılığında öz əksini tapmışdı. Onun savadını və peşəkarlığını, milli maraqlarımıza xidmətini yaxşı bildiyindən idi ki, bu gün dünyanın ünlü TV kanallarına saysız müsahibələr verən  Ali Baş Komandan İlham Əliyev bir Prezident kimi ən vacib müsahibələrini məhz Mirşahinə verirdi.

Mirşahin jurnalistikada çoxdanın ustadıdır. Onun ANS-dəki bir proqram formatına verdiyi ada diqqət edin “Milli METR”. Bu sərlövhə Mirşahin düşüncəsinin əlçatmaz faktıdır. “Milli metr”-yəni, “milli ustad”. Bu sərlövhədəki söz oyunu bir tərəfdən peşəkarlıq , digər tərəfdən savad faktı kimi qiymətləndirilə bilər. Hardan gəlir bu düşüncə? Sadə bir cavab var;  Mirşahin çox böyük mütaliə sahibidir. O, hər an, hər gün yeni dünyanın yeni hadisələrini-ədəbi-bədii , elmi, fəlsəfi hadisələrini gözə alan sənətkardır. “Sənətkardır” ona görə ki, bu yerdə “peşəkar” epiteti öz yerini dəyişir.

AzTV-nin maraqlı bir proqramında onun jurnalistikaya, bitirdiyi Universitetə aid bir fikri diqqətimizi çəkir:  “Jurnalistika fakültəsi yeganə bir fakültədir ki, oranı heç vaxt bitirmirsən. Hər dəfə o fakültəyə yolun düşəndə sanki yenidən imtahan verməyə, keçmiş müəllimlərinin qarşısında nəyə qadir olduğunun hesabatını verməyə gəlirsən.”

Əzizimiz  Mirşahin, sənin hesabatın bu çətin günlər üçün yaratdığın “Real TV”-nin efiridir, sənin  hesabatın bu televiziyaya topladığın  vətənsevər jurnalistlərdir, sənin hesabatın dünənin, bu günün cəbhə xəttindən hazırladığın reportajlardır, sənin hesabatın Azərbaycan dövlətçiliyinə olan qırılmaz sədaqətindir və nəhayət, sənin hesabatın hər bazar günü axşam saatında efirə çıxardığın “Mirşahinin vaxtı” proqramıdır.

”Mirşahinin vaxtı”  Azərbaycan teleməkanında son dərəcə orijinal, həftənin mühüm siyasi, ictimai hadisələrinin peşəkarcasına interpretasiyasıdır. Proqramın yaradıcısı və aparıcısı Mirşahin heç də hər hadisəyə deyil, yalnız dövlətçilik prinsiplərinə bağlı məsələləri gündəmə gətirir. Bu proqramda tamaşaçı ilk növbədə Azərbaycan Prezidentinin həftə fəaliyyətinin aydın panoramını görür. Bu, sadəcə videopanoram deyil, müəllif bu formatda Prezidentin xalq yolunda, ölkəmizin inkişafı yolunda  apardığı gərgin fəaliyyətini elə xalqın özünün aydın dilində təhlilə cəlb etməkdədir. Bu proqramda dəfələrlə şahidi olmuşuq ki, Prezident eksklüziv müsahibələrini daha çox Mirşahinə arxayın olur. Niyə?  Çünki Mirşahin Jurnalistikaya gəldiyi andan özünün fakta dəqiq, balanslı, qərəzsiz, vicdanlı münasibəti ilə ən yüksək eşalonda oturan məmurdan tutmuş adi vətəndaşadək, ən sensasion xəbərdən tutmuş sıravi xəbərədək hər zaman özünün peşəkarlıq xarakterinə sadiq qalmışdır. O, özünün telefilmlərində  də bu xarakterini  qoruyub saxlayır. Mirşahin mülayim, sakit təbiətli, müsahibini təmkinlə dinləyən, ancaq ondan istədiyini alan jurnalistdir. Onu bircə yerdə sərt, çılğın, bağışlamaz kimi görürük:  Vətən, Azərbaycan, dövlətçilik mövzularında. Oun lap bu yaxınlarda  “Real” ın efirinə çıxarılan və digər  TV kanallarımızda da gördüyümüz “Xainlər” telefilmini xatırlayın. Filmdə Vətəni xarici havadarlarından aldığı dollara satan xainlər Mirşahinin dəqiq faktları ilə sona qədər ifşa olunur və...o filmin bütün üslubunda müəllifin düşmənə qarşı sərt ifadələri  geniş yer alır.

Beləcə “Mirşahinin vaxtı” nda mütəmadi ifşa hədəfinə çevrilən antiazərbaycanlı ünsürlər proqram müəllifinin hər dəfə kəşf etdiyi tamamilə yeni leksikonlarla rastlaşırlar.

“Mirşahinin vaxtı”  nda  onun ifşa hədəflərinin - Azərbaycanın mövcudluğuna təhdid yaradanların nə qədər təhlükəli olduğunu bir sıra hallarda axıradək qiymətləndirə bilməyənlər də oldu. O adamların bir çoxu yəqin bu gün apardığımız Vətən savaşı zamanı Mirşahinin həqiqət olduğunu başa düşdü.

Vətən müharibəsinin ikinci ayına qədəm qoymuşuq. Qələbə sevincini yaşamayan bir kəsimiz qalmadı. Amma bu qələbənin nəyin bahasına başa gəldiyini Ali Baş Komandan hər dəfə xalqa müraciətində aydın faktlarla ortaya qoyur.Sonra biz Prezidentin xalqa müraciətlərini “Mirşahinin vaxtında” müəllifin təhlillərində görürük.

Mirşahin öz iş otağında  oturub göstəriş verən məmur deyil. O, “Real TV”-nin həm də ən fəal müxbiridir. Biz onu cəbhə bölgəsində güllə təhlükəsi altında gecəli-gündüzlü cəbhədən reportajlar hazırlayan Kamil Eldaroğlunun, Mahir Məmmədlinin, İlqar Mikayıloğlunun yanında görürük. Biz onu bir reportyor kimi az qala hər gün cəbhə xəttində, şanlı döyüşçülərimizlə bir yerdə görürük. Mirşahinin hərbi jyrnalistika məktəbinin cəsarətli və istedadlı jurnalistləri- Kamil, Mahir, İlqar Mirşahinə yaraşan repartyorlar kimi öz fəaliyyətləri ilə bu gün tarix yazmaqdadırlar.

Mirşahin televiziyadakı rəhbərliyindən cəbhə xəttinə səfərlərilə aralı düşməkdən heç vaxt narahat olmur. Belə anlarda onun “Real TV”-yə cəlb etdiyi Səbinə Ağayeva, Samirə Səfərəliyeva, Kamran Qasımov, Lalə Nurəddinqızı ...kimi Vətəni və peşəni canı qədər sevən əməkdaşları Mirşahini nigəran qalmağa qoymurlar. O da iş yerindən arxayın şəkildə cəbhə xəttində əsgərlərimizlə bir yerdə olmaqdan qürur duyur.

Biz yuxarıda jurnalistikamızda “Mirşahin məktəbi” kimi məsuliyyətli bir ifadə işlətdik. Biz bu məsuliyyəti dərk edərək bir daha vurğulayırıq ki, media mühitimizdə belə bir məktəb çoxdan formalaşıb. Mirşahin məktəbi iki istiqamət kəsb edir: birincisi, bu məktəb  azərbaycançılıq, dövlətçilik, milli maraqlar prinsiplərinə peşəkar yanaşma, ikincisi, gənc jurnalistlərə peşənin sirlərini öyrədən birbaşa məktəb. Biz bu məktəbin birinci aspektinə yuxarıda az-çox toxunduq. İkinci istiqamət- “birbaşa məktəb” anlayışı Mirşahinin zaman –zaman  hazırladığı, işə cəlb etdiyi gənc jurnalistlərə bağlıdır. Mirşahin, bəlkə teleməkanımızda yeganə telejurnalist, yeganə telerəhbərdir ki, keçmiş ANS-də də, bu günkü “Real TV”-də də bir vaxtlar özünün təhsil aldığı BDU-nun Jurnalistika fakültəsinin tələbələrindən seçim edir. Bu seçim anında onun üçün tələbənin neçənci kursda oxuması vacib deyil, təki çoxtərəfli savadı olsun. Keçmişə qayıtmırıq, təkcə bu gün Mirşahinin  bu fakültədən “Real TV”-yə əvvəlcə təcrübəyə cəlb etdiyi, amma tezliklə ştat cədvəlinə keçirdiyi tələbə-jurnalistlərə diqqət edək; Elcan Məmmədov (III kursdan), Novruz Harun ( III kursdan), Ruxsarə Babayeva (III kursdan), Aybəniz Məhərrəmova (III kursdan)- bu gün həm tələbə, həm də peşəkar jurnalistlərdir. Deməli, Jurnalistika fakültəsində nəzəri, Mirşahin məktəbində praktika öz bəhrəsini verməkdədir.

Qayıdaq “Mirşahinin vaxtı” na. “Mirşahinin vaxtı” ötən bazar günündəki buraxılışında da həmişə olduğu kimi həftənin panoramını təhlil etdi. Proqramın kontekstində uyğun bir faktı xüsusi vurğulamaq istərdik: Latviyalı fotojurnalistin Xankəndindəki görüşləri və bu görüşlər kontekstində Ermənistanın yalan, saxta informasiyalarını dəqiq faktlarla ifşa etməsi.

Həmin buraxılışda bir fakt da tamaşaçını heyrətə saldı. Özümüzdəki internet televiziyalarından birinin ermənilərə xidməti və bu ağır Vətən müharibəsi çağında onlarla iş birliyi. Əlbəttə, Mişahin burada Azərbaycan media mühitində öz obyektivliyi və cəsarəti, peşəkarlığı ilə xüsusi rəğbət qazanmış “Qafqaz.info” saytının dərc etdiyi bir materialın təhlilini verdi. Amma etiraf edək ki, belə bir material arxada “Real TV”-nin təqdimatından sonra daha populyar oldu.

Beləliklə, bir daha təkrar edirik ki, “Real TV”-nin bütün fəaliyyət tematikası bu gün Azərbaycan gerçəkliyi üçün hava və su kimi lazım olan milli maraqlar üzərində qurulmuşdur və bu geniş, gərəkli tematikanın peşəkarcasına ifadəsində “Mirşahinin vaxtı” kimi mükəmməl bir teleproqram formatı çox səmərəli rol oynamaqdadır.

Biz “Mirşahin vaxtı”nda Azərbaycan gerçəkliyinin daha bir qürurverici faktının şahidi olduq: Azərbaycan hərbi sənayə kompleksi indi özünün istehsal etdiyi silah-sursatla müzəffər ordumuzu təmin etməkdədir. Bu da onun-bunun qapısında silah dilənən Ermənistana bizdən yeni bir göz dağıdır.

 Nizami Cəfərov, akademik;

Cahangir Məmmədli, professor

Paylaş

Bizi Facebookda izləyin
menu
menu