"Amnesty International" erməni vəhşiliyini təsdiqlədi ! - “Səfər edib, həqiqəti öz gözləri ilə gördülər”

“Bu qurumlar mülki əhalimizin qətlində qadağan edilən silahlardan istifadə olunması faktını təsdiq ediblər”

“Amma yenə də açıq və dəqiq münasibət bildirmirlər. Sadəcə deyirlər ki, doğrudan da bu fakt olub və belə vəhşiliklər baş verib”

“Onlar işğala açıq münasibət bildirməli, etiraz etməlidirlər”


"Amnesty International" Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Bu barədə təşkilat açıqlama yayıb. 
“Oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə "Smerç" raketləri atılıb və bu, xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu bildirib ki, azı 21 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb"- deyə məlumatda qeyd olunub. Açıqlamada qeyd olunub ki, "Amnesty International"ın böhrana cavab mütəxəssisləri, şəkillərə əsasən, şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerç" raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiqləyib:


"Kasetli raketlərdən mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur".
Təşkilat qeyd edib ki, kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır”.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers bildirib ki, hər iki tərəfi kasetli silahların istifadəsindən çəkinməyə və mülki şəxslərin müdafiəsinə üstünlük verməyə çağırırıq".

"Amnesty International" təşkilatının Bərdədəki terror hadisəsi barədə bəyanatı haqq səsimizin dünyaya çatdırılması istiqamətində gördüyümüz işlərin qismən də olsa effektivliyindən xəbər verir. 

Təşkilatın verdiyi bəyanatla bağlı “Sherg.az”a danışan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti  Rauf  Zeyninin sözlərinə görə, Azərbaycan 30 ildir ki, torpaqlarının mənfur düşmənin işğalı altında olması ilə mübarizə aparır.

Bu illər ərzində qeyri-hökumət təşkilatı və vətəndaş cəmiyyəti olaraq ədalətsizlik, ölkəmizə qarşı işğalçılıq siyasəti, BMT-nin qətnamələrinin icra olunmaması ilə bağlı müxtəlif  bəyanatlar vermişik:

“İndi də bu bəynataları verməyə davam edirik. Son günlər döyüş bölgəsində torpaqlarımızın işğaldan azad edilməsi, ordumuzun uğurlu əməliyyatları, ermənilərin məğlubiyyəti onları daha da vəhşiləşdirdi.

Ermənistan rəhbərliyi getdikcə azğınlaşır və öz mahiyyətini ortaya qoyur. Əvvəlcə Gəncə, Tərtər, son olaraq da Bərdədə mülki əhalini atəşə tutmaqla qadağan edilmiş raketlərdən istifadə edirlər.

Bu hadisələr baş verəndən sonra Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevin təşəbbüsü ilə diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatlar həmin bölgələrə səfər etdilər və həqiqətləri öz gözləri ilə gördülər. Bundan sonra beynəlxalq qurumlar vəziyyətin nə dərəcədə ağır olduğunu gördülər”.

Beynəlxalq təşkilatlara saysız-hesabsız bəyanatlar gödərildiyini söyləyən R.Zeyni vurğulayıb ki, bu qurumlar sadəcə olaraq mülki əhalimizin qətlində qadağan edilən silahlardan istifadə olunması faktını təsdiq ediblər:

“Bu təşkilatlar yenə də açıq və dəqiq münasibət bildirmirlər. Sadəcə deyirlər ki, doğrudan da bu fakt olub və belə vəhşiliklər baş verib. Lakin beynəlxalq qurumlar işğala açıq münasibət bildirməli, etiraz etməlidirlər.

Biz də o istiqamətdə iş aparmalıyıq ki, təşkilatlar təkcə terror faktını təsdiq etməsinlər, həm də baş verənlərə etirazlarını bildirib effektiv iş görsünlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu