Yurda qayıdış ! - “Ən vacibi orada dövlət qurumlarının koordinasiyalı fəaliyyətidir”

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb. Eyni zamanda, müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a sözügedən fərmanın əhəmiyyətindən danışıb:

 “Bildiyiniz kimi, həmin torpaqlar uzun illər təyinatı üzrə yox, hərbi məqsədlər üçün istifadə edilib. İnfrastruktur sıradan çıxarılıb. Ərazilərdə minalar, təyinatı bəlli olmayan sığınacaq və tunellər var.

Kimyəvi xarakterli təhlükələrlə mübarizə, mənəvi irsin yenidən siyahıya alınması da çox mühüm məsələdir. Bu problemləri həll etmək, həmçinin ictimai təhlükəsizliyi təmin etmək lazımdır.

Çünki bundan sonra da müxtəlif təxribatlar, çaxnaşma yaratmaq cəhdləri istisna deyil. Ən vacib məqamlardan biri də torpaqların istifadə yararlığının təmin edilməsi və bütün dövlət qurumlarının koordinasiyalı fəaliyyətidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu