"Real" beynəlxalq təşkilatlarla real iş qurur

Natiq Cəfərli: "Haqq və hüquq bizimlədi"

"Amnesty International"  və "Human Rights Watch" kimi beynəlxalq nüfuzlu təşkilatlar Ermənistanın təcavüzü, kaset bombalardan istifadə etməsi, Bərdədə mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı obyektiv məlumat və hesabatlar dərc etdi. Bildiyimiz kimi, bunlar kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlardır. Təbii ki, əksər dünya mediası və beynəlxalq qurumlar bu hesabatlara istinad edirlər. Hətta BMT, Avropa Şurası, Avropa Birliyi həmişə hesabatlarında bu nüfuzlu təşkilatın hesabatlarına əsaslanır. Bu hesabatların ərsəyə gəlməsində təbii ki, çox insanın əməyi keçib. Bizim Real Partiyasının da rolu olub". 

Bu sözləri Real Partiyasının təmsilçisi Natiq Cəfərli deyib. O vurğulayıb ki, bunun sayəsində indi beynəlxalq aləmdə bir istinad nöqtəsi yaranacaq:

"Yəni bizim həqiqətləri danışmağımız başqa bir məsələdir. Amma bu tipli çox nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın təcavüzü, insanların öldürülməsi və qadağan olunmuş silahların istifadə olunması ilə bağlı hesabatları dünya mediası, o cümlədən beynəlxalq təşkilatlar üçün də əsas istinad nöqtəsinə çevriləcək. Bu çox böyük uğurlu addımdır.

Düşünürəm ki, bunun ardı da olmalıdır. Çünki haqlı tərəf bizik.  Beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz ancaq öz torpaqlarımızın işğaldan azad olunması ilə məşğuluq, yalnız öz ərazimizdə təmizləmə əməliyyatı aparırıq. Bu da beynəlxalq hüquqla tam haqqımızdır. Amma onlardan fərqli olaraq, bizim sivil insanlarımız hədəfə gəlir.

Həm Gəncədə, həm də Bərdədə mülki vətəndaşlarımız öldü. Yəni bu, Ermənistanın nə qədər terror aktları törədə biləcək bir dövlət olduğunu  dünyaya göstərmək üçün çox yaxşı platformadır.

Haqq və hüquq bizimlədi, bunu dünyaya çatdırmaq üçün daha açıq olmalıyıq. Ordumuzun qələbələrini beynəlxalq aləmdə həm diplomatik, həm mediatik üstünlüyə çevirməliyik!". 

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu