Qarabağ "düyünü"nün açımında ikili mexanizm mövcuddur

Rusiya Türkiyəni gözardı edə bilməz

"Reallıq ondan ibarətdir ki, artıq Türkiyənin Cənubi Qafqazda mövcudluğu faktoru ilə barışmaq lazımdır"

Döyüşdə əldə olunan zəfərlər masa arxasında, diplomatiyada da dövlətin mövqeyini qüvvətləndirir. Azərbaycanın qələbələri və Türkiyənin qətiyyətli mövqeyi vadar etdi ki, Rusiya məsələyə müəyyən qədər daha konstruktiv yanaşsın. Erməni tərəfi təktərəfli şəkildə Türkiyəni danışıqlar masasından, münaqişənin siyasi həllindən uzaqlaşdırmaq istəyirdi. Hətta 90-cı illərdə belə, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmaması, eyni zamanda onun vasitəçilik təkliflərinin puça çıxarılmasının əsas səbəbkarı məhz Ermənistan idi. Amma bu gün artıq dünya birliyi, eyni zamanda regional dövlətlər başa düşürlər ki, Türkiyənin iştirakı olmadan regionda problemləri həll etmək müşkül məsələdir.

Çünki Türkiyə həqiqətən də regionda söz sahibidr. Ermənistan isə danışıqlar prosesində özünə münasib olan dövlətlərin, o cümlədən Fransanın, Rusiyanın, ABŞ-ın qalmasını istəyirdi. Amma halbuki, bu dövlətlər uzun zamandır, xüsusilə də Fransa bu münaqişənin həllinə neytral yanaşmayıb, status-kvonun saxlanılmasında maraqlı olub.

Lakin Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi artıq status-kvo yoxdur. Status-kvo döyüşdə dəyişdi. 30 il ərzində Ermənistan üzərində təzyiq və təsir mexanizmləri qoymayıblar. Yəni təkcə danışıqlarla bu münaqişəni həll etmək çətin olacaq. Gərək, eyni zamanda Ermənistana təsir və təzyiq göstərilsin, yeri gələndə sanksiya tətbiq olunsun ki, Ermənistan konstruktiv mövqe sərgiləsin. Bu olmadığı, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan təktərəfli şəkildə məsələni döyüş meydanında həll etmək qərarına gəlir. 

Rusiya Prezidenti Vladimir Putin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında növbəti dəfə Qarabağda gedən hərbi əməliyyatlardan danışıb. Putin bəyan edib ki, hər halda Azərbaycanın Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var: “Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”. Putin hər kəsin öz həqiqəti olduğunu bildirib: “Burda sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü deyirik. Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə tərəflərinin effektiv inkişafına imkan vermir”. Putin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ilkin mərhələdə hərbi əməliyyatları dayandırılmalı və danışıqlar masası arxasına oturmaq lazımdır. Rusiya prezidenti Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasında SSRİ rəhbərliyini də günahlandırıb: “Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının ozamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi”. 
Putin qeyd edib ki, ilk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır: “Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”. 
Rusiya və Türkiyə arasında bəzi məsələlərdə, xüsusən Liviya və Suriya münaqişələrində müəyyən fikir ayrılıqları olsa da, istənilən halda Rusiya Türkiyəni itirmək istəmir. Çünki Türkiyə Rusiya üçün həm iqtisadi, həm də siyasi aspektdən lazımlı dövlətdir. Eyni zamanda da Rusiya Türkiyənin regionda artan gücü ilə artıq hesablaşmalı olur. Bu baxımdan, Rusiya özü də dərk edir ki, Türkiyəsiz artıq Cənubi Qafqazda hər hansı bir məsələnin, o cümlədən Qarabağ münaqişəsinin həlli mümkün olmayacaq. 

Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks” agentliklərinə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə rəsmi Bakı “2+2” formulunu məqbul hesab edir: “Bizim üçün bu məqbul olardı, çünki Türkiyə və Rusiya – bizim qonşularımız, sıx əlaqələrimizin olduğu, öz aralarında yaxşı əməkdaşlıq potensialı olan ölkələrdir”. Dövlət başçısının sözlərinə görə, son illərin tarixinə nəzər salmaq kifayətdir: Türkiyə və Rusiya bir çox məsələlərdə, həm ikitərəfli gündəlikdə, həm regional təhlükəsizlik məsələsində yüksək səviyyədə qarşılıqlı anlaşmaya nail olublar: “Biz bunu həm Suriya, həm Liviya, həm beynəlxalq terrorçuluqla mübarizə ilə əlaqədar məsələlərin həllində görürük, hələ enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələri demirəm. Hətta mən bu eskalasiyadan öncə demişəm ki, biz hər zaman Türkiyə və Rusiyanın yaxınlaşmasını alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Bizim üçün, nəinki bizim, həm də bütün region üçün erməni separatizmi və ekstermizminin əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə və Rusiyanın səylərinin birləşdirilməsi regionun xeyrinə olardı və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllini tezləşdirə bilərdi”. 
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan telefonda Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər. Söhbət zamanı Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişədə gərginliyin azaldılmasına konstruktiv töhfə verə biləcəyinə ümid ifadə edilib. Bir sıra ekspertlər Putin və Ərdoğan arasında müzakirələrin Dağlıq Qarabağ ətrafinda vəziyyətin növbəti səviyyəyə çatdığına işarə olduğunu bildirirlər. Demokratiyaların Müdafiəsi Fondunun Türkiyə proqramlarının direktoru Aykan Erdemir hesab edir ki, Türkiyə və Rusiya arasında müzakirələr həqiqətən də Dağlıq Qarabağın gələcəyi üçün önəmlidir. Çünki Türkiyə Minsk qrupunun 28 ildir münaqişənin nizamlanması istiqamətində mühüm irəliləyiş olmadığını düşünür.

Beləliklə də Ankara yeni bir kanalın açılmasını düşünür: “Ermənistan və Azərbaycan arasında sentyabrın 27-də 1990-cı illərdən bəri ən ciddi hərbi toqquşmalar hesab edilən intensiv hərbi əməliyyatların başladığı vaxtdan Türkiyə və Rusiya münaqişədə qarşı tərəfləri dəstəkləyir. Böyük güc və NATO üzvü olan Türkiyə Azərbaycana siyasi dəstəyini bildirir. Bölgədə dominant oyunçu olan Rusiya Ermənistanın strateji müttəfiqidir. Təhlilçilərin bir hissəsi Rusiya və Türkiyənin Cənubi Qafqazda maraqlarının toqquşmasına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsində Qərbin, xüsusilə də ABŞ-ın qeyri-aktivliyi fonunda diplomatik boşluğu doldura bilməsinin mümkünlüyünü qeyd edir”.

A.Erdemirin bildirdiyinə görə, Moskva və Ankaranın fikirləri üst-üstə düşməsə də, təkcə Suriya deyil, Liviyada da vəziyyətin tənzimlənməsində Rusiya və Türkiyə arasında “ikili mexanizm” mövcuddur: “Hesab edirəm ki, Türkiyə Rusiya ilə Dağlıq Qarabağla da bağlı buna bənzər ikili kanal açmaq istəyir”. Erdemirin fikrincə, Türkiyənin Suriyada vətəndaş müharibəsi və Liviyada davam edən hərbi əməliyyatlara müdaxiləsindən fərqli olaraq, Türkiyə Prezidenti Ərdoğanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyi olduqca geniş ölçüyə malikdir. 
Rusiyalı politoloq, tarix elmləri doktoru Aleksandr Sıtin də bəyan edib ki, ermənilər əlindən gələni edir ki, Rusiyanı bu münaqişəyə cəlb etsin. Bunun üçün də Ermənistan tərəfindən bu və ya digər yollarla Azərbaycan tərəfində, guya, radikal-islamçı terrorçuların döyüşməsi, onların Suriyadan Azərbaycan gəlməsi kimi xəbərlər dövriyyəyə buraxıldı: “Ermənilər yaxşı bilirlər ki, terrorçu məsələsi Rusiya rəhbərliyi üçün olduqca ağrılı mövzudur. Bundan başqa, Rusiyanı münaqişəyə cəlb etmək üçün Ermənistan Türkiyənin münaqişədə iştirakı məsələsini ortalığa atır, öz ərazisinin Azərbaycan tərəfindən atəşə tutulması üçün çoxsaylı cəhdlər edir. Onların məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüquqi mexanizmlərini işə salmaqdır. Əgər açığını desək, məsələ belədir: Rusiya hazırda əlindən gələni edir ki, bu, baş verməsin. Bu günə kimi, bu, həqiqətən də belədir. Lakin burada bir şeyi nəzərə almaq lazımdır. Azərbaycanın qələbəsi həm Türkiyənin, həm də Azərbaycanın regiondakı gücünü artıracaq. Formal olaraq Rusiya bu gün bu məsələdə düzgün mövqe tutub. Mən özüm, Rusiyanın ümumiyyətlə, bu münaqişəyə müdaxiləsinin əleyhinəyəm. Lakin Rusiyanın erməni lobbisi tərəfindən ilhamlanan informasiya siyasəti başqa cür deyir. Onlar Moskvanın bu münaqişəyə müdaxiləsini tələb edirlər. Bu gün Moskva ancaq humanitar əsaslarla münaqişəyə müdaxilə edir. Bəyanatlarında atəşkəsə əməl etməyə, insanların həlak olduğuna işarə vurur”. 

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov “Şərq”ə vurğulayıb ki, Putin Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı bir neçə gün əvvəlki sözlərini təkrarlayır. Rusiya lideri əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasından sonrakı mərhələdə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejimin tətbiq olunmasından danışır. Beləliklə, Rusiya Prezidenti Dağlıq Qarabağın gələcəyi haqqında danışarkən qondarma rejimin müstəqillik istəklərini rədd edir, hətta Dağlıq Qarabağda referendumun keçirilməsi məsələsinə belə toxunmur:

“Bu isə, o deməkdir ki, Rusiya müharibədə status-kvonun dağılması reallığını başa düşərək mövcud reallığı inkar edə bilmir. Vəziyyətin dəyişdiyi vaxtda Rusiya üçün əsas məqsəd hazırda bölgəyə üçüncü dövlətlərin müdaxiləsinə yol verməyərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində təmkin nümayiş etdirməkdir.

Yəni, Moskva Dağlıq Qarabağdakı ermənilərin yalnız və yalnız Azərbaycan sərhədləri çərçivəsində yaşamaları faktını qəbul etmiş olur. Rusiya Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır və artıq status-kvonun olmaması, təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir. Diqqətdən qaçmamalıdır ki, Rusiya Prezidentinin ərazilərin qaytarılması ilə bağlı səsləndirdiyi “5+2” formatı əvvəllər Rusiya xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini tapmışdı. Azərbaycan bu planın böyük bir qismini artıq özü təmin edib.

O ki qaldı Türkiyə məsələsinə, Putin bu məsələdə də Rusiya elitasındakı bir çoxundan fərqli olaraq soyuqqanlılıq nümayiş etdirir. Çünki reallıq ondan ibarətdir ki, artıq Türkiyənin Cənubi Qafqazda mövcudluğu faktoru ilə barışmaq lazımdır. Bütün bunlar onu göstərir ki, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb və dünyanın beynəlxalq hüquqla hesablaşmaqdan başqa yolu yoxdur.

Azərbaycan Prezidentinin apardığı düşünülmüş, strateji siyasət nəticəsində Ermənistanın bütün planları ifşa olunmaqdadır”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu