Bəzi beynəlxalq təşkilatlar "yuxudan ayılıb"

"İkili standartlardan çıxış edən qərəzli təşkilatlar belə Ermənistanın cinayət əməllərini qınamağa başlayıblar"

Əksər vaxtlarda əsassız olaraq Azərbaycanı ittiham edən “Amnesty International” və “Human Right Watch” kimi təşkilatlar nəhayət ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması haqqında danışmağa başlayıblar. İndiki dönəmdə “Amnesty International” və “Human Right Watch” təşkilatlarının Bərdə hadisəsinə obyektiv mövqeyi, ermənilərin müharibə cinayətlərini təsdiqləməsi dünyanın əsl reallıqlarla məlumatlandırılması baxımından olduqca önəmlidir. Məlumdur ki, hər iki təşkilatın Azərbaycana qarşı heç vaxt obyektiv münasibəti olmayıb. İllərdir Ermənistanın cinayətlərinə seyrçi mövqe sərgilənib.

Xüsusilə müharibə başlayan vaxt düşmənin sivil əhaliyə yönəlik cinayətlərinə göz yumulub. Bir aylıq susqunluqdan sonra erməni vəhşiliyini əks etdirən həqiqətlərin bəyan edilməsi təqdir olunmalı bir dəyişiklikdir. “Amnesty International” birmənalı şəkildə Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilatın açıqlamasında qeyd olunub ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Çünki bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır. “Human Right Watch” isə bəyan edib ki, Ermənistan təcili sürətdə klaster silahlarının istifadəsini və ya bunun qondarma Dağlıq Qarabağ qüvvələrinə verilməsini dayandırmalıdır. Beləliklə, hər iki nüfuzlu təşkilatın bu mövqeyi bir daha sübut edir ki, müharibə cinayətləri törədən Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Ermənistanın müharibə cinayətlərinə “Aljazeera”, “Skynews Arabia” və “Al Arabia” kimi tanınmış televiziya kanalları əsl həqiqətləri dünyaya çatırıblar. Beləliklə, Azərbaycana qarşı ədalətsiz yanaşma ilə hörülən tor sökülməyə başlayıb. Ermənilərin sərhəd tanımayan cinayətlərinin “Amnesty International” və “Human Right Watch” təşkilatlarının açıqlamalarında yer alması bunun bariz nümunəsidir. 
İctimaiyyət nümayəndələrinin fikrincə, sözügedən qurumların haqq yolunu tutması Qərbin tanınmış digər təşkilatlarının da hərəkətə gəlib həqiqətlərə yer ayırmasında mühüm rol oynayacaq.

Təşkilatlarda Azərbaycanla bağlı məlumatları “Şərq”ə dəyərləndirən millət vəkili Cavid Osmanov bildirib ki, nüfuzlu beynəlxalq təşkilatların “yuxudan ayılması” müsbət addımdır. Deputatın sözlərinə görə, birbaşa Ermənistanın cinayətkar rəhbərliyinin əmri ilə Azərbaycan şəhərlərinə raket atılması, mülki sakinlərin qətlə yetirilməsi faktlarına göz yummaq qəbuledilməz olardı:

“Ermənistanın cinayətkar addımlarının tanınmış qurumlar çərçivəsində qınanması, pislənməsi çox önəmlidir.

Bu, ilk növbədə dünyada gedən son proseslərin təzahürüdür. Unutmaq lazım deyil ki, diplomatiya sahəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı uğurlara nail olmuşuq. İllər boyu Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən dövlətlər, təşkilatlar tədricən yanaşmalarında dəyişiklik etməyə məcbur qalıblar. Vəziyyət o yerə çatıb ki, hər zaman ikili standartlardan çıxış edən qərəzli təşkilatlar belə Ermənistanın cinayət əməllərini qınamağa başlayıblar.

Əslində ermənilər bir neçə istiqamətdə hərbi cinayət törədib. İlk cinayət cəbhə xəttindən xeyli uzaqda yerləşən ərazilərin, mülki şəxslərin hədəf alınmasıdır. İkinci qanunsuz əməl isə şəhərlərə atılan raketlərə qadağan olunmuş kaset başlıqlarının quraşdırılmasıdır”. 
Parlament üzvü bəyan edib ki, oktyabrın əvvəllərində Gəncə şəhərinə raketlər atıldığı zaman “Amnesty International” və “Human Right Watch” kimi təşkilatlar indiki kimi obyektiv reaksiya verməyiblər: “Hər halda gec də olsa, həqiqətlərin dilə gətirilməsi müsbət qiymətləndirilir. Artıq dünya ictimaiyyəti Ermənistanın terrorçu dövlət olduğunu görməyə başlayır.

Ümid edirik, ədalətli yanaşmanın arxası gələcək. Tələbimiz odur ki, Ermənistanın bəşəri cinayətləri sadəcə hesabatlarda əks olunmaqla qalmasın, eyni zamanda işğalçı və təcavüzkar ölkəyə qarşı sanksiyalar tətbiq olunsun, təzyiqlər göstərilsin”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu