"Uşaq qatillərinə qarşı tədbir görülməlidir"

Rəşad Süleymanov: "Beynəlxalq səviyyəli ekspertlər Azərbaycana çağırılmalı, hüquqi prosedurlar həyata keçirilməlidir"

“Terror və müharibə cinayətləri fərqli anlayışdır. Müharibə cinayəti daha ağır cinayət kimi qəbul edilir və buna görə beynəlxalq tribunal yaradıla bilər”.

Bu sözləri “Şərq”ə açıqlamasında “Azeri Defence” jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov deyib. Ekspert bildirib ki, düşmənin dinc əhalini bombalaması cənab Prezidentin də ifadə etdiyi kimi “müharibə cinayəti”dir: “Terrorizm isə siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır.

Müharibə cinayətləri və onun dərəcələri 1949-cu il Cenevrə Konvensiyasında əksini tapıb. Konvensiyanın 8/2 maddəsində dövlətlərarası müharibələrdə nələrin müharibə cinayətləri sayıla bildiyi göstərilir.

Döyüşlərdə birbaşa iştirak etməyən mülki yaşayış məntəqələri və mülki əhaliyə qarşı qəsdən hücumların həyata keçirilməsi, hərbi olmayan, hərbi məqsəd daşımayan mülki hədəflərə qarşı qəsdən hücumların təşkili, beynəlxalq təşkilatların mülki insanlara yardım göstərən nümayəndələrinə qarşı hücumlar və s. əməllər cinayət tərkiblidir.

Ermənistanın Azərbaycana, dinc əhaliyə qarşı törətdiyi bu hadisələr Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hərbi tribunalın qurulmasına hüquqi əsas verir. Nə qədər gec deyil, bu faktları sənədləşdirmək və öyrənmək üçün beynəlxalq səviyyəli ekspertlər Azərbaycana çağırılmalı, hüquqi prosedurlar həyata keçirilməlidir.

Bu uşaq qatillərinə qarşı tədbirlər görülməzsə, onların gələcəkdə də eyni əməllərə yol verməsi mümkündür”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu