ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir


Təcavüzkar Ermənistan indi də qəsdən Şuşa meşələrini yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir və bölgənin, ümumiyyətlə isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır.

APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, işğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir.

“Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub. Əsasən qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir. Çünki ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir”, - deyə H. Əlizadə qeyd edib.

Nazirlik rəsmisi bu cinayət faktının qarşısının alınması, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu