"Kəndimizin hər daşını, çiçəyini tanıyıram"

Elçin Hüseynbəyli: "Qarış-qarış gəzəcəm, məzarlara baş çəkəcəm" 

"Tək kəndimizi yox, Qarabağı dolanıb, əsələr hazırlamaq, reportajlar yazmaq fikrindəyəm"

Hələ müharibə  bir neçə gündür başlamışdı. Kəndlərimiz, əhəmiyyətli mövqedə yerləşən yüksəkliklərimiz işğaldan azad olunurdu. Elə o vaxtlarda şəhərlərimizdən birinin qurtuluş xəbərini eşitdik. Sevincdən bilmirdik, nə edək? Kimisi küçədə, kimisi evinin balkonunda şadlıq edir, xoşbəxtliyini hayqırırdı. Bir də gözümüz cəbrayıllıları axtarırdı. İstəyirdik ki, onları təbrik edək, sevinclərinə şərik olaq. Deyək ki, siz artıq məcburi köçkün deyilsiniz! Nə xoş ki, bütün bunları etdik. Onlarla danışdıq, həyəcanlarını bölüşdük. 

Bir sözlə, Cəbrayıl böyük zəfərin ayaq səsi oldu. Ardınca Füzulini, Zəngilanı, Qubadlını da gətirdi. İnanırıq ki, Laçın, Ağdam, Kəlbəcər, Şuşa da azadlığına qovuşacaq. Şübhəsiz ki, o günü də görəcəyik... Amma indi söhbət Cəbrayıldan gedir. Sözə də bilərəkdən düşmən əsarətindən qurtulan, mələk adlı şəhərimizdən başladım. Axı həmsöhbətim də cəbrayıllıdır. 

O da doğulub boya-başa çatdığı torpaqlardan ayrı düşən, ürəyində yurd qubarı yaşadan həmvətənlərimizdəndir. Sizi çox gözlətmədən deyim. Müsahibim tanınmış yazıçı, “Ədəbiyyat” qəzetinin baş redaktoru Elçin Hüseynbəylidir. 

Elçin müəllim Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya göz açıb. Orta məktəbi də orada bitirib. Təbii, sonrası məlumdur. Doğma kəndi ermənilər tərəfindən işğal olunub. 

4 oktyabr 2020-ci il tarixində isə şanlı Azərbaycan Ordusu tərəfindən azad edilib. Hər halda o xoş xəbəri eşitdiyi gün Elçin müəllim çox sevinib. Mən həmin xoşbəxtliyi təsvir edə bilmərəm. Ona görə də məhz özünə söz verdik. O da əvvəlcə haqq savaşımızdan danışdı:

- Cəbhədə gedən döyüşləri diqqət və həyəcanla izləyirik. Nəhayət, 27 il sonra Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başladı. Neyləmək olardı? İllərdir beynəlxalq güclər bu məsələni həll etmədilər. Məsələnin siyasi aspektlərindən danışmaq istəmirəm. Amma bir yazıçı kimi deyirəm. Həm də doğulduğum kənd işğaldan azad olunub.  Qarış-qarış gəzib, dolandığım Qarabağ torpağı əsarətdən qurtulmaq üzrədir. Allah ordumuzu, Ali Baş Komandanımızı qorusun. Xalqımızın birliyini bizə çox görməsin. Bu günlərdə heç vaxt olmadığı kimi həmrəyik, birik. Hamımız cəbhə və Qarabağ haqqında düşünürük.

- Doğulduğunuz kəndin azadlıq xəbərini eşidəndə hansı hissləri keçirdiniz? 

- Çox həyəcanlandım. Adam istər-istəməz kövrəlir. Təbii ki, sevincdən irəli gəlir. Çünki bu hisslərin əksini torpaqlarımız işğal olunanda görüb, yaşamışdıq. Onda kədərdən ağlamışdıq. Həmin duyğuları sözlə ifadə etmək çox çətindir. Ona görə ki, içdən gələn, səmimi hisslərdir. 

- Cəbrayıl yaddaşınızda necə qalıb?

 - Ümumiyyətlə, Cəbrayıl özəl bir yer olub. Bənzəri yoxdur. Qutsal bir məkandır. Kəndimizin hər daşını, çiçəyini tanıyıram. Bizim kənddə məşhur olan, müxtəlif yerlər var idi. Məsələn, tək, böyük  tut ağacı vardı. O vaxt  analarımız, bacılarımız tarlada işləyəndən sonra kölgəsində yığışırdılar. Biz də onların yanında oynayırdıq, kömək edirdik. Bir bulağımız vardı, onun  buz kimi suyundan içirdik. Yəni bağlarımız, orada bitən meyvələrimiz, çayda üzən balıqlarımız hamısı doğmadır, sevimlidir. İndi də istərdik ki, o yerlərə qayıdaq. Bilirik ki, oraları ermənilər vəhşicəsinə dağıdıblar. Qalan yerlər də cəngəlliyə çevrilib. Çünki baxımsızlıqdan torpaq küsür, sanki acıq edir. 

- Bəs, doğma yurdunuza qayıdacağınız günü necə xəyal edirsiniz? Hər halda plan da qurmuş olarsınız.

- Bilirəm ki, həyəcanlı və kövrək olacam. Çünki böyüdüyümüz yerləri o cür qoyub gəlməmişik. Gedib darmadağın görəndə üzüləcəyik, bizə təsir edəcək. Ancaq  kəndimizi qarış-qarış gəzəcəm, məzarlara baş çəkəcəm. Tək kəndimizi yox, Qarabağı dolanıb, əsələr hazırlamaq, reportajlar yazmaq fikrindəyəm. 

- Yaxşı vurğuladınız. Mən də bu barədə sual verəcəkdim. Zəfərlərimizin ədəbiyyata təsiri necədir?  Yəqin ki, yeni əsərlər yazılır... 

- Bu günə qədər  Qarabağdan çox yazılıb. Hətta dünya çapında əsərlər də var. Bizi  bədii baxımdan qane etməyənlər də olub. Lakin hesab edirəm ki, bundan sonra tək iqtisadiyyatımızda, siyasətimizdə deyil. Həmçinin ədəbiyyatımızda, incəsənətimizdə də yüksəliş olacaq. İndiyə kimi məğlubiyyət acısını dadmış yazarlar qalibiyyət əsərləri yazmağa çalışırdılar. Amma indi zəfər sevinci ilə daha möhtəşəm əsərlər yaradacaqlar.

- Başqa sözünüz?

- Nə deyim? Ədalətin zəfər çalacağı günü səbirsizliklə gözləyirik. Ordumuzun, xalqımızın, Ali Baş Komandanımızın yanındayıq. Və çox sevincliyik ki, dövlət məmurlarından tutmuş, ən sadə vətəndaşa qədər hamı bir yerdə çalışır. İstəyirik ki, Azərbaycanın haqq səsini dünyaya çatdıraq.
Çalışırıq ki, bütün çətinliklərə sinə gərək. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu