REAKSİYA:"Hərbçilərimizə təhlükə yaradan məlumatlar paylaşılır" – Sirr vermə!

“Bəziləri özlərini hərbi və siyasi ekspert hesab edərək maraqlarımıza zərbə vuracaq məlumatlar paylaşırlar”

“Belə hallar təbii ki, yol verilməzdir. Bununla bağlı bir çox çağırışlar olsa da, onlar yenə əməllərini davam etdirirlər”

Azərbaycanda 1 aydan çoxdur ki, müharibə gedir. Bu, vətən müharibəsidir. Ordumuz ön cəbhədə düşmənlə vuruşur. Vətəndaşlarımız da arxa cəbhədə vətən  üçün əllərindən gələni əsirgəmirlər. Hamı zəfərə gedən yolda inamlı addımlarla, qürurla irəriləyir.

Müasir dövrün tələbi olan informasiya savaşında da əhəmiyyətli uğurlar qazanan Azərbaycan bu gün düşməni bütün platformalarda məğlub edir. Əlbəttə, informasiya cəbhəsində də Prezident İlham Əliyev komandanlıq edir. Prezidentin dünyanın nüfuzlu KİV-lərinə müsahibələri, jurnalistlərin suallarına dolğun və tutarlı cavabları, Ermənistanın məkrli niyyətini faktlarla ortaya qoyması informasiya səngərində də irəlilədiyimizi göstərən başlıca amildir. 
İnformasiya müharibəsində vətəndaşlarımızın da rolu danılmazdır. Bir aydan çoxdur ki, davam edən bu müharibədə bir sıra ekspertlər, sosial şəbəkələrdə aktiv olan insanlar Qarabağ haqqında məlumatları cəmiyyətə təqdim edirlər.Həmçinin ermənilərin "fake news"larını aşkarlayıb onların mənfur xislətlərini dünyaya sübut edirlər. Vətəndaşlarımız arasında heç bir məlumatı olmadan, jurnalistikanın qızıl qaydalarına məhəl qoymadan, həvəskar şəkildə paylaşım edənlər də var. Həmin şəxslər təəssüf ki, bilmədən də olsa, düşmənə sirr verirlər ki, bu da hərbçilərimiz üçün həyati təhlükələr vəd edir. 

Vəziyyəti şərh edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli "Sherg.az"a bildirib ki, cənab Prezidentin dünyanın məşhur kanallarına, nəşrlərinə müsahibələri olmasaydı və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi üçün intellektual potensial ortaya qoyulmasaydı, ölkəmiz bu informasiya müharibəsində geridə qalacaqdı:

"Həm hərbi əməliyyatlarda, həm diplomatik müstəvidə , həm də informasiya müstəvisində bütün prosesə, aparılan mübarizəyə Azərbaycan prezidenti, Ali Baş Komandan  İlham Əliyev rəhbərlik edir. Cənab prezidentin çoxsaylı müsahibələri Azərbaycan haqqında həqiqətlərin bütün dünyaya çatdırılmasına imkan yaradır. Dünyanın ən məşhur və nüfuzlu KİV-lərinin Azərbaycan prezidentindən götürdüyü müsahibələrin hər birində faktoloji olaraq ölkəmizin mövqeyi ortaya qoyulur. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ diqqətə çatdırılır”. 

E.Mirzəbəyli hesab edir ki, Azərbaycan mediasının da bu istiqamətdəki rolunu qiymətləndirmək lazımdır:

“Peşakar media ənənəvi qaydada Azərbaycanın mövqelərini, maraqlarını ortaya qoyur. Ədalətin müdafiəsi ilə bağlı mütəmadi olaraq çıxış edir, ölkəmizin haqq səsinin imkan daxilində dünyaya yayılması üçün çalışır. Hazırda ən böyük problemimiz sosial şəbəkələrdir. Bəzi vətəndaşlarımız özlərini həm hərbi, həm də siyasi ekspert hesab edərək maraqlarımıza zərbə vuracaq məlumatları sosial şəbəkələrdə paylaşırlar. Belə hallar təbii ki, yol verilməzdir. Bununla bağlı bir çox çağırışlar olsa da, onlar yenə əməllərini davam etdirirlər.

Uğur ön cəbhədə döyüşən əsgərlərimizin hesabına qazanılır. Arxa cəbhədə isə mətbuat öz işini görür. Peşəkarlar öz işini qaydalara uyğun görür. Qeyri-peşəkarlar isə yenə də ciddi problemlərə yol verirlər ki, bunu da sonradan kompensasiya etmək üçün müəyyən addımlar atılır”. 

AYTAC ALI

Paylaş

Bizi Facebookda izləyin
menu
menu