"İnsanın başına hava gələr, xoşbəxtlikdən..." - MÜSAHİBƏ

Kəmalə Cahidqızı: "İstədiyim odur ki, gedim Şuşaya, çıxım eyvanımıza və indi mən ermənilərə meydan oxuyum"

"Gördüm, eyvanımızda bir erməni qadını paltar sərir. Ürəyim sıxıldı, halım qarışdı, əməkdaşlarımız dərman verdilər, sakitləşdirdilər. O vaxtdan ürəyimdə sıxıntı qaldı. Elə bil ürəyimi tutub sıxmışdılar və buraxmırdılar. Noyabrın 8-i həmin o sıxıntı getdi. Ürəyim azadlığa çıxdı və hönkür-hönkür ağladım"

"Qızımın arzusu idi ki, Türkiyədə təhsilini davam etdirsin, indi isə Şuşada işləmək istəyir"

"Qurban olum, şəhidlərə. Biz onların haqqını heç nəylə qaytara bilmərik. Amma Şuşa, həqiqətən adına, şərəfinə layiq alındı. Əlbəyaxa döyüşlə alındı"


Şuşa, gözlə bizi! Şuşa biz qayıdırıq! Şuşa bizimdir!.. Sentyabrın 27-dən – Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladığı vaxtdan bu şüarlar dillərin əzbəri, ürəklərin səsi oldu. Füzuli azad edildi, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocəvənd... kəndlərimiz, qəsəbələrimiz... Gözümüz Şuşadaydı. Ürəyimiz Şuşa üçün çırpınırdı. Nəhayət, o gün yetişdi. O xəbər gəldi. Şuşa alındı! Qan bahasına. Azərbaycan əsgərinin qanıyla, canıyla. Son damla qanınadək savaşdı Azərbaycan əsgəri Şuşa üçün.

Və mənfur düşmənin caynağından çəkib aldı Şuşamızı. Vətənə öz ürəyini verdi, düşməninsə ciyərini sökdü. Baş tacını Vətənə qaytardı. İndi Azərbaycan Şuşa adlı tacıyla başını qürurla, vüqarla dik tutub. Və Şuşalılar Şuşaya qayıdır. Döyüş əməliyyatları yeni başlayanda hazırladığım materialda “Şuşalılar” sözünü qrammatik qaydaları pozaraq böyük hərflərlə yazıram. Bilərəkdən”, yazmışdım.

Bundan sonra da, hər zaman belə olacaq. Qrammatik qayda nədir ki, Şuşa və Şuşalılar qarşılığında. İstənilən qaydanı pozmaq olar, hətta pozulmalıdır da məsələ Vətənsə. Həmçinin, istənilən anlaşma, razılaşma, müqavilə... də pozula bilər. Məsələ Vətənsə!

Qayıdaq Şuşalılara. Hazırlaşırlar. Yol tədarükü görürlər. Ürəyini Şuşada qoyub gələnlər qəlblərinə qovuşmağa tələsir. Həmkarımız, professional jurnalist, əslən, lap belə köklü-köməçli Şuşalı olan Kəmalə Cahidqızı da. Bilmirdim, yenilik oldu mənim üçün Kəmalə deyəndə ki, Xurşidbanu Natəvanın oğlu Seyidhəsən ağa ana babasıdı! Yəni, Kəmalənin anası Seyidhəsən ağanın nəvəsidi. Atası da köklü Şuşalıdı. Necə təsəvvür edim, bu Şuşalıların Şuşa həsrətini və Şuşanın azadlığı xəbərini necə qarşıladıqlarını?! Onu yaşayan bilər. Kəmalə necə izah edəcək? 

- Şuşanın alındığı gün, birinci sözüm bu oldu ki, bu gün həyatda ən ümidsiz bir hadisəyə sevindiyim gündür.  28 ildir bu sual daim beynimdə idi: gərəsən, Şuşaya qayıdacağıq, bir də, nə vaxtsa Şuşanı görəcəyəm?! O gün sözün əsl mənasında xoşbəxt hiss elədin özümü. Deməli, xoşbəxtlik deyilən bir şey varmış dünyada. Xoşbəxtlik Şuşalı (Şuşaya sahib olmaq mənasında) olmaqmış. Döyüşlər başlayanda düşünürdüm, Şuşa alınarsa, bu xəbəri necə qarşılayaram? Ağlayaram, qışqıraram, çığıraram, gülərəm?.. Anam da hönkürürdü, mən də... Təsəvvür etməzsiniz, ən yaxın rəfiqəm – Arzu Kərimova zəng edib, tanımıram səsini, “kimdi?” soruşuram, sonra da deyirəm ki, Arzu, yaxşı, sonra danışarıq... Neçə il əvvəl Şuşanın görüntülərini izləmişdim, internetdə. Mərhum Nizami Bəhmənov (Şuşa şəhər icra hakimiyyətinin başçısı, bir zamanlar Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sabiq sədri) həmişə məni çağırardı ki, sən mənə bir köynək yaxınsan (rəhmətlik Şuşalı idi), təzə görüntülər var, gəl, bax. O görüntülərə baxanda öz binamızı gördüm. Dağılmamışdı, salamat idi. Çığırdım ki, “Ay Allah! Bizim bina! Sağdı!” Sonra gördüm, eyvanımızda bir erməni qadını paltar sərir. Ürəyim sıxıldı, halım qarışdı, əməkdaşlarımız dərman verdilər, sakitləşdirdilər. O vaxtdan ürəyimdə sıxıntı qaldı. Elə bil ürəyimi tutub sıxmışdılar və buraxmırdılar. Noyabrın 8-i həmin o sıxıntı getdi. Ürəyim azadlığa çıxdı və hönkür-hönkür ağladım. Elə bil 28 ildir ürəyimdə dolu bulud qalmışdı. Şimşək çaxdı, bulud ürəyini boşaltdı... İstədiyim bilirsən nədi?.. Gedim Şuşaya, çıxım eyvanımıza və indi mən ermənilərə meydan oxuyum. İndi mən də özümü qalib sərkərdə kimi hiss edirəm. Daha çox əminlik yaranıb məndə. Özümə söz vermişəm, ümidsiz olmayım daha. 

- Hardan əldə edilirdi o görüntülər? 

- Bildiyim qədər xarici jurnalistlər çəkirdilər, Dağlıq Qarabağa, Şuşaya səfər edənlər. O vaxt özümə söz vermişdim ki, daha belə görüntülərə, fotolara baxmayacam. 

- Baxmadın? 

- Yenə “dinc durmadım”, baxırdım, hərdən. Son zamanlar ermənilərin Şuşada, Cıdır düzündə gəzmələri, çəkilən fotolar çox paylaşılırdı. Dəhşətə gəlirdim; oralarda gəzirlər, Cıdır düzündə şəkil çəkdirirlər... Mən Şuşada 4 saylı məktəbdə təhsil almışam. Bizim məktəb alban kilsəsinin yanındaydı. Oranı da görmüşdüm şəkillərdə. Bilirsən, hamıya bu sualı verirlər ki, Şuşaya qayıdanda ilk gedəcəyin yer hara olacaq? Mən də düşünmüşəm, birinci hara gedəcəm? İnanmazsan, ilk ağlıma gələn məktəbimiz oldu. Başqası bəlkə deyər ki, niyə məktəb? Şuşada ilk gediləcək yerlər nə qədər desən var... 

- Öz sualına cavabın nədi? 

- Birdən dərk elədim ki, Şuşaya çatanda özümü oradan çıxan yaşda hiss edəcəm. 18 yaşında. Yarımçıq qalmışdı ömür. Şuşadan sonra Şuşalıların heç biri “böyümədi”, heç biri “qocalmadı”. Şuşadan necə çıxmışdıqsa, elə də qaldıq. Ömrümüzün yarımçıq qalmış hissəsini tamamlamağa gedirik Şuşaya! Bilirəm ki, bütün küçələr yadımdadır. Hardan, hansı küçəylə hara getmək olar, hamısı yaddaşımda qalıb. 

- Necədi Şuşanın küçələri? 

- ... Qoyub gəldiyim kimi deyillər. Dağıntılar çoxdu. Şuşada ermənisayaq tikintilər aparılıb. Bizim binanı elə bədheybət rəngləyiblər ki!.. Bu məxluqların heç zövqü də yoxmuş. Gözəllik yarada bilmirlər. Efirdə göstərilən hündür bina var e, əsgərimizin bayrağımızı sancdığı bina, o bina Şuşa şəhər icra hakimiyyətinin inzibati binasıdı. Vaxtilə “Şuşa” qəzeti o binanın 4-cü mərtəbəsində yerləşirdi, mən də o qəzetin əməkdaşı idim, orada çalışırdım. Binanın qarşısında hündür ağaclar vardı. Ümumiyyətlə, Şuşada parklarda, yol kənarlarındakı ağacları siz əhəngsiz görə bilməzdiniz. Bütün ağaclara lazım olan hissəsinə qədər vaxtaşırı səliqə ilə əhəng çəkilirdi. Bunun özü bir yaraşıq verirdi, təmizlik, səliqə yaradırdı. İndi görürəm, ağac da qalmayıb. İnsan düşdüyü yeri, yaşadığı məkanı gözəlləşdirməyə çalışmalıdır. Amma ermənilərdə bu xüsusiyyət də yoxdu. Necə ki, qəlbləri qaradı, xəbisdilər, paxıldılar, xasiyyətləri ətraf mühitə münasibətdə də görünür. Şuşa çox səliqəli şəhər idi. Çox planlı tikintilər aparılardı. Şuşada heç vaxt dilənçi olmayıb. Evimizin yaxınlığında Güllü bağ vardı. Nuraya (Kəmalə xanımın qızı) danışıram, deyir, ana, Gülhanə parkı kimi? Qızım çox vətənpərvərdi. Şuşanı görməyə bəlkə də hamımızdan çox o can atır. O gün nənəsi çağırıb ki, Nuray, tez ol, gəl, Şuşanı göstərirlər, gəlib deyir ki, nənə, mən Şuşanı televizorda yox, canlı görmək istəyirəm... Deyirəm, yox, Gülhanə parkı da gözəldi, amma Güllü bağa çatmaz! O bağda əkilmiş güllər, o güllərin ətri... tamam başqadı. Bu gün (11 noyabr) qızımın ad günüdü... Deyirəm, qızım, sənin ad günlərində indiyədək belə gözəl, əvəzsiz hədiyyə olmamışdı. 

- Neçə yaşı tamam oldu? 

- 17 tamam oldu, 18-ə keçdi. 

- Siz 18 yaşında ayrılmısınız Şuşadan, qızınız 18 yaşında Şuşaya qovuşacaq. Taleyə bax... 

- Hə, elədi... Mənə deyir ki, sən necə Şuşalısan? Bütün Şuşalıların evlərində bayram tortu var, üstündə “Şuşa” yazılıb. Sənin tortun hanı? Bir az nasazam, deyirəm, sağalım, mən də bişirəcəm “Şuşa” tortu. Qızım çox suallar verir, inana bilmir ki, biz Cıdır düzünü piyada, gəzə-gəzə gedirmişik. Elə bilir, Cıdır düzü hardasa uzaqdadı. Söz vermişəm, demişəm, inşəllah aparacam səni Cıdır düzünə. 

- İşğaldan azad olunmuş ərazilərimizdə doğulub böyümüş həmkarlarımızla da çox danışmışam bu neçə gündə, hamısı da evlərinə qayıdanda hansı hisslər keçirəcəklərini izah edə bilməyiblər. Təbiidi. Bu, sözlə ifadə ediləcək hisslər deyil. Siz nə düşünürsünüz? 

- O hissi yaşamamış nəsə söyləmək mümkün deyil. Gərək əvvəlcə yaşayasan, sonra biləsən, hisslərini sözə çevirəsən. Amma heç o zaman da düşünmürəm ki, sözlər köməyimizə çata bilsin. Bunu təxmin etmək olar. Nə bilim... İnsanın başına hava gələr, xoşbəxtlikdən... 

- Nə vaxt gedə biləcəksiz evinizə? 

- Vallah, 2 ildən tez yəqin olmaz. Ərazilər təmizlənməlidi, müəyyən işlər aparılmalıdır. Cənab Prezident dedi ki, qısa müddətdə hər şeyi bərpa edəcəyik. İnanıram. Məsələn, Suqovuşan azad edildikdən sonra prezident yol tikintisi üçün sərəncam verdi. Yəni tikinti-bərpa, yenidənqurma işləri demək olar işğala son qoyulması ilə eyni vaxtda başlayır. Bu hesabla tez qayıdarıq. 

- Yaşamaq, yerləşmək barədə deyirsiniz, mən Şuşaya getməyinizi nəzərdə tuturam. Tikintilərsiz, evlər olmadan, sadəcə, Şuşaya getmək. Artıq bizim olduğu üçün... 

- Hə, o barədə?.. İcazə verilən kimi gedəcəm. Atamın 78 yaşı var. Atam Şuşaya o qədər bağlı olub ki. Biz Şuşadan çıxandan sonra - Şuşanın işğalından 3 gün sonra gəlib çıxdı Bakıya. Biz uzun müddət Bakıya yerləşə bilmədik. Yarımçıq tikili binada qaldıq. Qonşular bizə döşək verdilər. Heç nə götürməmişdik özümüzlə. Bakıda qohumlarımız vardı, hamısı da bizi çağırırdı, küsürdülər, inciyirdilər ki, niyə gəlib rahat evlərdə qalmırsınız. Bilirsiniz yəqin, Şuşalılar çox məğrurdu. Biz Şuşasızlıqla barışa bilmirdik. İndi düşünürəm, atamı özümlə aparacağıma söz verə bilmərəm, yaşlıdı. Amma özüm gedəcəm. Görürəm, bəzi həmkarlarım fotolar paylaşırlar. Anar Cəbrayıllı Balyand kəndindən, Kərim Kərimli Füzulinin Yağlıvənd kəndində olublar, fotolar paylaşıblar. İşğaldan azad olunan torpaqlara gedənlər var. Ziyarət edirlər... Paxıllığım tutur onlara. Mən də gedəcəm. O müqəddəs torpağa ayaq basanda, bilirəm ki, yerə çöküb hönkür-hönkür ağlayacam... Təsəllim budu ki, Şuşanı görəcəm. Eybi yox, qoy dağılmış şəhər görüm. Çox ağrıdacaq məni. Amma təki görüm!.. 

- Ananız, atanız məlumdu, Nuray da istəyir getmək? 

- Hamıdan çox o can atır. Mənə deyir ki, ana, Şuşa bərpa olunanadək artıq təcrübə toplamış olacam, orada işləyəcəm. (Nuray bu il Azərbaycan Dövlət İqtisad Universitetini nəzdindəki Türk Dünyası İqtisad fakültəsinə daxil olub - M.R.) Əvvəlcə arzusu bu idi ki, Türkiyədə təhsilini davam etdirsin. İndi Şuşada işləmək istəyir. Özümə də bu sualı çox vermişəm ki, niyə biz Şuşanın qədrini Şuşanı itirəndən sonra bildik?.. 

- Bizə elə gəlir, Kəmalə. Vətənin qədrini həmişə bilirik. Amma içində, əmin-amanlıqda yaşadıqda o hiss sanki insanın ürəyinin bir guşəsində gizlənir, sakitcə dayanır. Vətənə təcavüz olanda isə baş qaldırır. 

- Bəlkə də elədi. İnsanı incidəndə, sevdiyi nəyisə tutub əlindən alanda ilk olaraq ağlayır. “Niyə belə oldu”, “O, məndən güclü idi ki, əlimdən tutub aldı?!” düşünürsən.  Sonra isə əlindən alınanın dəyərini başa düşürsən. Anlamağa başlayırsan ki, gör nəyi alıblar məndən! Şuşa ilə bağlı da elə bilirəm belə olub.
Ana öz balasını başqasının qucağında görəndə hansı hissləri keçirirsə, Şuşa itkisi elə idi bizim üçün. Bəzən də “niyə bu qədər uzandı işğal”, sualını verirəm özümə. Cavab axtarıram. Və cavab tapıram ki, deməli, vaxt indi imiş. O gün indi gəlməliydi. Biz torpaqlarımızı şəhid qanı hesabına işğaldan azad etdik. Qurban olum, şəhidlərə. Biz onların haqqını heç nəylə qaytara bilmərik. Amma Şuşa, həqiqətən adına, şərəfinə layiq alındı. Əlbəyaxa döyüşlə alındı. Bu məni hədsiz qürurlandırır. Fəxr edirəm. 

- Kəmalə, Şuşanın ətri necədi? 

- Çox təmizdi... 

- Mən havasını soruşmadım... 

- Bildim nəyi soruşursan... Mən də o ətri deyirəm. Təmizliyin, saflığın ətridi, Şuşanın ətri. Sinə dolusu nəfəs almaq istəyərsən və o hava ciyərlərinə yayılar. Ciyərlərinə çəkəndə içinə dolan və hiss etdiyin təmizlikdi Şuşanın ətri. Bu ətir başqa heç bir şəhərdə yoxdu!.. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu