Türkiyəli tarixçi: “Minsk qrupu müdaxilə edə bilər, imkan vermək olmaz”


“Minsk qrupu illər uzunu təyinatı üzrə çalışmadan, işğalçıya dəstək verib”

 “Qalib Azərbaycan hərbçiləri və tamamilə demorilizə olunmuş ermənilər var. Bu avantajı itirmək, düşmənə özünü toparlamağa imkan vermək olmaz”

“Ruslar Ermənistan dövlətini yaradanda Türkiyə ilə türk dünyasının əlaqəsini kəsəcək xəritə hazırlamışdılar”

“Naxçıvanın Azərbaycanla əlaqəsi də araya bıçaq kimi girən Ermənistana görə kəsilmişdir”


Türk növbəti dəfə tarix yazdı. Bunu hamı- bütün dünya gördü. Təxminən ay yarım davam edən İkinci Qarabağ müharibəsi, nəhayət, başa çatdı. Döyüşlər dayandı, torpaqlarımızın bir hissəsi qan tökülərək geri qaytarıldı. Digərləri isə imzalanan bəyanatın şərtlərinə görə, yaxın günlərdə nəzarətimizə keçəcək. Bu xəbəri bizə noyabrın 10-da prezident, Ali baş komandan İlham Əliyev verdi. Səhəri gün ilk təbrik Türkiyə prezidenti Rəvəb Tayyib Ərdoğandan gəldi. İki lider məşhur fotoda olduğu kimi əl-ələ verdilər və ədaləti bərpa etdilər. Göstərdilər ki, türkün nə biləyini, nə boynunu bükmək mümkün deyil. Əlbəttə, ilk gündən yanımızda olan türk qardaşlarımızın da sevinci bizimkindən az deyil. Onların duaları olmasa, bəlkə də, daha mürəkkəb vəziyyətlə üzləşərdik.

Türkiyəli tarixçi, professor Salih Aynural baş verən hadisələri ilk gündən izləyənlərdəndir. Odur ki, “Sherg.az” olaraq onunla söhbətləşməyi qərara aldıq:

- Azərbaycanda baş verən hadisələr Türkiyədən necə görünür?

Burada xalqın böyük əksəriyyəti ordunuzun 28 ildir işğal altında olan torpaqlarını bir-bir azad etdiyini, Azərbaycan Silahlı Qüvvələrinin 1990-cı illərdəkindən fərqləndiyini, daha nizamlı və güclü olduğunu görür. Hamı arzu edirdi ki, işğal altındakı torpaqlar tamamilə azad edilmədən döyüşlər dayanmasın və müharibə sizin, yəni haqlı tərəfin qələbəsi ilə başa çatsın. Ən vacibi isə, az qala, hər kəs bu müharibəni öz mübarizəsi olaraq görür və qələbəmiz üçün hər gün dua edirdi. Cəbhədən gələn xəbərləri səbrsizliklə, maraqla izləyirdik. Azərbaycanlı qardaşlarımızın sevincləri ilə sevinirik, kədərləri ilə kədərlənirdik. Buradan baxanda ermənilərin mülki yaşayış məntəqələrini hədəf aldığı, onlarca günahsızı şəhid etdiyi, insafsız davrandıqları, insanlıqdan xəbərdar olmadıqları, Azərbaycanın isə 1990-cı illərdəki məğubiyyətin əvəzini çıxdığı və qələbəyə yaxınlaşdığı görünür.

-Nəticə ilə bağlı nə düşünürsünüz?

-Bu müharibə mətbuatda təqdim edildiyi kimi asan savaş deyil. Ermənilər Qarabağı işğal etdikdən sonra orada çox güclü istehkamlar yaratdılar. Həmin müdafiə xəttlərini keçmək isə sizə zarafat gəlməsin. Ayrıca düşmənə Rusiya, İran və Fransa ciddi dəstək verir. ABŞ-da da güclü erməni lobbisi var. Yəni ordan da xeyli kömək alırlar. Amma bütün bunlara rəğmən, qalib Azərbaycandır. Gələn xəbərlər belə deməyə əsas verir. Otən müddətdə erməni ordusunun xeyli sayda texnikası, o cümlədən tankı, topu, havadan müdafiə sistemi, PUA-sı, döyüş təyyarələri və silah-sursat bazaları məhv edilib. Həmçinin şəxsi heyətin böyük bir hissəsi də zərərsizləşdirilib. İndi cəbhədə iki tərəf- yüksək ab-hava malik Azərbaycan hərbçiləri və tamamilə demorilizə olunmuş ermənilər var. Bu avantajı itirmək, düşmənə özünü toparlamağa imkan vermək olmaz.

-Sizcə, məsələ bundan sonra diplomatik sferada hansı formada davam edəcək?

-Rusiya faktoru çox mühümdür. Görünən qədəri ilə Qərbyönümlü siyasət yeritdiyinə görə, rəsmi Moskva Ermənistana göz dağı verir. Bu, Azərbaycan üçün fürsətdir. Yaxın günlərdə ATƏT-in Minsk qrupu məsələyə müdaxilə edə bilər. Təzyiqlərə boyun əymək olmaz. Bir də belə fürsət ələ düşməyə bilər. Minsk qrupu illər uzunu təyinatı üzrə çalışmadan, işğalçıya dəstək verib. Əgər Azərbaycan erməni torpaqlarını işğal etsəydi, həmin qurum yenə belə laqeyd davranardı?

-Bir çoxları gələcəkdə türk dövlətlərinin birləşəcəyini düşünür. Sizin fikirləriniz necədir?

-Türk dünyası 20 milyon kvadrat kilomet əraziyə yayılmış, 200 milyondan çox əhaliyə sahib geniş ailədir. Ancaq bu ailənin fərdlərinin bir çoxu əsrlərdir əsarət altında qalıb və digər qardaşlarından ayrılıb. Yəni bu ailə üzvləri hələ bir-birini tam olaraq tanımır. Odur ki, Qarabağ savaşında Azərbaycan-Türkiyə birliyi çox mühüm əhəmiyət kəsb edir. Türk dövlətlərinin güclü bir birlik yaratmalarından ötrü ilk növbədə Orta Asiya Cümhuriyyəti- Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan bir araya gəlməlidir. Eyni tarixə, mədəniyyətə, coğrafiyaya malik bu ölkələr birləşməsə, türk dövlətlərinin birliyindən söhbət gedə bilməz.

-Bir tarixçi və müəllim olaraq Qarabağ həqiqətlərini tələbələrinizə necə izah edirsiniz?

-Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan ərazisi də qədim türk torpaqlarıdır. Türklər bu torpaqlarda təxminən min il yaşayıblar. Orada erməni əhalisi çox az idi. 1828-ci ildə Rusiya ilə İran arasında imzalaman Türkmənçay müqaviləsi nəticəsində İrandan, Birinci Dünya müharibəsinin ardınca rusların Anadoludan gətirdiyi ermənilər buralara yerləşdirilmiş və süni dövlət yaradılmışdır. Ruslar Ermənistan dövlətini yaradanda Türkiyə ilə türk dünyasının əlaqəsini kəsəcək xəritə hazırlamışdılar. Naxçıvanın Azərbaycanla əlaqəsi də araya bıçaq kimi girən Ermənistana görə kəsilmişdir. Ərazi bütövlüyünüzün təmin olunması üçün nəinki Qarabağ geri qaytarılmalı, Naxçıvanla əlaqə də bərpa edilməlidir. Ermənilər Qarabağda türklərə təzyiq etməklə onları köçə məcbur ediblər və kənardan gələnlərlə çoxalıblar. 1992-ci ildə Xocalıda törətdikləri qətliam əsla unudulmayacaq və unudurulmayacaq. Qarabağ min illik türk toprağıdır və elə də qalacaq.

-Qarabağ savaşı ilə Fransanın müsəlmanlara nifrəti özünü daha aydın göstərdi. Bir ziyalı olaraq bu barədə nə demək istərdiniz?

-Fransa prezidenti Makron müsəlmanların dini hisslərilə oynamaqla fikir azadlıqlarına, demokratiyaya sahib olduqlarını göstərmık istəyir. Halbuki başqa millətlərin inanclarına təhqirin nə demokratiya ilə, nə də fikir azaldığı ilə əlaqəsi var. Xristianların dini inanclarına eyni münasibət olsa, ən böyük reaksiyanı Fransa göstərərdi. Etiraf etmək lazımdır ki, Fransada gülcü bir erməni diasporu var və onlar çox təsirlidir. Yəni bu dövlət haqq, ədalətə fikir vermədən daim Ermənistanın arxasında dayanıb və dayanır. Qarabağda haqsız bir işğala rəğmən, Fransa yenə də düşməni dəstəkləyir.

- Çoxları bizim münasibətimizi qısqanır. Bizim kimi bir millət, iki dövlət olmaqdan ötrü nə etmək lazımdır?

- Burada mərhum Heydər Əliyev yadıma düşdü. “Bir millət, iki dövlət” ifadəsini ilk o işlədib. Həmin ifadə, həqiqətən, çox böyük bir mənaya malikdir. İki müstəqil, amma eyni qayəyə sahib dövlət…Bu anlayış Qarabağ məsələsində özünü tam olaraq göstərdi. Türkiyə həm dövlət, həm də millət olaraq bütün səmimiyyətilə Azərbaycanın yanındadır. Eyni zamanda siz də daim bizə dəstək vermisiniz. Arzumuz bu münasibətin bütün türk dünyasına yayılması, kədərlərilə kədərlənən, sevinclərilə sevinən, uğurları ilə qürurlanan və hər zaman bir-birinin yanında olan güclü bir türk dünyasının ortaya çıxmasıdır. Azərbaycan- Türkiyə qardaşlığı nümunə alınsa, heç vaxt  türk dünyasının başı aşağı olmaz. Yeri gəlmişkən, Qarabağ müharibəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Yaxın zamanda işğaldan qurtarılmış azad və müstəqil, Azərbaycan bayraqlarının dalğalandığı Qarabağda görüşmək arzusu ilə…

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu