Türkiyəli professor: "Riskə getmək Putinə baha başa gələr” - MÜSAHİBƏ


“Azərbaycana Rusiyanın müdaxiləsi Türkiyənin birbaşa qardaş ölkənin yanında vuruşması ilə nəticələnərdi”

“Eyni zamanda Azərbaycanın savaş strategiyası Rusiyanı torpaqlarınıza müdaxiləyə imkan vermədi”

“ABŞ, Fransa və Rusiyadan torpaqlarınızı Ermənistandan alıb sizə verməyi gözləmək xəyaldan başqa bir şey deyil”

“Makron da məğlubiyyətə məhkumdur. O, indi boyundan artıq sözlərin altında əzilir”

“İndi Türk dövrü başlayır. Türk düşmənlərinin bu hadisələrdən nəticə çıxarmaları onların öz seçimidir”


Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı. Daha doğrusu, hadisələr hərbi sferadan diplomatik müstəviyə keçdi. İndi hərbçilər yox, siyasilər savaşır. Əlbəttə, vəziyyət bizim xeyrimizədir. Ermənistan kapitulyasiyaya məcbur oldu. Rusiya isə yenə öz sözünü deməyə çalışır. Amma qardaş Türkiyəni yanımızda görən rəsmi Moskva təbii ki, bir addımı atmazdan əvvəl artıq iki dəfə düşünməlidir. Hər halda şimal qonşumuzun Cənubi Qafqazda “kor xəlifəlik” etdiyi dönəm geridə qalıb.

 Bununla belə, hələ də rahat nəfəs ala bilmərik. Çünki siyasət “çirkin oyun”dur və bu oyunu qaydaları ən yaxşı bilən yox, hiyləgərliyi ən yaxşı bacaran udur. Qarşıda bizi nələrin gözlədiyi isə naməlumdur.

“Sherg.az”ın Türkiyənin Yıldız Teknik Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Cemal Zehirlə müsahibəsi də məhz bu mövzuda-olmuşlar və olacaqlar haqqındadır:

-Bilirik ki, siyasətdə təsadüf olmur. Müharibənin başlanmasına hansı məqamlar zəmin yaratdı?

-Savaşın otuz il sonra yenidən başlandığını demək doğru olmaz. Əslində Ermənistan Azərbaycan torpaqlarına növbəti dəfə hücum etdi. Müharibə iyulda düşmənin Tovuz təxribatı ilə başlamışdır. Bu, belə qəbuledilməlidir. Əlbəttə, hədəf kimi Tovuz təsadüfi olaraq seçilməmişdi.

-Elə isə niyə məhz həmin rayon?

-Tovuz Azərbaycanın neft və qazının Gürcüstan yolu ilə Türkiyə və dünya bazarlarına daşınmasının başlanğıc nöqtəsidir. Ermənistan bu bölgəyə hücum edib, Tovuzu almaqla Azərbaycanın dünyaya inteqrasiyasına mane olmaq istəyirdi. İkinci məqsəd isə Türkiyənin otuz ildir qurduğu planları pozmaq idi. Beləliklə, həm də Türkiyənin ABŞ və Fransa ilə son illərdə pisləşmiş münasibətlərindən yararlanmaq istəyirdi. Yəni niyyət bizim mürəkkəb vəziyyətdəki xarici siyasətimizdən də mənfəət əldə etmək idi. Hərçənd, Ermənistan çox ağır iqtisadi böhran yaşayır. Ölkədə işsizlik ən pik həddə, həyat şəraiti isə bərbaddır. COVİD-19 bu dövlətin səhiyyə sistemini də çökdürüb. Belə bir vəziyyətdə baş nazir Nikol Paşinyan özünü daxildəki təhdidlərdən qorumaqdan ötrü Azərbaycana hücum etdi. Beləliklə, guya böyük bir uğura imza ataraq özünü Ermənistan ictimaiyyətinə və diasporuna qəhrəman kimi tanıdacaqdı, iqtidarını möhkəmləndirəcəkdi. Elə bilirdi ki, Türkiyə can qardaşına lazımi dəstəyi verməyəcək. Fəqət çox böyük səhv etdi. Rəsmi Ankara ilk gündən etibarən Azərbaycana hər cür dəstəyi verəcəyini dedi və sözünün üstündə durdu. Həmçinin iki dəfə birlikdə hərbi təlim keçdik. On dənə F-16-mız hələ də Azərbaycandadır. Bütün bunlar isə Paşinyanın ovqatını təlx etdi.

-Rusiya öz bəyanatları, sərgilədiyi mövqelərlə bizi ard-arda təəccübləndirir...

-Təəccüblü bir məqam yoxdur. Savaş bir neçə günədək işğal altında olan Azərbaycan torpaqlarında gedirdi. Odur ki, Rusiya müdaxilə edə bilmirdi. Riskə getməyi müharibənin miqyasının böyüməsi, qlobal xarakter alması ilə nəticələnərdi. Əlbəttə, həmin vəziyyət Kreml üçün arzuolunan deyil. Çünki Rusiya çox ciddi iqtisadi böhran yaşayır, problemləri var. Yəni dediyim kimi, riskə getmək Putinə baha başa gələrdi. Azərbaycana Rusiyanın müdaxiləsi Türkiyənin birbaşa qardaş ölkənin yanında vuruşması ilə nəticələnərdi. Şimal qonşunuz Suriya  və Liviyada bunu yoxladı, amma nəticə əleyhinə oldu. Rusiyanın muzdlu qoşunları olan Vaqner ən seçilən hərbçilərdən ibarətdir. Onlar Türkiyənin təcrübəli əsgər və zabitləri qarşısında düz iki dəfə çətin vəziyyətdə qaldılar. Yəqin ki, rəsmi Moskva bunu nəzərə alır. Eyni zamanda Azərbaycanın savaş strategiyası Rusiyanı torpaqlarınıza müdaxiləyə imkan vermədi. Hərbi əməliyyatların Ermənistan ərazisinə keçəcəyi halda Kreml işğalçını dəstəkləyəcəyini deyirdi. Lakin unutmayaq ki, hər gün Ermənistana silahlar Rusiyadan daşınırdı. Ermənistan o silahlarla Azərbaycanı hədəf alırdı. Əlbəttə, müharibənin taleyini həll edən iki əsas məqam var: Azərbaycanın qəhrəman ordusu, onun Ali Baş Komandanı cənab İlham Əliyev və Türkiyə istehsallı silahlar, o cümlədən İHA və SİHA-lar. Nə Rusiyada, nə də başqasında bu silahların qarşısını ala biləcək texnoloji güc var. Həmin silahların tətbiqilə müharibə kompüter oyununu xatırladır.

-Minsk qrupunun digər bir üzvü- Fransa isə açıq-aydın təcavüzkarı dəstəkləyir. Bu barədə nə deyə bilərsiniz?

-Minsk qrupu 28 ildir ancaq baş qatmaqla məşğuldur. Sözügedən qurum Ermənistan tərəfdən haqsız işğala göz yumur. Heç bir məsuliyyət daşımır. Dediyim kimi, üçlük siyasi mənada açıq-aydın Ermənistanı dəstəkləyir. ABŞ, Fransa və Rusiyadan torpaqlarınızı Ermənistandan alıb sizə verməyi gözləmək xəyaldan başqa bir şey deyil. Bu ərazilər son həftələr də gördüyümüz kimi, ancaq qəhrəman Azərbaycan ordusu və Azərbaycan- türk xalqının mübarizəsi nəticəsində azadlığa qovuşa bilər. Odur ki, bu günədək əzmkarlıq, mübarizlik, peşəkarlıq göstərən Azərbaycan ordusunu alqışlayıram.

-Bununla kifayətlənməyən Fransa prezidenti Emmanuel Makron İslam dünyasını təhqir edir. Hətta, cənab Ərdoğanın məsələ ilə bağlı konkret çıxışları da, deyəsən, onu ağıllandırmayıb...

-Makronun daxili siyasətdə sıxışdırılmaq və iqtidarını ilk seçimdə itirmək təhlükəsi var. Hər gün Fransa şəhərlərində Makron və siyasətinə etirazlar edilir. O da xarici siyasətlə bunun qarşısını almağa çalışır. Xalqına demək istəyir ki, mən Fransanın mənfəətini qorumaq naminə mübarizə aparan ən ideal adamam, yenə məni seçin. Cənab Ərdoğan 18 ildir ki, Türkiyəni beynəlxalq aləmdə qlobal güc olaraq hazırlayır. Əlbəttə, qarşılığı asan olmur. Lakin Türkiyənin regional güc olduğunu hər kəsə qəbul etdirir. Putinin son açıqlamalarından birində dediyi “Türkiyə masada olmadan problem həllini tapmaz” açıqlaması da dediyimiz fikrin sübutudur. Makron da məğlubiyyətə məhkumdur. O, indi boyundan artıq sözlərin altında əzilir. İslam dünyasında fransız mallarına boykot artdıqca geri addım atmağa, “mən səhv başa düşüldüm” deməyə başlayıb. Bu, hələ sonun başlanğıcıdır. Makron da Paşinyan kimi iqtidarını itirəcək.

-Bilirsiniz ki, döyüşlər dayanıb. Məsələnin kökündən, birdəfəlik həlli bundan sonra danışıqlarla mümkündür?

-Avropa ölkələri bir tərəfdən beynəlxalq hüququn tərəfdarı olduğunu deyir, digər yandan isə rəsmi İrəvanın Qarabağı işğalına şərait yaradır. Bu saatdan sonra Azərbaycan bütün torpaqlarını azad edənədək hər cür sülh danışığında iştirak etməli, lakin güzəştə getməməlidir.

-Elə isə şərtlər necə olmalıdır?

-Masaya oturmağa hər zaman hazır olmalıyıq. Şərtləri Ali Baş Komandan, Azərbaycan türklərinin fəxri İlham Əliyev açıqlayıb. Məqsəd hər nöqtəsinədək bütün torpaqları azad etmək, oralarda Azərbaycanın hakimiyyətini və qanunlarını bərqərar etməkdir. Həmçinin məcburi qaçqın və köçkünlər, dağıdılan tarixi abidələr üçün təzminat ödənməlidir. Əslində imzalanan sonuncu bəyanat tam olmasa da, müəyyən mənada dediklərimizə uyğundur.
-Bildiyiniz kimi, Ermənistan bundan əvvəlki üç humanitar atəşkəsin heç birinə əməl etmədi. Yenə eyni ssenari təkrarlana bilər?
-Bunu dəqiq demək çətindir. Amma bizdə bir misal var: uduzan pəhləvan güləşə doymaz. Bax, Ermənistanın ritorikası da bunu bənzəyir. Ermənistanda bir-birilə mübarizə aparan üç-dörd qüvvə var: iqtidar, Qarabağ klanı, Rusiya tərəfdarları və s...Məqsədlər fərqli olduğuna görə də, heç biri atəşkəs istəmir. Amma belə davranış əslində Azərbaycanın xeyrinədir. Çünki atəşkəsdən sonra Minsk qrupunun erməniləri Qarabağdan çıxarmasını gözləmək xəyaldır. Müharibə vicdansızdır, sərt qaydaları var. Amma indiki halda torpaqları geri qaytarmağın yeganə yolu hərbi əməliyyatlardır.

-Artıq Paşinyanın devrilməsi an məsələsidir. Hakimiyyətə başqa biri gələndən sonra nələr dəyişə bilər?

-Belə olsa, hakimiyyətə Rusiya tərəfdarlarının gəlməsi sözsüzdür. Nəticədə Kreml məsələlərə daha yaxından müdaxilə imkanı əldə edəcək. Odur ki, Paşinyan və tərəfdarları hakimiyyətdə qaldığı müddət ərzində problemi həll etmək lazımdır.

-Düşmənin qırx gündən çox müddət ərzində daim mülki əhalimizi hədəf almasını necə qiymətləndirirsiniz?

-Ermənilər bununla müharibənin miqyasının genişlənməsinə çalışırdılar. Azərbaycan ordusu qarşısında məğlubiyyətə uğrayan düşmən Rusiya, Fransa və ABŞ kimi ölkələrin regiona müdaxiləsini arzulayır. Bir az obrazlı desək, onların timsalında qalxan axtarır. Ermənistan hakimiyyəti həm də Qarabağdakı sakinlərinin geri qayıtmasına mane olmaq istəyir. Çünki bu, daxildə böyük problemlərlə nəticələnəcək. Rəsmi İrəvan dediyim kimi, müharibəni beynəlxalq müstəviyə çıxararaq bu köçün qarşısını almağı planlayırdı. Lakin o, istənilən halda bəşəri cinayətə əl atdı. Bu günaha görə Paşinyan hakimiyyəti nə vaxtsa mütləq cəzalanacaq. Ermənistanın həm savaş planı, həm də seçdiyi bu strategiya səhvdir.

-Sizcə, nəticə nə olacaq?

-Gedişat Azərbaycan şəhər və rayonlarının azad olunacağını göstərir. Azərbaycan ordusu mütləq zəfər qazanacaq. Düzdür, nəticənin konkret necə olacağını heç kim bilə bilməz. Fəqət mənim istədiyim dediyim kimi, bütün torpaqların azadlığıdır. Savaş strategiyasını çox düzgün quran Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə bir qəhrəman kimi düşdü. O, son aylarkı uğurları ilə növbəti dəfə hər kəsin rəğbət və sevgisini qazandı. Bu gün əleyhinə yazı yazan əcnəbi jurnalistlər belə, birazdan prezidentinizi alqışlayacaqlar. Çünki qəhrəmanlar alqışlanar.

-Azərbaycanla Türkiyə qardaşlıqlarını bir daha göstərdi. Düşmənlərimiz bundan dərs çıxaracaq?

-Bu savaşın ən böyük uğuru, şübhəsiz ki, Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonun qaytarılmasıdır. Lakin, məncə, bundan da vacibi Türkiyə türkləri ilə Azərbaycan türklərinin emosional olaraq yaxınlaşması və qucaqlaşmasıdır. Bu qucaqlaşma Türk dövrünün gəlişinin də bir xəbərçisidir. Nəzərinizə çatdırım ki, müharibə müddətində Türkiyə türkləri azad olunan hər rayonu xüsusi qeyd etdilər. Əksəriyyət sanki özləri azad edirmiş kimi sevinir. Türkiyədə möminlər cəbhədə savaşan əsgər qardaşlarımız üçün dua edirdi. Eyni ilə oğullarını xidmətə yollayan analartək...Türk düşmənlərinin bu hadisələrdən dərs çıxarmaları onların öz seçimidir. Amma bir məqam qətidir: Azərbaycan ordusu Türkiyənin SİHA və İHA silahları ilə dastan yazdı.

Müəllifi olduğum bir bəndlik şeiri bu məqamda xatırlamaq istəyirəm:
                                Salam, Azərbaycan,

                                Salam göndərirəm Anadolumdan,

                                Fatihdən, Yavuzdan, Süleyman xandan,

                                Mövlana, Bektaşi, Dərviş Yunusdan,

                                Salam, Azərbaycan, salam, Türküstan!

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu