Sərt tənqid: “Ciddi yazıçı Feysbukda yox, yazı masasında qəhrəmanlıq edir” - Söhbət ! 

“Həmin adamların qəlbi vətən eşqi ilə döyünmür, Qarabağ ağrısı ilə yaşamırlar”

 “Onlar feysbuk səhifələrində qəhrəmanlıq edir.  Sonra deyir mənə filan qədər layk gəlir, yazıçıyam. Amma qətiyyən elə deyil”

“Yazıçı feysbukda yazdığı mənasız, demaqoq, populist mətnlərlə deyil, ortalığa qoyduğu yaşamaq  statusu olan əsərlərlə yazıçıdır”

“Yerdə qalan bütün şeylər, bir günlük, bir həftəlik, uzaqbaşı 10 günlük, keçici hay-küydən başqa heç nə ilə nəticələnmir”

Tanınmış ədəbi tənqidçi Əsəd Cahangirlə müharibə dövründə yaranan və ya yardılmalı olan ədəbi nümunələrimizdən danışdıq. Əsəd müəllim 44 günlük müharibə ərəfəsində kimlərin qələmi süngüyə çevirib, maraqlı mətnlər ortaya qoymasından və kimlərin günlərini sosial şəbəkələrdə məzhəkə açmaqla keçirməsindən söz açdı. Gəlin, təklif, təqdir və iradları Əsəd müəllimin özündən eşidək. 

- Cəbhə ədəbiyyatında nə var, nə yox?

- 44 gün ərzində  bədii nəsrin bir qolu olan publisistik janrda müharibə ilə bağlı əsərlər meydana gəldi. Publisist qələm sahiblərimizdən Vahid Məhərrəmli, Zemfira Məhərrəmli və digərləri cəbhə həyatını əks etdirən, hekayə, məqalələrlə çıxış etdilər. Başqa bir sıra publisistlərimiz də  bu sahədə öz qələmlərini sınadılar.

- Poeziyada vəziyyət necədir? Müharibə mövzusuna dair yeni yazılan şeirlər varmı?

 - Təbiidir ki, cəbhə həyatı ilə bağlı aparıcı və  operativ janrlardan biri poeziyadır. Sosial şəbəkələrdə bu mövzuda yazısı yayımlananlar içərisində tanınmış şairlərimizdən olan Adilə Nəzəri qeyd etmək istəyirəm.  Azərbaycan əsgərlərinin qəhrəmanlığı, xalqımızın qələbə əzmi ilə bağlı  qələbəyə sonsuz inam ifadə edən  şeirləri oldu.

- Başqa kimləri nümunə göstərə bilərsiniz?

 - Son dövrdə müharibə və şəhidlik mövzusu haqqında yazılan bədii nəsr nümunələri  içərisində  şairə Nazilə Gültacın “Şəhid atası” povestini qeyd etmək istərdim. İndiyə qədər Nazilə xanımı şair kimi tanıyırdıq. Vətənpərvərlik mövzusunda çoxlu şeir müəllifi kimi bilirdik. Birdən-birə o, Qarabağ mövzusunda “Şəhid atası” adlı olduqca maraqlı, real bir əsərə imza atdı. Yaxın günlərdə  kitab şəklində işıq üzü görəcək. Həmin kitabın redaktoruyam. Böyük məmnuniyyətlə işimi icra etdim.

- Bəlkə, bir az kitabdan danışasız... 
 
- Povestdə şəhid anasının və atasının çox parlaq, unudulmaz canlı obrazları yaradılıb. Hesab edirəm ki, Nazilə xanımın “Şəhid atası” povesti  Qarabağ mövzusunda yazılan əsərlər sırasında öz layiqli yerini tutacaq. Ədəbi tənqidin diqqətini cəlb edəcək. Ədəbiyyatla bağlı görkəmli şəxslərin, səlahiyyət sahiblərinin nəzərindən  yayınmayacaq. Ümumiyyətlə, Qarabağ mövzusunda çox qısa müddət olduğu üçün irihəcmli əsərlərin meydana gəlməsi tezdir. Ona görə daha çox poeziya və publisistika sahəsində şairlərimizin, yazçılarımızın bir sıra uğurları oldu. Mən də onların ən vacib olanlarının, yadda qalanlarının adını çəkdim. Təbii ki, yerdə qalanların yaradıcılığına qarşı etinasızlıq kimi dəyərləndirilməməlidir. Çünki  yadıma düşənləri sadaladım. Bir az fikirləşsəm, başqalarının da adlarını qeyd edərdim. Ona görə bu sahədə yazan, lakin adını qeyd etmədiyim şəxslərin məni düzgün anlayacaqlarına inanıram. 

- Yəni müharibə dövründə yazıb-yaradanların sayı o qədər çoxdur?

- Yeri gəlmişkən daha bir şəxsin adını çəkim. Onun da kitabının redaktoruyam. “Sevdim bu payızı” adlanan həmin kitab yaxın zamanda  işıq üzü görəcək. Güləmail Murad Aprel şəhidləri haqqında trilogiya müəllifidir. Şairənin, publisist yazıçının şeirlərindən ibarət kitabdır. Həmin kitabda mühüm bölmələr var. Vətənpərvərlik mövzusuna, Azərbaycan ordusuna, əsgərinə, şəhidlərinə, şəhid analarına, bacılarına, həyat yoldaşlarına həsr olunub. Onların dilindən şeirlər yazılıb. Əsas ideya şəhidlərin canını Vətən uğrunda qurban verməsidir. Və bu fədakarlığın istər dövlətimiz, istər xalqımız, istərsə də Allah tərəfindən yüksək qiymətləndirilməsidir. Onların cəmiyyətdə ehtiramla qarşılanmasıdır, adları çəkilən yerdə xalqın ayağa qalxmasıdır. Şəhidlər  Vətən uğrunda canlarını qurban veriblər. Elə kitabın bölmələrindən biri də “Başın sağ olsun, Vətən” adlanır.  Gülamayıl Muradın Aprel döyüşlərindən sonra, xüsusilə də son bir ayda şəhidlik mövzusu ilə bağlı yaradıcılığı diqqətəlayiqdir.  Hesab edirəm ki, ədəbiyyat adamları, dövlət xadimləri yorulmadan şəhidlik mövzusunu ədəbiyyata gətirən, əsərlər, poemalar, şeirlər yazan xanımın zəhmətini dəyərləndirəcək.

- Sizcə, bundan sonra ərsəyə gələn əsərlər necə yazılmalıdır?  

- İndiyə qədər yazıçılarımız, şairlərimiz qələbə gözləyirdilər. Deyirdilər ki, biz məğlub durumdayıq. Ona görə yazmağa stimul ala bilmirik. Məğlub bir ölkənin yazıçısı nədən ilhamlansın? Öz təbini, nədən alıb, yazsın? İndi bu problem aradan qalxıb. Azərbaycan 30 illik Qarabağ problemini 44 gün ərzində həll edib. Ali Baş Komandanımızın  müdrik xarici siyasəti,  ordu quruculuğu işi, qardaş Türkiyə və dost Pakistanın dəstəyi, Azərbaycan xalqının qələbə əzmi, Qarabağ eşqi, əsgərimizin qəhrəmanlığı, bütün bunlar  qələbəni gətirib. İndi  heç kimin haqqı yoxdur ki, “biz qalib gəlməmişik, necə yazaq?!”desin. Biz qalib gəlmişik. Hərçənd ki, “Qarabağı almamışıq, necə yazaq?” fikirləri ilə razı deyildim. Çünki ədəbiyyat tarixin ardınca sürünməməlidir.  Tarixi öz ardınca aparmalıdır. Ədəbiyyat mayak, xalqın mənəvi bayraqdarı olmalıdır. 

- Məsələn, necə?

- Sabir Əhmədli 20 il bundan əvvəl “Ömür urası” romanını yazdı.  Həmin əsərdə Qarabağın geri qaytarılması təsvir edilirdi. Göstərilirdi ki,  xalq necə geri qayıdır. 20 il əvvəl bu, fantastik bir məsələ idi. Qarabağ azad edilməmişdi. Amma uzaqgörən yazıçı bu gündən yazıb. Yəni  Ədəbiyyat həyatı qabaqlayıb. Yaxud da Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanı. Onun qəhrəmanı təkbaşına Şuşaya gedir, orda partlayış törədir. Özü ölsə də onlarla erməninin ölümünə səbəb olur. Bu qəhrəmanlığı beş-altı il sonra Mübariz İbrahimov təkrar elədi. Beləliklə Sabir Əhmədli də, Aqil Abbas da yazıçı kimi zamanı və həyatı qabaqladılar. Əsl istedad budur. Ədəbiyyat  həyatı qabaqladığı və ona yol göstərdiyi zaman güclü olur. Bir sözlə, əksər şair və yazıçımız qələbə istəyirdi. Artıq qələbə var. İnanıram ki, onlarda böyük ruh yüksəkliyi yaranıb. Bundan ilham alaraq yaradacaqlar.  Amma bir məsələdə şair və yazıçılarımızı qınamaq olmur.

- Hansı məsələdə? 

- Bədii ədəbiyyat, nəsr, xüsusilə də roman bir qədər gec başa gəlir. Onun  üzərindən vaxt keçməlidir.  Mövzu yazıçının beynində formalaşmalıdır. Bəlkə də, illər ötməlidir. Ondan sonra daha keyfiyyətli məhsul ortaya çıxır. Məsələn, Erix Mariya Remark Birinci Dünya müharibəsi haqqında savaş bitəndən 10 il sonra “Qərb cəbhəsində təbəddülat yoxdur” romanını yazdı. Bununla o, dünya şöhrəti qazandı. Həm özünün yazıçı adına, həm də mənsub olduğu xalqa şöhrət gətirdi.  Yaxud da 1941-1945  müharibəsi ilə bağlı bizdə Əbdül Həsənin, İsmayıl Şıxlının, Hüseyn Abbaszadənin bir sıra əsərləri var idi. Onlar cəbhədə iştirak ediblər və bu barədə əsərlər yazıblar.  

- Yəni yazıçı gördüyünü, yaşadığını həzm etməlidir, sonra əsər yaratmalıdır...

- Hesab edirəm ki, daha güclü  əsərlər müharibə dövründə uşaqlığını, gəncliyini keçirən yazıçıların qələmindən çıxıb. Məsələn, 60-ci illərdə müharibəni xatırlayaraq yazılanları misal göstərmək olar. Məsələn, buna İsa Muğannanın “Tütək səsi”, “Xalq” romanları daxil idi.  Bayram Bayramovun “Mən ki gözəl deyildim” əsəri də aid olunurdu. Yaxud Cəmil Əlibəylinin “Mənim analı dünyam” trilogiyasına daxil olan romanları. Ona görə inanıram ki, müəyyən müddət keçəndən sonra yazılacaq. Bəlkə də, ən yaxşı əsəri müharibə dövründə uşaqlığını keçirən hələ heç kimin tanımadığı gələcək yazıçılar yazacaq. Hökmən ədəbiyyat Qarabağ mövzusuna qayıdacaq. 

- Müharibə dövründə yazıb-yaradanları qeyd etdiniz. Bir də söz cəbhəsini feysbukda görən, şit statuslarla mübarizə apardıqlarını düşünən yazıçılar, şairlər var idi. Onlar haqqında nə düşünürsünüz? 

- Həmin adamların qəlbi vətən eşqi ilə döyünmür, Qarabağ ağrısı ilə yaşamırlar, onlar belə də etməlidir. Biz elə adamlardan heç nə ummamalıyıq, küsməməliyik. Onların ədəbiyyat həvəsi də, yazmaq marağı da  sadəcə başını başlara qoşmaqdır. İndi bizə azadlıq verilib. Çox adam feysbuk səhifələrində qəhrəmanlıq edir.  Sonra deyir mənə filan qədər layk gəlir, yazıçıyam. Amma qətiyyən elə deyil. Yazıçı feysbukda yazdığı mənasız, demaqoq, populist mətnlərlə deyil, ortalığa qoyduğu yaşamaq  statusu olan əsərlərlə yazıçıdır. Qoy bunu hamı yadda saxlasın. Yerdə qalan bütün şeylər, bir günlük, bir həftəlik, uzaqbaşı 10 günlük, keçici hay-küydən başqa heç nə ilə nəticələnmir. Hesab edirəm ki, ən ciddi yazıçılarımız feysbuk səhifələrində “qəhrəmanlıq” göstərmirlər. Onlar öz yazı masalarının arxasında gələcəyin ən gözəl əsərlərini yazmaqla məşğuldurlar.    

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu