Ekspert nazirə haqq qazandırdı: “Ənənəvi təhsilə qayıtmaq...”

“Çünki insanların həyatı, sağlamlığı daha vacib məsələdir”

“Nazirlər Kabinetinin təhsilin distant formada təşkil edilməsi ilə bağlı qərarı ən optimal variantdır”

“Amma distant təhsil məqsəd deyil, vasitədir”

Təhsil naziri Emin Əmrullayev hazırda koronavirus səbəbindən ənənəvi təhsilə qayıtmağın riskli olduğunu bildirib. Nazirin sözlərinə görə, insanların həyatı, sağlamlığı daha vacib məsələdir. Hazırda Azərbaycanda koronavirusa yoluxma sayında rekord göstəricinin qeydə alındığını deyən nazir vurğulayıb ki, bəzi təhsil müəssisələri və ayrı-ayrı mərkəzlər ənənəvi təhsilə keçməyə cəhd göstərirlər:

“Nazirlik olaraq, biz bu məsələləri monitorinq edirik. İndi valideynlərdən belə bizə müraciətlər daxil olur ki, hazırkı vəziyyətdə üzbəüz dərslərin keçirilməsi risklidir.

Pandemiya ilə bağlı vəziyyət imkan verərsə, əlaqədar qurumlarla razılaşdırılmaqla ənənəvi təhsilin bərpa edilməsi Təhsil Nazirliyi üçün arzuolunandır. Amma yoluxma sayı artdığı üçün biz bunu etmirik. Hazırda distant təhsil və teledərslər ən uyğun seçimdir”.

E.Əmrullayev əlavə edib ki, postpandemiya dövründə mövcud boşluqlar düzgün qiymətləndiriləcək:“Yaranan boşluqların doldurulması üçün müxtəlif üsullardan - yay proqramları, şənbə dərsləri və başqa formatdan istifadə ediləcək".



Nazirin çıxışını “Sherg.az”a şərh edən təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, əsas odur ki, hər kəs anlayış göstərərək situasiyanı düzgün qiymətləndirir:

“Bəli, təhsil nazirinin də qeyd etdiyi kimi koronavirus səbəbindən ənənəvi təhsilə qayıtmaq hazırda çox təhlükəlidir. Çünki insanların həyatı, sağlamlığı daha vacib məsələdir. Hesab edirəm ki, Nazirlər Kabinetinin təhsilin distant formada təşkil edilməsi ilə bağlı qərarı ən optimal variantdır. Bu qərar heç də təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasını inkar etmir”.

N.İsrafilov söyləyib ki, təhsil üçün ağır keçən bir ilə yaxın müddətdə, təhsilimizin ayaq üstə saxlanılması üçün istər Nazirlik, istərsə də aidiyyəti qurumlar tərəfindən bütün mövcud imkanlardan istifadə olunub:

“Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələri üçün "Microsoft Teams” və “Cisco Webex” platformasından ödənişsiz istifadə imkanları təqdim edilib. Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb. "Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcüməsi həyata keçirilib.

Bölgələrdə intenet problemi ilə əlaqədar növbəti illərdə 100 məktəbə fiber optik intenet çəkilməsi planda var. Noutbukların satınalınması üzrə elan etdiyi açıq tenderə yekun vurulub.

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənir. Yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarət etmək məqsədilə yeni imkanlar təqdim edilib.

Hesab edirəm ki, hər hansı bir ciddi narahatlığa ehtiyac yoxdur. Situasiya tam nəzarətdədir. Vəziyyətə uyğun əlavə tədbirlər üzərində iş aparılır. Aşkarlıq və şəffaflığın təmin edilməsi, ümumi ictimai rəyin öyrənilməsi məqsədilə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə mütəmadi məsləhətləşmələr aparılır.

Hələ ki, hamıya əlçatan olan teledərslərin imkanlarından lazımınca istifadə olunmalıdır. Amma distant təhsil məqsəd deyil, vasitədir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu