İlkin qiymətləndirmə: “Zəngilandakı yataqda 8 tona yaxın qızıl ehtiyatı var”

Zəngilanın Vejnəli, Kəlbəcərin Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb. Bu barədə millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, müqavilə "AzerGold" QSC-nin xarici bir şirkətlə birgə təsis etdiyi konsorsium tərəfindən qeyd olunan ərazilərdə qazıntı işlərinin aparılmasını nəzərdə tutur: “İşğaldan azad olunan ərazilər minalardan təmizlənəndən sonra konsorsium dərhal qazıntı işlərinin aparılmasına hazır olduğunu bildirib".


Təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə müxtəlif işlərin görülməsi mühüm əhəmiyyətə malikdir. Xüsusilə qızıl yataqlarında qazıntı işlərinə başlamaq iqtisadi səmərəliyimiz üçün faydalıdır. Sevindirici haldır ki, illərlə düşmən tapdağında olan torpaqlarımızın zəngin sərvətlərindən artıq öz xalqımız yararlanacaq.



İqtisadçı- ekspert, millət vəkili Vüqar Bayramov qızıl yataqlarımızdakı qazıntı işlərinin iqtisadi səmərəliliyi barədə faktları “Sherg.az”a sadalayıb. Deputatın sözlərinə görə, Azərbaycanın üç rayonunda qızıl ehtiyatları var. Bunlar kifayət qədər zəngin ehtiyatlar hesab olunur:

“Qızıl ehtiyatının həcminə görə, ən böyük yataq Kəlbəcərdə, daha sonra isə Zəngilan rayonunda yerləşir. İlkin qiymətləndirmələrə görə, Zəngilandakı yataqda 8 tona yaxın qızıl ehtiyatı var”.

Parlament üzvünün sözlərinə görə, qazıntı işlərinin aparılması həmin ehtiyatların öz sahibinə qayıtması, məşğulluğun təmini, iqtisadiyyatın inkişafı və qızıl ehtiyatlarının artması baxımından çox vacibdir:

“Ümumiyyətlə, işğaldan azad edilən ərazilərimizdə hansısa işlərə başlamaq məşğulluğun təmin edilməsi, vətəndaşlarımızın görülən işlərdən faydalanması deməkdir. Ölkə iqtisadiyyatının inkişafı üçün qızıl ehtiyatlarımızın artması çox vacibdir”.

V.Bayramov qeyd edib ki, İkinci Qarabağ savaşı iqtisadi güc və inkişafın önəmli olduğunu göstərdi:

“Azərbaycan son illərdə qızıl ehtiyatlarını artırıb. Eyni zamanda son 3 ildə dünya bazarında qızılın qiymətində kəskin bahalaşma var. Təkcə bu il qızılın qiyməti 25 faizə yaxın artıb. Ona görə də işlərin görülməsi həm gəlirlərimizin, həm də qızıl ehtiyatlarımızın çoxalması baxımından vacibdir.

Zəngilan və Kəlbəcərdə qızıl yataqlarında qazıntı işlərinin görülməsi gələcəkdə ixrac imkanlarımızın genişlənməsi baxımından da əhəmiyyətli hesab olunur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu