İnformasiya savaşının yeni mərhələsi başlayıb

Ruslan Rəhimov: "Söhbətimizin əvvəlində bizim torpaqlar üçün "ələ keçirilən" sözlərini işlədən xarici jurnalistlər Füzulini gəzəndən sonra artıq "azad olunmuş" ifadəsi ilə danışırdılar"

Asəf Quliyev: "Əcnəbi jurnalistlərin bu vandallığı öz gözləri ilə görməsi də çox əhəmiyyətlidir"

Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən, ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə media da informasiya savaşında öndə oldu. Müharibə dönəmində bəlkə də ən çətin iş elə medianın üzərinə düşdü. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, sosial mediada təxribatların qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin işini danmaq olmaz. Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi.

Ancaq informasiya savaşında Azərbaycan Prezidenti İlham Əliyevin 44 gün ərzində dünyanın bütün aparıcı mediasına çoxsaylı müsahibələrinin böyük rolu oldu.  Düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən jurnalistlərin ən qərəzli suallarına belə cavab verməkdən yayınmayan Prezident İlham Əliyev nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı olduğunu, işğala məruz qaldığını, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edə bildi. Azərbaycanın Ali Baş Komandanının intellektual cavabları ilə müqayisədə isə Paşinyan olduqca miskin durumda görünürdü. Bunu dünyanın aparıcı media nümayəndələri və ekspertləri də etiraf edirdilər.

Hamıya məlumdur ki, müharibə zamanı informasiya siyasəti çox böyük əhəmiyyət daşıyır. Bu bir həqiqətdir ki, prezidentin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət həm hərb meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratdı. Bu gün hərb meydanında müharibə bitib. Amma hərbi əməliyyatlardan fərqli olaraq, informasiya savaşında heç vaxt atəşkəs olmur. İnformasiya savaşı isə sülhsüz, bitməyən savaşdır.

Zəfərdən sonra isə informasiya davası daha da qızışacaq, uduzmuş düşmən (və ya düşmənlər) daha da quduzlaşacaq. 
Müharibənin başladığı ilk gündən etibarən dövlətimizin başçısı şəxsən özü müntəzəm olaraq xalqımızı baş verənlərlə bağlı məlumatlandırırdı. Hər bir Azərbaycan vətəndaşı gündəlik olaraq səbirsizliklə dövlət başçısının televiziyada çıxışını və ya “Twitter” sosial şəbəkəsində paylaşdığı xoş xəbərləri, işğaldan azad olunmuş ərazilərimizin elan edilməsini gözləyirdi. Bu da bir daha sübut edir ki, prezidentimiz heç vaxt informasiya savaşını unutmurdu.

Elə tarixi zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanın və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Cəbrayıl və Füzuli rayonlarına səfəri də aparılan informasiya savaşının davamı olaraq qiymətləndirmək olar. Hərbi əməliyyatların dayandırılmasından qısa zaman keçməsinə baxmayaraq, dövlətimizin başçısı bütün təhlükələri gözə alaraq bu bölgələrə səfər etdi, qalibiyyət sevincini xalqı ilə bölüşdü. Cənab prezident səfər zamanı çıxışında Füzuli və Cəbrayılda bütün dağılmış əraziləri göstərməklə, həm daxili auditoriyaya, həm də dünyaya bir daha informasiya çatdırdı. O, ermənilərin əsl üzlərini göstərməklə dünyaya mesaj verdi. Bu səfərdən sonra dünyanın bir çox xəbər agentlikləri bu barədə geniş məqalələr dərc elədilər.

Məsələn, Özbəkistanın “azon.uz” və “daryo.uz” portalları  ermənilərin Azərbaycanın işğal edilmiş torpaqlarında törətdikləri vandalizm aktlarından yazıb. Məqalələrdə o cümlədən dövlətimizin başçısının Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri, bu bölgələrin ermənilər tərəfindən dağıdılması ilə bağlı fikirləri əks olunub.

Həmçinin Misirin “Almasryalyoum” qəzetində də Ali Baş Komandanın üçrəngli bayrağımızı işğaldan azad olunmuş Füzuli rayonunda qaldırması barədə xəbər dərc edilib. Yazıda dövlətimizin başçısının Azərbaycan xalqının yenilməz, ordumuzun müzəffər olmasını bütün dünyaya göstərdiyimiz haqqında sözləri yer alıb.

İnformasiya savaşının davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir qrup yerli və xarici jurnalistlərlə birlikdə Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Jurnalistlər Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Onlar Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Jurnalistlərə məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Səfərdə Prezidentin köməkçisi deyib ki, bir Azərbaycan vətəndaşı kimi hər birimiz üçün bu, həm kədərli, həm də sevincli haldır. Kədərlidir o mənada ki, bu cür dağıntıların, vəhşiliklərin şahidi olursan:

"Bu, insan həyatıdır. Ermənilər insanların həyatını məhv ediblər. Füzuli işğaldan əvvəl 100 mindən çox insanın yaşadığı bir rayon, Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri idi. Amma ermənilər tərəfindən dağılıb, məhv edilib. Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir. Budur Ermənistanın əsl mahiyyəti. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirib ki, Azərbaycan Füzuli şəhərinə yenidən həyat gətirəcək. İşğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat gətiriləcək. Füzuli şəhərindən yenə də gülüş və sevinc səsləri eşidiləcək. Azərbaycan öz quruculuq siyasəti ilə Ermənistandan fərqini bir daha göstərəcək".

Səfər zamanı beynəlxalq media nümayəndələri Füzuli şəhərindəki tarixi abidələrimizə, məscidlərimizə baş çəkiblər. Onlara Füzulinin Azərbaycan mədəniyyətində, xalqımızın maddi-mədəni irsində öz rolu olan bir rayon olduğu barədə məlumat verilib. Xarici media nümayəndələri orada olan maddi-mədəniyyət abidələrinin erməni vandalizmi nəticəsində tamamilə darmadağın edildiyinin şahidi olublar. Hikmət Hacıyev vurğulayıb ki, bu səfər Azərbaycan Prezidentinin tapşırığı əsasında həyata keçirilib, beynəlxalq media nümayəndələrinin iştirakı ilə bu dağıntılar, vəhşiliklər sənədləşdirilib. O bildirib ki, bunlar sistemli şəkildə konkret sahələr üzrə vahid hesabat formasına salınacaq.

Həmin səfərdə iştirak edən "Anadolu" agentliyinin əməkdaşı Ruslan Rəhimov oradakı təəssüratlarını "Şərq"ə bölüşüb:

"Biz "Anadolu" agentliyinin əməkdaşları olaraq 27 sentyabrdan, müharibənin başladığı ilk gündən etibarən cəbhə bölgəsində bir aya yaxın çalışdıq. Ermənistan ordusunun Azərbaycan şəhərlərinə, mülki obyektlərə artilleriya ilə atəş açmasının şahidi olduq. Gəncə, Bərdə və Tərtərdə dağılan evləri, obyektləri gördük. İşğaldan azad olunan kəndlərdə çəkilişlər apardıq. Son Füzuli səfərimizdə isə 27 illik işğal dönəmində Ermənistanın Azərbaycan şəhərlərində törətdiyi vəhşiliyi gözlərimizlə gördük. Biz bunları bilirdik, amma səfərdə Rusiya, Türkiyə, İtaliya və Fransa dövlətlərinin jurnalistlərinin olması önəmli idi. Onlar da ermənilərin bu illər ərzində bir zamanlar 10 minlərlə azərbaycanlının yaşadığı şəhərin necə viran qaldığını gözləri ilə gördü". 
R.Rəhimov Rusiya jurnalistləri ilə apardığı söhbətdə maraqlı məqamları diqqətə çatdırıb: "Mənim orada rus jurnalistləri ilə söhbətim oldu. Onlar əvvəlcə belə bir şey gözləmirdilər.

Amma görəndə ki, Füzulinin kəndlərində və şəhərin özündə sağlam bir bina belə qalmayıb, artıq Ermənistanın törətdiyi cinayətlərdən əmin oldular. Bunu öz mətbuatlarında necə təqdim edəcəklər bilmirəm, amma ən azından həqiqətləri bildilər. Söhbətimizin əvvəlində bizim torpaqlar üçün "ələ keçirilən" sözlərini işlədən xarici jurnalistlər Füzulini gəzəndən sonra artıq "azad olunmuş" ifadəsi ilə danışırdılar. Ümumiyyətlə, biz mümkün olduğu qədər işğaldan azad olunan torpaqlarımızda Ermənistanın törətdiyi vəhşilikləri bütün dünyaya çatdırmalıyıq. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərimizə xarici jurnalistlərin səfərlərinin sayı artırılmalıdır".

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev də belə səfərlərin artırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, xarici jurnalistlərin bu vandallığı öz gözləri ilə görməsi çox əhəmiyyətlidir:

"Sözsüz ki, xarici media nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfəri bu çox mühüm addım idi. Çünki biz artıq informasiya müharibəsinin yeni mərhələsinə qədəm qoymuşuq. Bir neçə gün əvvəl Cənab Prezident azad olunmuş ərazilərə beynəlxalq müşahidəçilərin gələcəyini anons etmişdi. Güman edirəm ki, bu səfər qarşımızda duran işlər üçün yaxşı fon yaradır. Əcnəbi jurnalistlərin bu vandallığı öz gözləri ilə görməsi də çox əhəmiyyətlidir. Və yəqin ki, bundan sonra da işğaldan azad edilmiş ərazilərə belə səfərlər təşkil olunacaq. Hətta istərdim ki, belə səfərlərə Azərbaycana qarşı daha qərəzli mövqeyi ilə seçilən xarici kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət olunsun və onlar bu faktları öz gözləri ilə görsünlər. Çox istərdim ki, belə səfərlər təşkil olunan zaman həmin yaşayış məskənlərindən yaşamış insanlar da dəvət olunsunlar. Səfər edən əcnəbilər onların hisslərinin, həyəcanlarının şahidi olsunlar".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu