Vətən müharibəsi dərsliklərdə əks olunacaq

Artıq qələbədən, şanlı tarixdən danışacağıq


Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  Vətən müharibəsinin təhsilin məzmununda yer alacağı barədə açıqlama yayıb. O bildirib ki, Təhsil Nazirliyi bununla bağlı ayrıca əmr imzalayıb: “Əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq.

Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən Müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək".

C.Valehov həmçinin  deyib ki, Vətən müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insana böyük sevgi borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı  ehtiramla yaddaşlarımıza həkk edəcəyik.  

Sözügedən açıqlama ilə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov Birinci Dağlıq Qarabağ müharibəsinin nəticələrinin bizim üçün çox da ürəkaçan olmadığını söyləyib:

“Birinci  Qarabağ savaşının  məzmunu dərsliklərimizdə  öz əskini tapdı. İndiyə qədər  tarix, ədəbiyyat və digər kitablarda əsasən bədbin ruhlu materiallara yer verilirdi. Eyni zamanda bu günə qədərki  kitablara baxanda şagirdlərə işğal edilmiş torpaqların geri qaytarılması istiqamətində məlumatlar öyrədilirdi.

Amma 2021-ci ildə dərc olunan dərsliklərdə məzmun tamamilə dəyişəcək. Artıq  qələbədən, şanlı tarixdən danışacağıq. Orta təhsil məktəblərində istifadə  olunan  5, 9 və 11-ci sinif tarix kitablarında  bir sıra dəyişikliklər olacaq.

Öncə üz qabıqlarının dizaynı ilə əlaqəli işlər görüləcək. Xüsusilə də 5, 9, 11-ci sinif tarix kitablarında Azərbaycanın 44 günlük qələbə tarixində xüsusi rol oynayan şəxslər haqqında yazılacaq, onların şəkilləri əks olunacaq.

Materiallarda torpaqlarımızın işğaldan azad olunması qeyd ediləcək. Eyni zamanda ədəbiyyat kitablarında Vətən müharibəsi ilə bağlı hekayələr olacaq.

Hətta ibtidai siniflərə vətənpərvərlik ruhunda şeirlər, hekayələr  öyrədiləcək. Bizim gənc nəsil şagirdlər milli ruhda böyüsünlər. 2021-ci ildə 1-ci sinifdən 11-ci sinfə qədər bütün kitablarda dizayndan tutmuş şəkillərə qədər dəyişəcək.

Çünki əvvəllər bütün dərsliklərdə qan yaddaşımız, ərazilərin işğalı verilirdi. İndi isə Ali Baş Komandanımızın səyi nəticəsində işğal sona çatdı. Bütün faktlar tarix kitablarında yazılacaq”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu