“Tələblərə əməl olunmasa, karantin qaydaları sərtləşdiriləcək” – İDDİA

“Necə ki, Vətən müharibəsində həmrəylik və birlik göstərdik,  eləcə də COVİD-19 virusu qarşısında həmrəylik və birlik göstərməliyik”

Azərbaycanda karantin rejimi daha da sərtləşdirildi. Dünya ölkələri də yeni sərtləşmə mərhələsinə qədəm qoyur. Bir sıra Avropa ölkələrindən sonra qonşu Türkiyə və Rusiyada da karantin qaydaları ciddiləşib. Artıq ölkəmizdəki yeni karantin qaydaları ictimaiyyətə təqdim olunub. Son günlər ölkəmizdə yoluxma sayının pik həddə çatması karantin qaydalarının sərtləşməsinə səbəb oldu. Koronavirusa yoluxanlardan başqa ölənlərin sayında da kəskin artım var. Bu baxımdan ciddi tədbirlərin görülməsi labüddür. 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynovun “Sherg.az”a açıqlamasına görə, vətəndaş məsuliyyətsizliyi və biganəliyi yenədə öz fəsadlarını verməkdə davam edir:

“Dünən COVİD-19 virusuna yoluxma sayının kəskin artımını müşahidə etdik. Bir çox vətəndaşlar hələ də çox sadə qayda olan maska taxmaq, sosial məsafə saxlamaq və şəxsi gigiyenaya riayət  etmir. Getdikcə karantin rejiminin sərtləşdiyini müşahidə edirik. Vətəndaşlar arasında qoyulan qaydalara əməl etməyənlər olsa, karantin daha da sərtləşəcək”.

A.Hüseynov hesab edir ki, vətəndaşlara nəzarəti təkcə polislərin üzərinə qoymaq olmaz:

“Polislərə dəstək üçün  vətəndaş məsuliyyətinə nəzarəti həm vətəndaş cəmiyyətləri, həm də bələdiyyərlər həyata keçirməlidir. Həmçinin təklif edərdim ki, Operativ Qərargah tərəfindən bir neçə qaynar xətt yaradılsın. Sadə vətəndaşlar gördükləri  bütün müvafiq qayda pozuntuları haqqında  məlumat versinlər.

Vətən müharibəsində yaralanan əsgərlərimizi  nəzərə alsaq və  həkimlərimizin bir hissəsi hazırda məhz ordumuzun yanında olduğundan virusua yoluxanlara tibbi xidmət göstərmək çətinləşəcək. Beləliklə, yoluxanların sayı daha da artsa, onlar həkim nəzarətindən kənarda qala bilərlər. Bu vəziyyət ölüm sayının artmasına gətirib çıxaracaq”. 

Assosiasiya sədrinin sözlərinə görə, ağırlaşmaların qarşısının alınması üçün hər birimizin mənəvi borcu digər vətəndaşı qorumaqdır:

“Xüsusən vurğulamaq istərdim ki,  əsasən risk qrupuna 65 yaşdan yuxarı insanlar aiddir. Məhz bu yaş kateqoriyasında olan insanların cəmiyyət içində çalışması həm özünə,  həm də virus ötürücüsü olaraq digər vətəndaşlara risk yaradır.

COVİD-19 virusuna qarşı  peyvənd çıxana qədər hər birimizin gözəl bildiyi, lakin bir çoxlarının əməl etmədiyi qaydalara ciddi əməl etməklə yaşamalıyıq.

Necə ki, Vətən müharibəsində həmrəylik və birlik göstərdik,  eləcə də COVİD-19 virusu qarşısında həmrəylik və birlik göstərməliyik. Biz birlikdə güclüyük!”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu