Məşhur fotojurnalist Reza Deqati yenə Qarabağa tələsir

“Ermənistanın Fransadakı səfirinə dedim ki, siz 500 min nəfər deyil, lap 500 milyon olsanız da mən haqq sözünü söyləyəcəyəm”

Reza Deqatiyə bir neçə dəfə zəng etdik. Telefonu məşğul idi. Sonra özü zəng vurdu. Dedi ki, yol üstəyəm, Qarabağa gedirəm. Razılaşdıq ki, suallarımızı “WhatsApp”la cavablandırsın...

Vətən müharibəsinin taleyüklü günlərində Parisdən Azərbaycana gələn dünya şöhrətli fotojurnalist Reza Deqati, həmişə olduğu kimi, Qarabağ həqiqətlərini dünyaya sənətinin dili ilə anladır. Deyir ki, Fransa KİV-ləri üçün Azərbaycana fotomüxbir göndərmək maraqlı deyil. Hətta ona deyiblər ki, Ermənistana get, fotolarına nə qədər lazımdır pul verərik. Əslən Təbrizdən olan azərbaycanlı fotojurnalist öz puluna təyyarə bileti alıb ölkəmizə gələrək yaşadığımız tarixi günləri fotokamerasının yaddaşına köçürür. Bu gün onun çəkdiyi fotolar ölkəmizdə telekanallar, informasiya agentlikləri, xəbər saytları və portallar tərəfindən yayılır. Reza Deqati Qarabağda və ölkəmizin digər yerlərində müharibə vaxtı və sonra yaşanılanları fotolara həkk edir, KİV-lərə müsahibələr verir, telekanallara dəvət olunur. Necə deyərlər, bir dəqiqə belə boş vaxtı yoxdur. Suallarımızı da Füzuliyə gedərkən yolda cavablandırdı. Dedi ki, AZƏRTAC “Instagram” səhifəmdən nə qədər istəsə, fotolar götürüb saytında yerləşdirə bilər.

- Bir aydan çoxdur ki, Azərbaycandasınız. Haralara getdiniz, nələri lentə aldınız?

- Mən bu günlər iki istiqamətdə işləyirdim: həm işğaldan azad edilən ərazilərdə, həm də Ermənistan tərəfindən kasetli bomba hücumlarına məruz qalan Bərdə, Tərtər, Gəncə və digər yerlərdə. Əsgərlərimiz irəlilədikcə, mən də onların arxasınca gedirdim...
Reza Deqati Xudafərindən çəkdiyi yeni fotoları “Instagram” səhifəsində belə bir qeydlə paylaşır: “Cəbrayıllı köçkünlər bu yerləri 27 ildən sonra ilk dəfə görə biləcəklər”.
Tərtər rayon sakini 16 yaşlı Orxan İsmayılzadənin dəfnindən fotolar paylaşan Reza Deqati yazır: “Orxan bağlarında nar yığarkən Tərtər şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində həlak olub. Narın qırmızı rəngi onun axan qanını bizə kədərlə xatırladır”.
Bərdənin bombalanması zamanı həlak olan 7 yaşlı Aysu İsgəndərovanın dəfninə aid fotoları belə bir şərhlə təqdim edir: “Bombardman baş verən zaman kiçik bacısı ilə birlikdə çiçək yığırdı”...

- Dağıdılmış şəhərləri, kəndləri, tarixi abidələri görəndə nə kimi hisslər keçirirsiniz?

- Bilirsiniz, mən əslində memaram və bunlara memar gözü ilə baxıram. Getdiyim kəndlərdə bir salamat evə rast gəlmədim. İki məscid nisbətən salamat qalıb. Qubadlının Məmər və Füzulinin Alxanlı kəndində olan qədim məscidlərdə donuz, mal-qara saxlayıblar. Bunların hamısının fotosunu çəkmişəm...
Fotojurnalist “Donuz tövləsinə döndərilmiş məscid” qeydi ilə paylaşdığı fotolara bu şərhi verir: “Mən məscidə girdim, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxu ağır idi. Mən heyvanlara su verilən iki qab gördüm. Əsgərlər mənə dedilər ki, onlar məscidə daxil olanda ora donuzla dolu idi”.
Füzulinin Alxanlı kəndindəki məscidə dair paylaşımında Reza Deqati yazır: "Burada gördüyüm mənzərə əvvəlki yerlərdən heç də fərqlənmirdi. Belə görünür ki, ermənilərin məscidləri tövləyə çevirmək kimi adəti var. Bu, onların müsəlmanların ibadət yerlərinə münasibətini göstərir”.
Müsahibimiz deyir ki, eşitdiyinə görə, işğaldan azad edilmiş şəhər və kəndlərimiz vaxtilə çox gözəl olub. Bu yerlər bərpa ediləndə modern memarlığa deyil, ənənəvi üsluba üstünlük verilməsi daha yaxşı olar. Məsələn, İtaliyada, Fransada, İspaniyada qədim kəndlər saxlanılıb, oralara milyonlarla turist gedir. Qarabağ bölgəsi də belə ola bilər.
Reza Deqati Qarabağda və Azərbaycanın digər guşələrində çəkdiyi minlərlə fotonu hazırda sosial şəbəkələrdə paylaşır. Qeyd edək ki, “National Geographic”, “Time Photo” və digər populyar jurnallar onun əsərlərinə yer ayırır, fotoları “PixPalace” platformasında yerləşdirilir.
Fotojurnalist 20 Yanvar faciəsinin, Xocalı soyqırımının şahidləri ilə, qaçqın və məcburi köçkünlərlə görüşüb, erməni faşistlərinin vəhşiliyini əks etdirən səhnələri, doğmalarını itirdiyinə görə iztirab çəkən insanları lentə alıb. Hər kəsin anladığı dillə - fotoların dili ilə Azərbaycan həqiqətlərindən bəhs edən Reza Deqatinin əsərləri Avropanın bir çox ölkələrində sərgilənib.

- Siz erməni lobbisinin güclü olduğu Fransada yaşayırsınız. Təzyiqlər, təqiblər, maneələr olurmu?

- Qırx ildir Fransada yaşayıram, bu dövlətin vətəndaşıyam. 1992-ci ildən Xocalı faciəsini, məcburi köçkünlər məsələsini dünyaya anlatmağa çalışdım və elə o vaxtdan erməni lobbisinin hədəfinə çevrildim. Məsələn, sərgilərimə gələrək oradakı fotoları cırırlar. Bir dəfə sərgimin açılışından bir neçə saat əvvəl bütün şəkillərə təhqiramiz sözlər yazmışdılar. Elə olub ki, konfranslarda çıxış etdiyim zaman qışqıraraq deyiblər ki, bu, Azərbaycan hökumətinin adamıdır. İnternetdə də əleyhimə çox yazırlar. Bir dəfə Ermənistanın Fransadakı səfiri Parisdə məni söhbət etməyə çağırmışdı. Bu ölkədə bir qayda olaraq nazirlər, diplomatlar, səfirlər başqa millətlərdən olan sənət adamlarına hörmətlə yanaşırlar. Yəni elə vaxt olub ki, məsələn, bir tədbirdə Fransa Prezidenti nahar zamanı məni öz yanında əyləşməyə dəvət edib. Ermənistanın Fransadakı səfiri də məni yeməyə dəvət edəndə ondan nə barədə söhbət edəcəyini soruşdum. Dedi ki, fotolarımdan xoşu gəlir. Həmin günlərdə Parisdə parlament binasının yanında mənim böyük sərgim keçirilirdi. O sərgidə Xocalı haqqında məşhur fotom – qadının oğlunun və ərinin cəsədini tapdığını və onların gözlərinin çıxarıldığını deyərək fəryad qopardığı məqamda çəkdiyim foto da var idi. Ermənistan səfiri Fransada ermənilərin 500 min, mənim isə tək olduğumu söyləyərək məni qorxutmağa və tutduğum yoldan döndərməyə çalışdı. Hətta dedi ki, axı Siz əslən Təbrizdənsiniz. Ermənistanın İranla, iranlılarla çox yaxşı münasibəti var, Siz də bizimlə işləyin.

Mən etiraz etdim. Bir fotojurnalist olaraq gördüklərimi dünyaya çatdırmaq üçün məsuliyyət daşıdığımı, o cümlədən Ermənistanın Xocalıda törətdikləri qətliamdan fotolarım olduğunu bildirdim. Dedim ki, siz 500 min nəfər deyil, 5 milyon, lap 500 yüz milyon olsanız, mən haqq sözünü deyəcəyəm və durub getdim. Sabahısı bunlar adam göndərdilər, sərgidə həmin məşhur fotonu cırdılar. Mən o fotonun yerini boş saxladım, yazdım ki, hər kəsin fikrini açıq söylədiyi Parisdə məni sərgi keçirməyə qoymurlar. Ona görə də mən bu fotonu mən veb-saytıma qoymuşam və hər kəs baxa bilər. Həmçinin veb-saytıma digər fotoları qoydum. Erməni lobbisi məni məhkəməyə çəkmək üçün vəkil də tutmuşdu... Digər bir təzyiq də maliyyə məsələsindədir. Bu illər ərzində 20-30 layihəmin həyata keçməsinə mane olublar. Məsələn, Fransada hər hansı muzey fotolarımı sərgiləmək istəyir. Bu zaman həmin muzeyə təzyiqlər göstərilir. Beləliklə, sərgi baş tutmur.

Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin “Şərəf” medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə “Mühacirin düşüncələri”, “Kəsişən talelər”, Vaşinqtonda “Bir dünya, bir tayfa”, Normandiyada “Müharibə+Sülh” və Dohada “Ümid” adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısı olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu