Onlar Şuşaya qayıdır!

Nərgiz nənə: "Evimizi dağıtsalar da, çadır düzəldib qalarıq orda"

"Yatmışdım, anamın "Şuşa" sözünü dəfələrlə, ağlayaraq deməsi, məni yuxudan oyatdı"


Prezident İlham Əliyev: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz evimizə qayıtdıq..." Bu kəlmələr şuşalı olan və olmayan hər kəsi sevinc göz yaşlarına boğdu. Kiçikdən böyüyə hər kəs küçələrə axışdı, sevincini, qürurunu paylaşdı. 28 il sonra öz vətəninə qayıdacağı günü dörd gözlə gözləyən şuşalılar yerə-göyə sığmayan sevincini "Şərq"lə bölüşüblər.

Gənclərimiz deyir ki, heç vaxt o yerlərə ayaq basmasaq da, valideyinlərimiz elə danışıb ki, bütün varlığımız ilə hiss edirik Şuşamızı:







Minurə Quluzadə:

- Mən yeni dövrün gənciyəm, amma vətənə, millətə bağlı biriyəm. Əslən şuşalıyam. Şuşa məndə elə bir gözəl duyğu, hiss buraxıb ki, bunun qiyməti belə yoxdur. Evdəkilərin Şuşa təbiətni, insanların mehribanlığını, şəhərin təmiz havasını sözdə elə canlandırırlar ki, sanki orda böyümüşəm. Çox istəyirdim ki, orda uşağlığımı, gəncliyimi, tələbəllik illərimi keçirəm. Hər il Şuşanın işğal günündə canımızın yanması, atamın Şuşa təəssüratlarını bizimlə bölüşməsi hələ də yadımdadır. Şükürlər olsun ki, bu il o işğal günündə pis olmayacağıq. Ali Baş Komandanın güclü siyasəti nəticəsində torpaqlarımız geri qayıtdı. Torpaq uğrunda ölən varsa, vətəndir. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin qanı yerdə qalmadı. 8 noyabr 2020- ci il: Həyatımda bəlkə də bu qədər sevinməmişdim. Yatmışdım, evdə qışqırıq səsi eşitdim, anamın "Şuşa" sözünü dəfələrlə, ağlayaraq deməsi məni yuxudan oyatdı. Sanki yuxu idi. Sevinc göz yaşıma hakim ola bilmədim. Atam işdən tez gəldi, bir-birimizi təbrik etdik, şəhərə çıxıb sevincimizi bölüşdük. Bununla da yenidən fəxr etdim ki, mən azərbaycanlıyam!

Ülkər Məhərrəmova:

- Mən heç vaxt o yerləri görməsəm də, Şuşamızın qayıdışının xoşbəxtliyini bütün varlığımda hiss elədim. Necə gözəl imiş atamın, babamın doğulub böyüdüyü yerləri görəcəyim ümidinin gerçəkləşməsi. Onların ayaq izləri, uşaqlığı, ən gözəl günləri keçən torpağa toxunub bunu hiss eləyəcəyim üçün çox duyğulanıram. Vətən sevgisi qandan gəlir. Şuşa Azərbaycanın ürəyidir. Köklərimin bu gözəl torpaqdan gəlməyi mənə necə qürur verir, bunu heç bir sözlə ifadə eləyə bilmərəm. Hər bir xoş günümüzdə, "O gün olsun ki, Şuşada qeyd edək" arzusunun bu gün gerçək olmağı ən böyük möcüzədir. Allahın ədalətinə şükürlər olsun.

Bir də Şuşada doğulub böyüyən, nənələrimiz, babalarımız... Vaxtı ilə isti evindən, torpağından qovulanların qələbə sevinci bir başqa cürdür:

Əvəz Quliyev:

- Mən Şuşada anadan olmuşam, uşaqlığımı və gəncliyimi Şuşada keçirmişəm. Oranın təbiəti, təmiz havası və mənzərəsi heç bir yerdə görünməyib. Havanın təmizliyindən insanların yorğunluğunu görmək belə olmurdu. Şəhərin mənzərəsinin təbiətə qucaq açması insanda başqa bir heyrət yaradırdı. Şuşa əhlinin bir xarakteri vardı ki, evdən çıxıb, mənzil başına gedib çıxana kimi rastlaşdığın insanlarla hal-əhval tutmalı idin. 28 il gözlədiyimiz xəbər noyabrın 8-i bizə nəsib oldu. Əsgərlərimiz və cənab Ali Baş Komandanın səyi nəticəsində Qarabağın incisi olan Şuşamızı bizə qaytardı. Gələcəy planıma əsasən, Şuşada böyük bir ev tikib, həyatı doya-doya yaşamaq istəyirəm. Mən fəxr edirəm ki, qarabağlıyam və fəxr edirəm ki, şuşalıyam.

Şərqiyyə Rüstəmova:

- O hissi yaşamasan bilməzsən. Necə hala düşdüm bir Allah bilir. O xəbəri eşidəndə bir anlıq Şuşada yaşadığım gənclik illərimə qayıtdım. Həmin anda evdə tək idim, bilmədim nə edim, qışqırımmı, yoxsa, çölə çıxım?! İstədim çölə çıxıb qışqırım, sonra dedim deyəcəklər ki, dəli olub (gülür). Bütün Şuşa: evimiz, iş yerim, gəzdiyim Cıdır düzü, İsabulağı, gözəl Şuşa meşələri yadıma düşdü. Nə qədər desəm də, danışsam da, o hissi anlada bilmərəm sizə.

Gülbəniz Səfərəliyeva:

- Bu hisslər o qədər əziz, o qədər müqəddəs hisslərdir ki, bunu anlatmağa bəlkə də 4-5 saat lazımdır. Qələbə xəbərini eşidəndə mənim bu yaşıma qədər bütün həyatım gözümün qabağından gəlib keçdi. Uşaqlıq illərim, valideynlərim, o gözəl, şən yaşadığım həyat, həmçinin, bu qələbə sevincini yaşayanda bu dünyadan Şuşa həsrətilə vaxtsız köçən əzizlərimiz, nisgilli qocalarımız, cavanlarımız gəlib gözümün qabağında durdular. Bir tərəfdən də şükür etdim ki, heç olmasa biz bu günləri gördük, şəhidlərimizin qanı yerdə qalmadı. Onları da mən əzizlərim bilirəm və qarşılarında baş əyirəm. Mən belə qəhrəman, igid övladlar yetişdirdikləri üçün şəhid anaları qarşısında baş əyirəm. Əminəm ki, Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti nəticəsində Qarabağımız yenidən dirçələcək. Lakin çox istərdim ki, Qarabağımızın yenidən qurulmasında və abadlaşdırılmasında siz gənclər yaxından iştirak edəsiniz.

Nərgiz Hüseynova:

- Onu mən heç nə ilə ifadə edə bilmərəm. Gərək mənim ürəyimə girəsiz ki, biləsiz mən nə hisslər keçirirəm. Dünyada mənim üçün bundan gözəl xəbər ola bilməz. 28 illik torpaq həsrətim bitdi. Evimizi dağıtsalar da çadır düzəldib qalarıq orda. İstəyirəm o havadan udum, Şuşa torpağına ayaq basım. Oranın havası cənnət havasıdır. Kaş bütün rəhmətə gedənlərim bu günü görər, mənimlə birgə gedib Şuşa torpağına ayaq basardılar.

Şəlalə Hüseynova:

- Hamımızın gözü aydın olsun. Mənim hazırda sevincimin həddi-hüdudu yoxdur. Mənim balalarım şuşalıdırlar və onlar öz tarixi torpaqlarına, dədə-baba yurdlarına, torpaqlarına qovuşublar, həmd olsun Allahın adına, yəqin ki, bu hissləri hamımız yaşayırıq. Qanında azərbaycanlı qanı axan, Azərbaycan vətəndaşı olan hər kəs bu sevinci, bu xoşbəxtliyi yaşayır, bununla qürur duyur. Şuşa xarı bülbül, İsa bulağı, Natəvanın poeziyası, Üzeyir bəyin musiqisi deməkdir, Vaqifin şeirləri, Gövhər məscidimiz deməkdir. Bunları bizə qovuşduran əsgərlərimə Allah can sağlığı versin, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Dürdanə Vəzirova:

- Ümumi götürəndə belə düşünürəm ki, televiziyada deyilənlər, hamının söhbətləri eyni söhbətlər və fikirlərdir. Biz öz ana yurdumuza qayıtmaqda şəhidlərimizə, əsgərlərə, ordumuza, cənab Ali Baş Komandan İlham Əliyevə, türk qardaşlarımıza və cənab Ərdoğana borcluyuq. Biz hər zaman tək olmuşuq. Ancaq indi onlar bizi tək qoymadılar, arxa-dayaq oldular. Mən inşaallah gec-tez ya Bakıda, ya da Şuşada Prezidentimizə də, əgər gəlsə Ərdoğan cənablarına da öz təşəkkürümü bildirəcəm. Öz elimə, obama, doğma Şuşama qayıtmağım mənim üçün 2-ci dəfə dünyaya gəlmək deməkdir. Mən ordan qaçqın düşəndə heç 30 yaşım yox idi. Amma indi mən gedib orda 60 yaşımı qeyd edəcəm. Lakin mən Şuşaya 30 yaşımdakı kimi şən və gümrah qayıdacam. Allahın izni ilə biz orda uzun ömür sürək. Şuşamızın havasını ciyərimizə çəkək, suyundan doyunca içək. Mən hər gecə başımı yastığa qoyanda o qədər şükür edirəm ki, axır ki, biz gedib ora çıxacağıq. Gedib öz həyətimizi, evimizi düzəldib yeni həyata başlayacağıq. Bizimki qayıdış deyil, biz sanki yenidən doğuluruq. Şəxsən mən Şuşaya gedəndə yenidən doğulacam. Bizim qəbirlərimiz, əziz ölülərimiz, uşaqlığımız, cavanlıq xatirələrimiz hamısı ordadır. Mən Şuşada doğulub, orda boya-başa çatmışam. Və Şuşa alınana kimi də orda yaşamışam. Mənim bu 30 ildə yaşadıqlarımı heç ömrümə-günümə yazmaq istəmirəm. Mən bu müharibəni iki dəfə yaşadım, bir 1992- də, bir də indi. Şəhidlərimizin ailələrinə başsağlığı verirəm, şəhidlərin anaları qarşısında baş əyirəm. Qazilərimizə şəfalar diləyirəm.

Banuçiçək Hüseynli,
Sona Şıxəmirli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu