“İqtisadiyyatımızın lokomotivi Qarabağa keçə bilər”- Neft erası bitir ?

"Çünki həmin ərazilər tarixi abidələrlə zəngindir. Turizm üçün də çox böyük perspektivlər var”

“Bu ərazilərin gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük həcmdə dəstək verəcəyini indidən söyləmək mümkündür”

Düzgün sistem qura bilsək, yaxın 10 ildə Azərbaycan iqtisadi yüksəliş modelini həmin torpaqlar təşkil edəcək”
 
 




Sentyabr ayının 27-dən başlayan Vətən müharibəsi nəticəsində işğal altında olan bəzi ərazilərimiz- Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və mühüm əhəmiyyətli strateji yüksəkliklər  hərbi yolla işğaldan azad edilib. 44 gün davam edən döyüşlər nəticəsində rəşadətli Azərbaycan ordusu düşmənin çoxlu sayda hərbi texnika və canlı qüvvəsini məhv edib.
2020-ci il 10 noyabr tarixində imzalanan 3 tərəfli bəyanat nəticəsində Azərbaycanın işğal altında olan digər ərazilərin ölkəmizə qaytarılması prosesinə başlanıldı. Artıq noyabın 20-də düşmən Ağdam rayonunu boşaltmağa məcbur oldu.  Bundan sonra növbə Kəlbəcər və Laçınındır. Sənədə əsasən dekabrın 1-də Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Əlbəttə, təbii sərvətlərlə zəngin olan həmin ərazilər zamanında Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verib. 

Maraqlıdır, bəs indi işğaldan azad olunmuş ərazilərin Azərbaycan iqtisadiyyatına nə kimi müsbət təsirləri ola bilər? Bunun üçün hansı lazımi addımlar atılmalıdır? 



Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, yaxın 10 ildə Axərbaycan iqtisadi yüksəliş modelini və konsepsiyasını işğaldan azad olunmuş torpaqlar təşkil edəcək:

Ümumiyyətlə, bu torpaqların əhəmiyyəti çox böyükdür. Bunun mənəvi dəyəri, hərbi qələbəsi, geosiyasi hekayəsi, iqtisadi fürsətlər üçün açılan pəncərələri də var.

Müharibə Azərbaycan xalqı üçün kifayət qədər uğurlu və gələcəyə müəyyən ciddi perspektivlər yarada biləcək qələbə ilə başa çatdı. Ancaq bu məslələr addım-addım həyata keçiriləcək. Çünki işğaldan azad edilmiş ərazilərdə düşmən qüvvələrin daşı daş üstündə qoymadıqlarını görürük.

Ona görə də ilkin addım kimi təhlükəsizlik qaydaları tətbiq olunmalıdır. Minalardan təmizləmə, müharibənin izlərinin silinməsi, təhlükəsizlik bucağının yaradılması, sərhədlərin möhkəm qorunması üçün işlər görülməlidir.

Bundan sonra infrastruktur layihələri başlayacaq. Yəni, yolların kommunikasiya xətləri, qaz, işıq, su, kanalizasiyanın çəkilməsi və. s. kimi tədbirlər həyata keçiriləcək. Həmin ərazilər təbii sərvətlər, qiymətli metallarla zəngindir. Bunun da iqtisadiyyata müsbət təsirləri olacaq.

Ən böyük təsirlərdən biri də suvarılması mümkün olan münbit torpaqlardır.

Turizm üçün də çox böyük perspektivlər var. Çünki həmin ərazilər tarixi abidələrlə zəngindir. Əgər turizmlə bağlı məsələlər düzgün qurulsa, orada kifayət qədər turist cəlb edəcək obyektlər var. İşğaldan azad edilmiş ərazilərin gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük həcmdə dəstək verəcəyini indidən söyləmək mümkündür.

Ancaq ilkin 3-5 ildə həmin bölgələrin iqtisadi aktiv vəziyyətə gətirilməsi, insanların yaşaması üçün Azərbaycan milyardlarla manat xərcləməli olacaq. Düzgün sistem qura bilsək, yaxın 10 ildə Azərbaycan iqtisadi yüksəliş modelini və konsepsiyasını işğaldan azad olunmuş torpaqlar təşkil edəcək.

Azərbaycanın iqtisadiyyat lokomotivi neft sektorundan işğaldan azad olunmuş bölgələrə keçə bilər. Biz bunu doğru planlasaq, kifayət qədər ölkənin o resurslardan asılılığını da azalda biləcək addımlar atıla bilər.

Pərvin Piriyev

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu