ABŞ-dakı azərbaycanlı rəssam:“Baydenin siyasəti xeyrimizə olacaq” - Zəfərimiz hər şeyi dəyişib !

“Amerikanın xarici siyasəti Obama dövründə olduğu kimi davam edəcək”

“Lakin indi rus qüvvələrini Cənubi Qafqazda balanslaşdırmaq istəyən siyasət ortaya çıxacaq”

“Rusiyanın nüfuzunun azalmasından ötrü ABŞ-Türkiyə münasibətləri möhkəmlənməlidir”

“Baydenin dövründə Azərbaycanın NATO-ya qoşulacağına da inanıram. Qardaş Türkiyə də bizə yardım edəcək”
 
Bir-birimizə- nəinki əzizlərimizə, yaxınlarımıza, hətta heç tanımaqdıqlarımıza, üzünü bircə dəfə belə, görmədiyimiz insanlara qələbə müjdəsini vermək, qarşılıqlı təbrikləşmək elə gözəldir ki!.. Kimisə yolda saxlayıb “Xəbərin var, Zəngilanı aldıq” deyirsən. Avtobus salonundakı sərnişinlərlə indicə telefonundan oxuduğun “Ordumuz Şuşaya daxil oldu” xəbərini bölüşürsən, satıcı xalaya “Ağdamı sülhlə, heç bir itkisiz geri aldıq” deyirsən, şəhid anasına müharibənin bitdiyini söyləyirsən…Bu hissi təsvir etmək mümkün deyil. “Mən qalib xalqın nümayəndəsiyəm” hər dildə fərqli səslənsə də, eyni emosiyalarla müşahidə olunur. Hələ növbəti cümlələrin otuz ildir həsrət qaldımız torpaqlara qayıtmağımız, tarixi ədaləti bərpa etməyimiz barədə olduğunu nəzərə alsaq, deməli, indi dünyada bizdən xoşbəxti yoxdur! “Biz” deyəndə təkcə Azərbaycanda yaşayanları yox ha, planetin ayrı-ayrı ölkələrinə yayılmış bütün soydaşlarımızı nəzərdə tuturam. Onların duaları da,  yuxuları da Qarabağla başlayıb, Qarabağla bitirdi. Nəhayət, dualar gerçəkləşdi, yuxular reallaşdı.

“Sherg.az” olaraq Amerikada yaşayan həmvətənimiz, tanınmış rəssam Əbülfəz Bahadurilə söhbətləşdik və yaşanan hadisələrlə bağlı onun da fikirlərini öyrəndik:

-Amerikada yerli əhali arasında Qarabağ ətrafında baş verən siyasi hadisələrə, həmçinin 44 günlük müharibəyə münasibət necədir?

-Əvvəlcə, fürsətdən istifadə edib, şəhidlərimizin ailələrinə baş sağlığı verir və möhtəşəm qələbə münasibətilə ordumuza minnətdarlığımı bildirirəm. Silahlı qüvvələrimizlə fəxr edirəm. Bildirmək istəyirəm ki, Amerika mediası xarici xəbərləri yetəri qədər işıqlandırmır. Ötən müddətdə prezident seçkiləri və koronavirus pandemiyası ilə bağlı xəbərlər daha çox oxunub. İkinci bir tərəfdən BBC-nin, “Amerikanın səsi”nin Bakıda yerli ofislərinin olmaması müharibənin əvvəllərindən etibarən “fake news”ların yayılmasına şərait yaradırdı. Nəzərə almaq lazımdır ki, həmin KİV-in çoxunun İrəvanda ofisi var. Faktların Amerika xalqına çatdırılmasına mane olan birinci səbəb buradakı erməni lobbisi idisə, ikincisi az sayda  xarici müxbirin Azərbaycanda olması idi. Mən özüm də daxil, Amerikada diaspor cəmiyyətimiz hazırda üç istiqamətdə fəaliyyət aparmaqdayıq: sosial şəbəkələrdə erməni yalanlarını ifşa edir, Amerika və Avropa mediasında yayılan həqiqətdən uzaq xəbərlərə etiraz bildiririk. Eyni zamanda, ABŞ qanunvericiləri və Ağ evə müraciət edərək erməni lobbisinin Azərbaycan və Türkiyəyə qarşı sanksiya çağırışlarını zərərsizləşdirməyə çalışırıq. Cəhdlərimiz müsbət nəticə verir.  Müharibənin ortalarından  ən azı beynəlxalq mətbuat bizim həqiqətləri əks etdirməyə başladı.  Erməni lobbisinin cəhdlərinə rəğmən, Azərbaycana qarşı heç bir sanksiya və təzyiq tətbiq edilməyib. Amerikanın yerli əhalisiylə danışanda onlarda ilk günlərə nisbətən daha düzgün təssəvür yarandığının şahid oluruq. Amerikalı dostlarım Konqres nümayəndələrinə bizim xeyrimizə müraciət məktubları yazıb göndərir. Həmçinin Azərbaycanın dövlət orqanları da çox faktların yayılmasına yardım edib. Onlar beynəlxaq insan haqları təşkilatları və xəbər agentliklərini Gəncə, Tərtər və Bərdəyə çağırdı. Bununla ermənilərin mülki əhaliyə qarşı müharibə cinayətləri aşkar edildi. Nə yazıq ki, beynəlxaq mətbuat günahsız insanların ölümündən sonra faktları yazmağa başladı. Amma bu, dünyanın hər yerində həmişə belə olur.

-ATƏT- in həmsədrlərindən biri kimi, ABŞ - in münasibətini necə qiymətləndirirsiniz?

-Təəssüflə deməliyəm ki, ATƏT və ABŞ 30 ildir heç bir iş görməyib. BMT-nin Azərbaycanın ərazi bütövlüyünü tanıması və işğalçı ordunun torpaqlarımızı tərk etməsinə dair verdiyi 4 qətnamənin icrası üçün Ermənistana heç bir təzyiq göstərilməyib. Əksinə, torpaqlarımızın işğalı müddətini uzadıblar. Ordumuzun müdaxiləsi olmasaydı, torpaqlarımız heç vaxt işğaldan qurtarılmayacaqdı.

İndiki halda Minsk qrupunun yenilənməsi, xüsusilə Fransanın həmin üçlükdən çıxarılması şərilə bizim beynəlxalq vasitəçiləyə yenə ehtiyacımız olacaq. Əks halda, sülhməramlı adı ilə gələn rus ordusu separatçı erməni qüvvələri ilə birləşəcək və hazırkı statusu qorumağa çalışacaqlar. Onlar Gürcüstanda da belə edib, yəni ölkəni faktiki olaraq işğal altında saxlayıblar. Həm də mən 20 yanvar hadisələrini əsla unuda bilmirəm. Ruslardan sülhməramlı çıxmaz. 
 
-Rəsmiləşməsə də, prezident seçkilərində Co Baydenin qalib gəldiyi deyilir. Sizcə,  hakimiyyət dəyişikliyi Cənubi Qafqazdakı geosiyasi vəziyyətə nə cür təsir göstərə bilər?
 
- Çox maraqlı sualdır. Bizim Amerikada yaşayan Azərbaycan diaspor icması da konkret məsələni müntəzəm müzakirə edir. Təbii ki, fikir ayrılıqları da var və mən bunu müsbət sayıram. Çünki bizim lobbiçilik fəaliyyətimiz həm Respublikaçı, həm də Demokrat nümayəndələrə yönəlməlidir. Amerika vətəndaşları olan Azərbaycanlıların bəzisi Trampa səs verdi. Bunun iki səbəbi var.

- Nələrdir?

- Birincisi, Tramp müharibəyə reaksiya göstərməmişdi və ordumuz irəliləyirdi. İkincisi isə onlar Baydenin Kaliforniya ştatının çoxsaylı erməni seçicilərinin təzyiqi altında Demokrat qanunvericilərinin təsirində qalacağından narahat idi. Lakin biz Trampın Rusiyanın Ukrayna, Suriya, Liviyadakı işğalçı siyasətlərinə heç bir etiraz etmədiyinin şahidiyik. O, heç cür Putinə qarşı çıxmaq istəmirdi. Fikrimcə, yaranmış yeni sülh dövründə Baydenin xarici siyasəti daha çox bizim xeyrimizə olacaq. Amerikanın xarici siyasəti Obama dövründə olduğu kimi davam edəcək. Lakin indi rus qüvvələrini Cənubi Qafqazda balanslaşdırmaq istəyən siyasət ortaya çıxacaq. Rusiyanın nüfuzunun azalmasından ötrü ABŞ-Türkiyə münasibətləri möhkəmlənməlidir. Hər halda ordumuzun zəfəri hər şeyi dəyişib. İranla sərhəd torpaqlarımızın azad edilməsi də mühüm amildir. Azərbaycan həmişəki kimi yenə də ABŞ-ın müttəfiqidir. Amma İranla sərhəddən qeyri-qanuni yük daşımaları daha mümkün deyil. Biz azad etdiyimiz torpaqları qorumaqla ABŞ-ın təhlükəsizliyini və milli mənafeyini təkcə Cənubi Qafqazda deyil, bütün Yaxın Şərqdə müdafiə edirik. Mən Baydenin dövründə Azərbaycanın NATO-ya qoşulacağına da inanıram. Qardaş Türkiyə də bizə yardım edəcək.
 
-Deyəsən, əslən Cənubi Azərbaycandansınız? Etiraf etmək lazımdır ki, İranın əməli ilə sözü bəzən üst -üstə düşmür. Bu barədə nə düşünürsünüz?

-Bəli, mən Təbrizdə anadan olmuşam. Çox gənc yaşlarımda təhsil üçün doğma Azərbaycan torpağını, əziz vətənimizin güneyini tərk etsəm də, o yerlərə hakim olan İran İslam Respublikasının hiyləgər siyasətləriylə tanışam. Tamamiylə razıyam, İran hökuməti həmişə Ermənistana yardım edib və bundan sonra da edəcək. Çünki birləşməyimizdən qorxur. Xalqımız Gülüstan müqaviləsindən bəri, 1945-1946-cı illər istisna olaraq, heç vaxt indiki kimi birləşməmişdi. Bu birlik milli birlikdir. Başqa sözlə desək, milli şüur birliyi mahiyyəti daşıyır. Bizim cənubdakı gənclərimiz Azərbaycan ordusuna qoşulmaq üçün özlərini, az qala, Araza atırdı. Hamımız bizim Qarabağ aşıqlarının  Qarabağı azad edən qəhrəman əsgərlərimizi Cəngi Koroğlu və Qəhrəmani havasıyla necə müşayiət etdiyinin şahid olduq. Xalqımız öz milli səsiylə milli musiqi alətləriylə birləşdi. Nə yazıq ki, çoxları tutulub, həbs və işgəncəyə məruz qaldı. Amma cənub şəhərlərində etiraz qiyamları həm İran-Ermənistan sərhəddinin bağlanmasına, həm də İran rəhbərini Azərbaycan ərazi bütövlüyünün vacibliyini dilə gətirməyə vadar etdi.
 
-Xaricdə yaşayan soydaşımız kimi məlumatları hardan alırsınız?
 
-Daha çox Azərbaycan və türkdilli “Youtube” kanallarını izləyirəm. Hər gün ən azı 10 müxtəlif kanala baxıram. Həmçinin işləyə-işləyə də qulaq asıram. Rus dilini bilən dostlar həmin kanalları da izləyib, mənə məzmununu deyirlər. Güney hərəkatı haqqında “Teleqram” kanallarından məlumat alıram. Əlbəttə, ingilisdilli mətbuatı da oxuyuruq. Ermənipərəst mövqe görən kimi etirazımızı bildiririk. Həmçinin “Watsapp”da diaspor qrupumuz var. Hər gün fikir mübadiləsi aparır, növbəti kampaniyalarımız barədə düşünürük. Sağ olsun, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi bizi bir araya gətirib. Axı bu boyda Amerikada, müxtəlif ştatlarda fəaliyyət göstərən Azərbaycan mədəni qurumlarının bir-birindən xəbəri yoxi di! İndi  Qarabağ bizi də birləşdirib. Əziz prezidentimiz demişkən, yumruq kimi birləşmişik.
 
-Rəssamların daha emosional olduğu, bəzən görünməyənləri gördükləri məlumdur. Elə isə, bir rəssam kimi 44 günlük müharibədə sizi ən çox düşündürən, diqqətinizi çəkən nə oldu?
 
-Düz deyirsiz, indiyədək nə qədər emosional olduğumu anlamamışdım. Ta ki, məlum 44 günə qədər. Gözlərimin yaşı sevinc və qürurdan bir gün belə dayanmayıb. İlk azad olunan torpaqlarımız, güney əhalisinin Araz sahilindən şimal sahili torpaqlarına qədəm basan qəhrəman əsgərlərimizi alqışlaması videolarını görəndə, qardaşım Təbrizdən “Biz Azərbaycan yandaşı deyilik-Biz Azərbaycanın özüyük” kampaniyası haqda yazanda, Xudafərin və Şuşanın azad edilməsi və başqa fərəhli anlarda… Amma bu günlərdə kədərimiz də az olmadı. Mülki əhalimizin dəfələrlə hədəf alınması, məsum uşaqların ölümü, şəhid ana və övladlarının yası… Əslində 44 günlük müharibədən sonra da emosiyalarımız  bitməyib. Kəlbəcərdə evlərimizin, milli və təbii sərvətimizin yandırılıb məhv ediməsinin şahidiyik. Bu günlər müharibə vaxtındakından daha çox oyaq olmalıyıq. Amma hissiyata qapanmamaq da çətindir.
 
-Bilirik ki, erməni lobbisi müxtəlif ölkələrdə terrorlara əl atır? ABŞ-da da belə cəhdlər olurmu?
 
-Bəli, ermənilərin fiziki, mənəvi və kiber terrorlarının sayı- hesabı yoxdur. Onların heç də hamısından xəbərim olmur. Amma diaspor cəmiyyətimiz davamlı olaraq polis və yerli təhlükəsizlik orqanlarına bu kimi hadisələr haqda məlumat verdiyini bildirir. Müharibədən əvvəl ermənilərin Tovuza atəş açmasına qarşı Los -Anceles şəhərində etiraz nümayişləri keçirən bir neçə gənc həmvətənimiz erməni quldur dəstələrinin hücumuna məruz qalaraq ağır yaralandı. Azərbaycanın Los -Ancelesdəki baş konsulu sosial mediada dəfələrlə ölümlə təhdid edilib. Fiziki hücum və təhdidlərin çoxu Kaliforniyada baş verir. Bir həftə əvvəl  Los Ancelesdə erməni quldurları yenə bir Azərbaycan kafesinə hücüm edərək pəncərələri sındırıb, sahibini döyüb əzmişdilər. Onlar “ “Artsax” Ermənistandır” bağırıb qaçıblar. Tez- tez internet səhifələrimizi və sosial şəbəkələrimizi kiber hücumlara məruz qoyur, ya da  şikayətlər edib qapadırlar.
 
-Maraqlıdır, bir rəssam olaraq Qarabağ müharibəsinə dair indiyədək hansı işləri görmüsünüz?
 
-Mən abstrak işləyirəm. Amma hissiyatım şüuraltı üzə çıxır. Bunu sonradan bilirəm.  44 gün içində rəssamlığa az vaxt tapırdım—xəbər izləməkdən və xəbərlərimizi paylaşmaqdan, necə deyərlər, baş aça bilmirdim. Amma “Librated 1-3” adlandırdığım əsəri azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilana həsr etdim. 2011-ci ildə “Xarı Bülbül”, müharibədən bir neçə ay əvvəl isə “İsa Bulağı”  tablolarını çəkmişdim. “Xarı Bülbül” daha realdır—əslində gülün abstrakt formudur. “İsa bulağ”ı isə, əksin, tamamilə abstrakt. Axı mən oranı görməmişəm! Dünən, nəhayət, YouTubda əsgərlərimizin bulaqdan su içmələrini izlədim. Həmin an sözügedən rəsmin verdiyi hissiyatla eyni duyğunu yaşadım—həsrətin sonu. Başa düşdüm ki, bu rəsm əsərində vətən həsrətimə son qoyulması niyyəti yaşayır. Sən demə, əsəri fərqində belə olmadan həmin emosiya ilə yaratmışam.
 
-Bəs Ermənsitan baş nazirinin biabırçı məğlubiyyətini necə təsvir edərdiniz?
 
-O, başdan-ayağa təlxəkdir. Deməli, təsvir etməyə ehtiyac yoxdur. Təki bir az hakimiyyətdə qalsın ki, uğurlarımız artsın. Sarsaq baş nazir ermənilərin həqiqi simasının beynəlxalq ictimaiyyətə tanıdılmasına yardım edir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu