Kalının bəyanatı CİDDİ MESAJDIR: “NATO Qarabağda...”

“Bəyanat həm də Türkiyənin Qərb müttəfiqlərinin sakitləşməsi üçündür”

“Türkiyənin Qarabağda mövcudluğu, bilavasitə NATO-nun regionda olması deməkdir”

“Əlbəttə, bu, Azərbaycanın maraqlarına uyğundur. Hər halda yalnız Rusiya hegemonluğunun davam etməsi daha pis nəticələnə bilərdi”


Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalındakı “Özəl Reportaj” proqramında gündəmdəki mövzulara dair sualları cavablandırarkən maraqlı məqamlara toxunub. O, türk əsgərinin Qarabağda olmasının əhəmiyyətindən danışıb: ““Türkiyənin tarazlıq amili olaraq Qarabağda, Suriyada və Liviyada olması Aİ, NATO, Qərb ittifaqı üçün son dərəcə önəmlidir”

“Rusiya əsgəri Qafqaza və ya Ermənistana yenicə gəlməyib ki, illərdir oradadır. Mən bunu dedim, hələ də deyirəm. ABŞ bir atəşkəs təşəbbüsü irəli sürdü, bizdən də dəstək istədilər. Dəstək olduq. Atəşkəs iki gün çəkdi. Bundan əlavə, Fransa, məsələn, hər hansı bir təkliflə çıxış etdimi? Avropadan, NATO-dan və ya Aİ-dən hansı tətbiq edilə biləcək təklif gəldi ki, biz də onu rədd etdik?

Ancaq Rusiya ilə oturub bu 30 illik münaqişəni həll edəcək, 2-3 aydır davam edən əməliyyatları sonlandıracaq bir anlaşma üzərində razılığa gəldik İndi Türkiyə əsgəri də müşahidəçi qüvvə kimi orada olacaq. Bu, Qərb və Avropa üçün də strateji qazanc olaraq görülməlidir”, - deyə İ.Kalın bildirib.

Bundan başqa, o, Türkiyənin bütün hallarda Qarabağda olacağını xatırladıb: “Danışıqların ilk mərhələsi tamamlandı. Rusiya tərəfi bizim fikirlərimizi öyrəndi. İndi onlara Kremldən lazımi göstərişlər veriləcək.

Bu işləri əsgərlərimiz, müdafiə, xarici işlər nazirlikləri və MİT aparır. Qarşıdakı günlərdə əməliyyat üsulları üzərində, harada və necə olacaq, kim hansı işi görəcək mövzularında müzakirələrin tamamlanmasını gözləyirik.Türkiyə əsgərləri istənilən halda orada olacaqlar. Biz onsuz da oradayıq.

Azərbaycanla olan çox özəl münasibətlərimizə görə hərbi təlim və əməkdaşlıq anlaşmalarımız çox əvvəldən var. Bu mənada, biz onsuz da oradayıq. Qanun layihəsi də qəbul edildi. Müşahidəçi qüvvə olaraq da biz orada olmağa davam edəcəyik”.

 “Ağ" Partiyanın  sədri Tural Abbaslı bu bəyanatlara dair “Sherg.az”a danışıb: 

“İmzalanan üçtərəfli bəyanatda Türkiyənin monitorinq mərkəzində olacağı onsuz da göstərilmişdi. Rusiya prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı ilə telefon danışığında Türkiyənin iştirakçı olduğunu deyib.

Bu, həm Azərbaycanın, həm də Türkiyə diplomatiyasının uğurudur. Rəsmi Ankara geopolitik təsir dairəsini gücləndirir. Cənubi Qafqazda Türkiyənin təsir gücü artır. Əlbəttə, bu, müsbət haldır. İndi həlledici qüvvə Türkiyə və Rusiyadır. Amerika, Avropa ittifaqı artıq kənarda qalıb”.

T.Abbaslının fikrincə, İ. Kalının açıqlamaları daha çox xarici auditoriyaya hesablanıb: 

“Bəyanat həm də Türkiyənin Qərb müttəfiqlərinin sakitləşməsi üçündür. Çünki Türkiyənin Qarabağda mövcudluğu, bilavasitə NATO-nun regionda olması deməkdir. Odur ki, bəyanat beynəlxalq aləmə və müttəfiqlərə mesaj idi.

Əlbəttə, bu, Azərbaycanın maraqlarına uyğundur. Hər halda yalnız Rusiya hegemonluğunun davam etməsi daha pis nəticələnə bilərdi. Avropa Türkiyə faktorunu artıq qəbullanıb.

Bu, Azərbaycanın maraqlarının təmin olunacağından və Türkiyənin gücündən xəbər verir.

Proseslər beynəlxalq aləmin ərazi bütövlüyümüzü tanıması və Qarabağ məsələsinin birdəfəlik, kökündən həlli ilə bitəcək”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu