SOS: “Laqeyd yanaşılsa, virusa yoluxma rekord həddə çatacaq”

Hər gün dünyanın müxtəlif ölkələrindən COVID-19-la bağlı verilən məlumatlar "yoluxma sayı yüksəlib” sözləri ilə bitir. Vəziyyət nəinki yaxşılığa doğru dəyişmir, əksinə, gündən-günə ağırlaşır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında da dünyada son həftə ərzində koronavirusa yoluxanların da, bu təhlükəli virus səbəbindən vəfat edənlərin də sayının artdığı açıqlanıb.

Koronavirusla bağlı Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Təəssüf ki, son günlər dünyada olduğu kimi, ölkəmizdə də bir sıra obyektiv və subyektiv səbəblərdən yoluxma halları artıb. COVID-19 bəlası dünyanın kabusuna çevrilməyə başladığı günlərdən Azərbaycanda məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. İnfeksiyanın yayılma sürətini zəiflətmək üçün zəruri işlər görülür. Lakin təhlükəli virus Azərbaycanda da fəsadlar törətməkdə davam edir.
Bu gün ölkəmizdə COVID-19 infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Mövcud durumla bağlı “Sherg.az”a danışan “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva bildirib ki, vətəndaşların maska taxmaması, məsafə saxlamaması, dezinfeksiya vasitələrindən istifadə edilməməsi kimi hallar vəziyyətin gərginləşməsinə səbəb oldu.

Onun sözlərinə görə, karantin qaydalarına əməl etməyən insanlar təkcə öz həyatlarını deyil, fərqində olmadan  əzizlərinin və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar:

“İnsanlar pandemiyaya qarşı mübarizəyə bu cür laqeyd yanaşmağa davam etsə, yoluxma sayının daha da artması və rekord həddə yüksəlməsi qaçılmaz olacaq.

Laqeydlik hər birimizə, yaxınlarımıza, ölkəmizə real təhlükə törədəcək. Yeni qaydalarla yaşamağı öyrənməliyik. Bizdən tələb olunan isə məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əllərimizi yumaqdır. Bu qaydalar elə də çətin deyil”.

Koronavirusla bağlı bütün dünya ölkələrində ciddi işlərin gördüyünü deyən Y.Abdıyeva vurğulayıb ki, Azərbaycanda da səlahiyyətli qurumlar tövsiyyələrini  verir:

“Özünün və yaxınlarının sağlamlığına önəm verən insanlar qaydalara əməl edir. Biz bir çox məsələlərdə ictimai qınaq mexanizminin özünü doğrultduğunu və effektiv fayda verdiyini görmüşük. Fikrimcə, koronavirusla mübarizədə ictimai nəzarət mexanizminin həyata keçirilməsi insanların virusa yanaşmasını və davranışlarına müsbət mənada təsir edə bilər.

Pandemiyanın bəşəriyyət və ölkəmiz üçün nə dərəcədə təhlükəli olduğunun ciddiyətinə varan insanlar pandemiya ilə mübarizədə  səlahiyyətli şəxslərə və həkimlərə kömək etsələr, yaxşı nəticələr əldə edə bilərik”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu