Erməni nağıllarının həzin sonu: Bu dəfə göydən «Harop» düşdü – ÖZÜNÜİFŞA !

«Özlərini aldada-aldada ağır məğlubiyyətə düçar oldular »

«İndi xalq hakimiyyətdən həmin yalanların cavabını istəyir »

«Erməni yalanlarının necə bumeranq effekti verdiyini gördük. İndi düşmənin ordusu yoxdur, darmadağın edilib»


Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan Ermənistan ordusunu ifşa edib. O, deyib: “Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 %-i keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 faizi yalan idi”.

Genaral-polkovnikin sözlərinə görə, 44 günlük müharibə ərzində yayılan yalanlar Ermənistanı dərin böhrana salıb:

“Yaranmış vəziyyətə görə hələ oktyabrın 5-də Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa vermək qərarına gəldim, lakin döyüşlərin qızğın dövrü olduğuna görə qərarımı açıqlamadım”, - o qeyd edib.

Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib.

Bu da Ermənistan nağıllarının sonu. Amma bu dəfə göydən alma yox, «Harop» düşdü. Üçü də baş nazir Nikol Paşinyanın başına...

 Deputat Elman Məmmədov M. Akopyanın sözügedən açıqlaması barədə fikirlərini “Sherg.az”a bildirib: 
“Azərbaycanda hamı, o cümlədən tarixçilər, politoloqlar həmişə Ermənistan tarixinin, geosiyasətinin yalan və saxtakarlıq üzərində qurulduğunu deyiblər. İşğalçılar bu hadisə dövründə də tarixi “ənənələ”rinə sadiq qaldılar. Bu, təbliğat, təşviqat deyildi. Birbaşa olaraq həqiqəti danmaq idi. Ermənilər hərbi əməliyyatların ilk günündən yalan və saxtakarlıq kampaniyasına başladılar.

O qədər yalan danışdılar ki, axırda özləri inandılar. Amma, əlbəttə, biz nəyin necə olduğunu bilirdik. Çünki həm döyüş meydanında, həm də mətbuatda həqiqəti yazır və bunu beynəlxalq ictimaiyyətə çatdırırdıq.

Yerli əhaliyə guya təskinlik vermək üçün bizim uğurlarımızın yalan olduğunu bəyan edirlər. Guya, heç bir torpağı azad etməmişik...

Lakin özlərini aldada-aldada ağır məğlubiyyətə düçar oldular. İndi xalq hakimiyyətdən həmin yalanların cavabını istəyir. Bizim çox yaxşı bir atalar misalımız var: “Yalan ayaq tutar, yeriməz”. Erməni yalanlarının necə bumeranq effekti verdiyini gördük.

Tarix boyu öz yalanları ilə nələrsə əldə etsələr də, həmişə sonda bunun ziyanını görüblər. Düşmənin indi ordusu yoxdur, darmadağın edilib. Əlbəttə, bu Ali Baş Komandanımızın, Silahlı Qüvvələrimizin uğurudur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu