Lavrov və Şoyqunun qovluğunda nələr vardı? – “Sülhməramlılarla bağlı narahatlıq...”

Noyabrın 21-dəRusiyanın Müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib. O, daha əvvəl İrəvanda olub və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb. S.Şoyqundan sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da ölkəmizə səfər edib. Eyni zamanda səhiyyə naziri Mixail Muraşko, baş nazirin müavini Aleksey Overçuk və İstehlakçıların Haqlarının Müdafiə Sferasına Nəzarət Xidmətinin rəhbəri Anna Popova da Azərbaycana gəlib.


Bəs, rusiyalı nazirlərin ölkəmizə səfəri nəyə hesablanıb?



Sualımızı cavablandıran politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, nazirlərin ölkəmizə səfərində məqsəd noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın detallarının müzakirəsidir.
Analitik söyləyib ki, Azərbaycan üçün qaranlıq olan məqamların Rusiya rəsmiləri tərəfindən açıqlanması və Rusiyanın son günlər Qarabağda gördüyü işlərlə bağlı Azərbaycan Prezidentinə məlumatın verilməsi də səfərin əsas nüanslarından biridir:

“Eyni zamanda Ermənistana da mövcud durumla bağlı məlumat verilib və görüləcək işlər birgə müzakirə olunub. Məsələn, bu işlərdən biri Rusiya ilə Türkiyənin Qarabağdakı birgə fəaliyyəti ilə bağlıdır. Bu görüşlərdən sonra Rusiya prezidenti Vladimir Putin Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etdi.

Hesab edirəm ki, Putinin açıqlaması Azərbaycan tərəfindəki narahatlığın qarşısını almaq üçündür. Yəni Rusiya sülhməramlısını Qarabağa yerləşdirməklə Azərbaycan xalqına bildirmək istəyir ki, onun bu sülhməramlısı Abxaziya və Cənubi Osetiyadakı, yaxud Krımdakı kimi olmayacaq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və belə də qalacaq. Sadəcə olaraq Rusiya tərəfi demək istəyir ki, onların Dağlıq Qarabağdakı fəaliyyəti əsasən azərbaycanlı və erməni sakinlər arasında münasibətlərin qurulması üçündür”.

S.Soltan qeyd edib ki,  Azərbaycan tərəfinin rus sülhməramlıları ilə bağlı müəyyən narahatlığı var idi:

“Bu narahatlıq və müəyyən anlaşılmazlığın aradan qaldırılması üçün Rusiya hökumətinin nümayəndə heyəti İrəvan və Bakıda səfərdə oldu. İrəvanda da ermənilər sülhməramlıların yerləşdirilməsindən narazıdır. Çünki Rusiyanın tələsik imzalatdırdığı bəyanat bitkin deyil.

Bu baxımdan həm Azərbaycan, həm Ermənistan tərəfdə narahatlıqlar var idi. Narahatlığı yox etmək üçün rusiyalı nazirlər hər iki ölkəyə səfər edib”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu