Özəlləşdirmə dövlət büdcəsinin yükünü azaldacaq

Çoxdan olmalı idi, iqtisadiyyatımız dirçələcək


Yaxın zamanda ölkədə özəlləşmə prosesi ilə bağlı əsaslı yeniliklərin olacağı gözlənilir. İqtisadçılar hesab edir ki, bir sıra şirkətlər ya tam, ya da qismən özəlləşməyə cəlb olunacaq, yaxud da uzun müddətli icarəyə veriləcəklər. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə "Azərbaycan İnvestisiya Holdinqi" publik hüquqi şəxs yaradıldı. Dövlət başçısının 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edildi. İlkin mərhələdə 4 dövlət müəssisəsi - Dövlət Neft Şirkəti (SOCAR), "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 

İqtisadçı Fuad İbrahimov bu fikirdədir ki, məlum proses dövlətin artıq yükdən azad olmasına yönəlib:  

- Holdinqin yaradılma səbəbi nədir? Bəzi şirkətlərin öz xidmət sahələri var və onlar bundan pul qazanır, gəlir əldə edir. Məsələn, “AZAL”. Hamımız bilirik ki, “AZAL”ın biletləri necə bahadır. Amma bu şirkət gəlir əldə etməklə bərabər həm də dövlətdən yardım alır. Eləcə də Bakı Metropoliteni. Düzdür, metroda gediş haqqı ilə xərclər nisbəti tərs mütənasibdir.

Belə olur, bəzən, xərclər gəlirləri üstələyir. Lakin metropoliten də  dövlətdən dotasiya alır. Götürək, SOCAR-ı. Bu şirkət daim dövlət borcu yaradır. Həm də kifayət qədər. Bəzi şirkət və müəssisələrin Azərbaycan İnvestisiya Holdinqin idarəetməsinə verilməsində məqsəd dövlətin yükünü azaltmaqdır.

Necə? Holdinqin publik hüquqi şəxs kimi funksiyasına bunlar daxildir; onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərmək.

Holdinq şirkət və müəssisələrin fəaliyyətini araşdıracaq, təftiş aparacaq, onların fəaliyyətini tənzimləyəcək. Şirkətlərin daxilində elə xidmət sahələri var ki, onlar özəlləşdirilə bilər.

Tutalım, “AZAL” yanacaq almaq, yaxud təyyarədə servis xidmətinin (yemək və sairə) təşkil edilməsini hansısa bir şirkətlə müqavilə bağlayaraq həyata keçirə bilər. Belədə şirkət özü gəlir əldə etməkdə maraqlı olacaq, dövlət büdcəsinin də yükü azalacaq. Məsələn, Xəzər Dəniz Gəmiçiliyi  QSC-də bildiyim qədər özəlləşmiş xidmət sahələri var. Onlar artıq dövlət hesabına maliyyələşmir. Şirkət, müəssisələrin tərkibində özəlləşdirilməyə çıxarılacaq sahələr mövcuddur.
Özəlləşdirilsinlər, özləri gəlir əldə etməyə maraqlı olsunlar, gəlir əldə etsinlər, əməkdaşlarının maddi təminatını yüksəltsinlər, dövlətə də yük olmasınlar. Bu proses dövlət büdcəsinin artıq yüklərdən azad olmasına yönəlib və iqtisadiyyatın inkişafı üçün də gərəklidir. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu