Niyyət əladır, müasir dövrlə səsləşir

Ancaq qalib gəlmiş ədəbi nümunələrin çapına da yardım edilməlidir

Bu ədəbi nümunələrlə ictimaiyyət geniş şəkildə tanış olmayacaqsa, kimin üçün yazırıq? Özümüzün necə vətənpərvər olduğunu göstərmək üçün?

İşğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi neçə-neçə bədii əsərlərə mövzu olacaq. Bünövrə artıq qoyulub. Mədəniyyət Nazirliyi vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edib. Müsabiqəyə hekayə, esse və poeziya janrları üzrə artıq 107 əsər təqdim olunub.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki, bu müsabiqəyə marağın yüksək olacağını düşünür:
“Bilirsiniz ki, bundan əvvəl koronavirusla bağlı da müsabiqə elan olunmuşdu və orada çox sayda hekayələr, ədəbi yazılar göndərilmişdi. Həmin müsabiqənin mükafatlandırma mərasimində elan edildi ki, vətənpərvərlik mövzusunda  yazılar müsabiqəsi keçirilsin. Məndə olan məlumata görə, bu müsabiqə də maraq doğurur, davamlı olaraq yeni yazılar gəlir”.

AYB katibinin xatırlatdığı koronavirusla bağlı hekayə müsabiqəsinin qalibi olmuş jurnalist və publisist Natiq Məmmədlinin fikirlərini öyrəndik. Qalib jurnalist Şuşanın azadlığının ədəbi mühitdə fontan effekti yaratdığını dedi: 

- Şuşanın azadlığı ilə ədəbi mühitə elə bir ruh gəlib ki, hələ bundan sonra nə qədər əsərlər yazılacaq, ədəbi və poeziya nümunələri yaradılacaq. Mən vətənpərvərlik mövzusunda müsabiqənin keçirilməsini təqdir edirəm, yüksək qiymətləndirirəm. Yayda M.F.Axundov adına kitabxanada pandemiya ilə bağlı müsabiqənin yekunlarına həsr olunmuş tədbir zamanı mədəniyyət naziri vəzifəsini icra edən Anar Kərimov çıxışı zamanı dedi ki, vətənpərvərlik mövzusunda ədəbi müsabiqə keçiriləcək. Anar müəllim demişdi ki, bu ideyalar geniş təbliğ edilməli, cəmiyyətə obrazlı formada çatdırılmalıdır. Bu baxımdan mən hesab edirəm ki, belə müsabiqələr lazımlıdır. Nəticədə həm ədəbiyyat inkişaf edir, yeni qələm adamlarının tanınmasına şərait yaranır, həm də cəmiyyətdə milli və hərbi vətənpərvərlik ideyaları möhkəmlənir. 

N.Məmmədli bu müsabiqədə iştirak etməyəcəyini dedi: 

- Müsabiqədə iştirak etməyi düşünmürəm. Amma bu o demək deyil ki, vətənpərvərlik mövzusunda əsər yazmayacam. Hazırda ideya üzərində işləyirəm, lakin müsabiqəyə təqdim etmək fikrim yoxdur. 

N.Məmmədli müsabiqələrlə ilə bağlı iradını da bildirdi: 

- İradım müsabiqəyə təqdim olunmuş və mükafatlandırılmış əsərlərə münasibətlə bağlıdır. Müsabiqə keçirildi, qaliblər müəyyənləşdi, qaliblər mükafatlandırıldı... bununla iş bitir. Amma bitməməlidi. Əsərlərin tanıdılması, nəşri, yayılması istiqamətində iş aparılmalıdır. Mədəniyyət Nazirliyi, ya hansısa başqa bir qurum buna dəstək verməlidir.

Mən pandemiya ilə bağlı elan edilmiş hekayə müsabiqəsinin qalibi oldum. Qalib olaraq mənə 2 min manat mükafat verildi. Mən bu pulu hekayəmin nəşrinə sərf etdim.

Mükafat olaraq aldığım vəsaiti kitabın nəşrinə yönəltdim. Soruşuruq, müsabiqə qalibi hekayələr, əsərlər hardasa nəşr olunacaq, deyirlər, özünüz edin. Harda istəyirsiniz çap edin. Belə olmamalıdı. Bu əsərlərin kütləviliyi təmin edilməlidir. Heç olmasa mətbəə xərclərinin ödənməsinə kömək göstərilməlidir.

Əks halda qapalı dairə yaranır. Sonra da şikayət edirlər ki, ədəbi proses yoxdur. Necə olsun ki, hər yazar öz dairəsində “fırlanır”?!. Madam ki, prosesi başladırsınız, əziyyətə qatlanırsınız, davamını da gətirin. Müsabiqə keçirirsiniz, mükafatlandırırsınız, əsərlərin nəşrini də həyata keçirin, geniş oxucu kütləsinə çatmasını təmin edin. Yaradıcı insanlara yardım edilməlidir.

Nə bilim,  dərgi, ya məcmuə halında o əsərlər nəşr edilsin. Hansısa vasitə ilə oxucuya çatdırılsın. Niyyət əladır, müasir dövrlə səsləşir. Periodik də keçirilməlidir. Amma yaradıcı insanlara, əsər müəlliflərinə əsərlərinin tanınması və oxunması üçün də dəstək verilməlidir.

Bu ədəbi nümunələrlə ictimaiyyət geniş şəkildə tanış olmayacaqsa, kimin üçün yazırıq? Özümüzün necə vətənpərvər olduğunu göstərmək üçün? Vətənpərvərlik ideyalarının təbliği vacibdir, bunun üçün də həmin ədəbi nümunələr nəşr edilməlidir. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu