Korona testinin qiyməti NEQATİVdir- “50 faiz aşağı düşməlidir”

“Dünya ölkələrində, hətta qonşularımızda bu testin qiyməti bizə nisbətən dəfələrlə ucuzdur”


Parlamentin bu gün keçirilən növbəti iclasında millət vəkili Sabir Rüstəmxanlı koronavirus testinin qiymətilə bağlı məsələsini müzakirəyə çıxarıb. O, qiymətin baha olduğunu deyib: “Pandemiya bu gün hər kəsi narahat edir. İnsanlar testin qiymətinin çox olduğunu nəzərə alaraq testdən keçmirlər. Elə adam var ki, 100 manat verib testdən keçmək imkanı yoxdur”.

S.Rüstəmxanlının sözlərinə görə, koronavirus testinin qiymətinə yenidən baxılmalıdır.
S.Rüstəmxanlının çıxışına münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, dövlət bu testləri pulsuz həyata keçirir.



İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında parlementarinin fikrinə münasibət bildirib: 

“Bildiyimə görə, koronavirus testini ölkəyə bir neçə şirkət gətirir. Onların sərbəst fəaliyyətinə imkan yaratmaq, o cümlədən gömrük qüsumunu ləğv etmək lazımdır.

Əlbəttə, təhlükəsizlik məsələsini də nəzərə alınmalıdır. Fikrimcə, beynəlxalq sertifikatı olan istənilən istehsalçının “bazara” daxil olmasına şərait yaradılmalıdır. Beləliklə, rəqabət yaranacaq və qiymət optimallaşacaq”.

N.Cəfərli bəziləri üçün testin, ümumiyyətlə, pulsuz keçirilməsinin vacibliyini vurğulayıb:

“Dünya ölkələrində, hətta qonşularımızda bu testin qiyməti bizə nisbətən dəfələrlə ucuzdur. Rusiyada müəyyən kateqoriyadan olanlar, o cümlədən təqaüdçüləri, çoxuşaqlı ailələri testdən pulsuz keçirirlər.

Bunda başqa, əgər ailənin bir üzvündə testin nəticəsi pozitiv olubsa, digərləri dövlət hesabına yoxlanılırlar. Qiymət isə təxminən 1000-1200 rubl, bizim valyuta ilə 20-15 manatdır. Biz də eyni təcrübədən yararlanmalıyıq.

Təkcə təqaüdçülər və çoxuşaqlı ailələr yox, hərbçilər də testdən pulsuz keçirilməlidir. Qiymət isə ən azı 50 faiz aşağı düşməlidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu