Putin ikibaşlı oynayır: “Həm ərazi bütövlüyümüzü dəstəkləyir, həm də...”

“Rusiyanın 300 il ərzində Cənubi Qafqazda formalaşan xarici siyasi kursunu davam etdirir”

“Lakin, istənilən halda digər dünya liderləri kimi, Putin də Azərbaycanın əvvəlki Azərbaycan olmadığını başa düşür.

“Xalqımızın birliyini və ordumuzun gücünü düzgün analiz edir”

 “Qarabağda Türkiyə sülhməramlı kontingentinin yaradılması real görünür” 

“İstənilən halda türk hərbçilərinin bölgədə olması Azərbaycanın “əlini gücləndirəcək”


 Fikirlərimə məşhur mahnıdakı “Ötən günə gün çatarmı?..” sözlərilə başlamaq istəyirəm. Geridə qoyduğumuz Vətən müharibəsinin, az qala, hər günü bir qələbə xəbərinə sevindik. Coşqu, həyəcan, xoşbəxtlik ən pik həddə idi. Və bu duyğular ərazi bütövlüyümüzün təmin olnması xəbərini alanda birəbeş artdı. Fəqət məsələ hələ bitməyib. Rusiya rəsmiləri səfərlər edir, ölkə rəhbərləri telefonla danışırlar. Suallar isə nə qədər desən var. Bütün bu həngamənin içində Ermənistan baş naziri Nikol Paşinyan dərisini dəyişən ilanlartək rəsmi qurumların kadrlarını yenilərilə əvəz edir. Okeanın o tayındakı ABŞ-da isə Co Bayden prezidentlik kürsüsünə keçməyə çalışır. Deməli, bizi ən azı yaxın gələcəkdə sürprizlər gözləyə bilər.

 Odur ki, Rusiyada yaşayan soydaşımız, politoloq Mirmehdi Ağazadə ilə həmsöhbət olduq. O, “Sherg.az”ın suallarını ətraflı cavablandırdı:

-Sizcə, müharibə niyə indi başladı?

-Fürsətdən istifadə edərək, qələbə münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən sizin qəzetin əməkdaşlarını təbrik edirəm. Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həm diplomatiyada, həm də döyüş meydanında düşməndən üstün olduğunu göstərdi. Müharibənin sentyabr ayında başlama səbəbinə gəldikdə isə, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında diplomatik cəhdlərin nəticə verməyəcəyi təqdirdə Azərbaycanın öz tarixi torpaqlarını güc yolu ilə azad edəcəyini vurğulamışdı. Əslində 2019-ci ilin sonlarından etibarən hadisələrin gedişi regionda dəyişikliklərin baş verəcəyini göstərirdi. Bu məqsədlə mümkün variantları hesablayan Azərbaycan hakimiyyətinin tələbi ilə fevral ayında növbədənkənar Parlament seçkiləri keçirilmiş, müxalifətlə dialoq prosesi başladılmışdı. Hesab edirəm ki, atılan bu addımların nə qədər əhəmiyyətli olduğunu müharibə başlayandan sonra hər kəs dərk edib. Digər tərəfdən Ermənistan rəhbərliyinin Qarabağa gedərək nümayişkarcasına ziyafət təşkil etmələri, Azərbaycan xalqının dolmaqda olan səbr kasasını daşırmışdı. Nəticədə regiondakı beynəlxalq vəziyyəti nəzərə alan Azərbaycan əks-hücüm əməliyyatlarına başlayaraq tarixi ədaləti bərpa etməyə nail olub.  
 
-44 günlük döyüşlərin sonunda imzalanan üçtərəfli bəyanatı necə qiymətləndirirsiniz?

-Bəzi məsələlərin, yəni rus sülhməramlılarının nəzarət etdiyi ərazidə Azərbaycan qanunları işləyəcəyi, Azərbaycan polisi olacağı kimi məsələlərin necə həll ediləcəyi bəyanatda göstərilməyib. Ancaq ümumilikdə, imzalanan bu tarixi sənəd hər şeydən öncə Azərbaycanın müharibədə qələbəsinin bariz təzahürüdür. Xüsusilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa, nəinki Azərbaycan, bütün türk dünyası üçün yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilə bilər.

-Sizcə, Rusiya prezidenti Vladimir Putin öz bəyanatlarında nə qədər səmimidir?

-Nəzərə alsaq ki, ölkə liderləri öz dövlətlərinin milli-maraqlarını nəzərə alaraq çıxış edirlər, o zaman Putinin Qarabağla bağlı çıxışlarında təəccüblü məqamlar yoxdur. Bəli, o, bir tərəfdən beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən isə Rusiyanın 300 il ərzində Cənubi Qafqazda formalaşan xarici siyasi kursunu davam etdirir. Lakin, istənilən halda digər dünya liderləri kimi, Putin də artıq Azərbaycanın əvvəlki Azərbaycan olmadığını başa düşür, xalqımızın birliyini və ordumuzun gücünü düzgün analiz edir.

 -Ermənilərin Kəlbəcərdən çıxmaq üçün 10 gün vaxt istəmələri nəyə hesablanıb?

 -Kəlbəcərin boşaldılması imzalanan bəyanata əsasən 15 noyabra kimi həyata keçirilməli idi. Azərbaycan Rusiya prezidentinin xahişi ilə texniki səbəblərə görə Ermənistana əlavə 10 gün vaxt verib. Lakin bu, razılaşmada əksini tapan qrafikin dəyişilməsi anlamına gəlmir. Digər tərəfdən, ermənilərin tərk edilən ərazilərdəki vandallıqlarına baxmayaraq, Ermənistana əlavə vaxt verməklə Azərbaycan bir daha nə qədər humanist ölkə olduğunu isbat edib.

 -Rusiya Türkiyə sülhməramlılarının bölgədə olmayacağını deyir. Ərdoğanın açıqlamaları, həmçinin Türkiyə parlamentində bu barədə qəbul edilən qərar isə fərqlidir. Sizcə, sonda necə olacaq?
 
-Təəssüf ki, imzalanan üçtərəfli bəyanatda Türkiyə ilə bağlı heç bir müddəa yoxdur. Razılaşmanın 3-cü bəndində Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca rus sülhməramlılarının yerləşəcəyi, 5-ci bəndində isə atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəzin yaradılacağı qeyd edilir. Məhz bu mərkəzdə ruslarla birgə fəaliyyət göstərməsi üçün Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərar əsasında türk hərbi və mülki personalı Azərbaycana gələcək. Lakin azərbaycanlı əhalinin Qarabağa dönüşündən sonra Türkiyə sülhməramlı kontingentinin yaradılması daha real görünür. İstənilən halda türk hərbçilərinin bölgədə olması Azərbaycanın “əlini gücləndirəcək”.

 - Bəyanatın şərtlərinə əməl olunmayacağı təqdirdə hərbi əməliyyatların bərpa olunması ehtimalı varmı?

 -Bəyanət Rusiya tərəfinin səyi nəticəsində imzalanıb. Moskva regionda hələ də böyük söz sahibi olduğunu təsdiqləmək üçün, düşünürəm ki, Ermənistana  razılaşmanın şərtlərini pozmağa imkan verməyəcək.

 -Ümumiyyətlə, hadisələrin bundan sonrakı inkişafını necə görürsünüz?

 -İşğaldan azad edilmiş rayonlarda təmir bərpa işləri görüləcək, azərbaycanlılar doğma yurdlarına qayıdacaq, Şuşa şəhəri Cənubi Qafqazın mədəniyyət mərkəzinə çevriləcək. Bütün bunlarla yanaşı, hərbi və iqtisadi sahələrdə Azərbaycan digər dövlətlərlə yeni müqavilələr imzalayacaq, ordunun təkmilləşməsi prosesi davam etdiriləcək.

 - ABŞ-dakı prezident seçkilərinin nəticəsi regiondakı siyasətə necə təsir göstərəcək?

 -Vətən müharibəsi başlayandan sonra bir daha aydın oldu ki, əslində Cənubi Qafqazda əsas söz sahibi məhz Rusiyadır. ATƏT-in Mink qrupunun həmsədr üzvü kimi ABŞ Ermənistan və Azərbaycan arasında razılaşma əldə edilməsinə çalışsa da, bir nəticə əldə edə bilməmişdi. Bu, ola bilsin, həm də onunla əlaqədardır ki, hadisələr ABŞ-dakı prezident seçkisi ərəfəsində baş verdi və Vaşinqton məsələyə tam diqqət ayıra bilmədi. Amma xarici siyasət kursunda Rusiya və Türkiyəyə “xüsusi yer” ayıracağını qeyd edən Baydenin prezident seçilməsi Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətini yenidən nəzərdən keçirəcəyini və regionda daha aktiv “oyunçu”ya  çevriləcəyinə əsas verir.

 -Bundan sonra azad etdiyimiz torpaqları qorumaq üçün hansı addımlar atılmalıdır?
 
-Regiondakı mövcud vəziyyəti düzgün qiymətləndirərək xalq olaraq üzərimizə düşən ilkin öhdəliyi yerinə yetirdik. “Azərbaycanlılar döyüşə bilmir” kimi mifləri şanlı əsgər və zabitlərimiz döyüş meydanlarında öz canları, qanları bahasına darmadağın etdilər. Bəli, biz 44 gün davam edən Vətən müharibəsində qalib gəldik. Ona görə də qələbədən eyforiyaya qapılaraq arxayınlaşmaq olmaz. Xalqımızın birliyi qorunmalı, diplomatik əlaqələr genişləndirilməli, Türkiyə, Böyük Britaniya, İsrail və Pakistan kimi dövlətlərlə əlaqalər bir üst səviyyəyə qaldırılmalıdır. Ən əsası isə uğurlu xarici siyasət kursunu davam etdirərək digər əraziləri də azad etmək məqsədilə tarixi şəraiti özümüz yaratmalıyıq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu