“Prezidentin məscidə “Qurani-Kərim”lə daxil olması dünyaya MESAJ İDİ”

Əhməd Qəşəmoğlu: “Prezident və xanımı öz dininə, islam adət-ənənlərinə riayət edir, sadəlik göstərir və xalqla bir arada olur”

Seyid Camal Əzimbəyli:“Prezidentlə xanımı hər zaman məscidə gedərkən ayaqqabılarını çıxarıblar”

“Lakin Ağdamda məscid dağılmış bir vəziyyətdə idi. Onların belə davranışı böyük bir örnək idi”
 


Dünən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam şəhərində olublar. İşğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən bütün dini və mədəniyyət abidələrimizin dağıdıldığını görürük. Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Azərbaycan xalqı mədəni irsin hər bir nümunəsinə hörmətlə, tarixi sərvət kimi yanaşır, onları qoruyur. Ali Baş Komandan və Birinci vitse-prezidentin Ağdamdakı təmirsiz məscidə dini ənənələrə uyğun olaraq ayaqyalın daxil olmaları diqqət çəkib. Daha doğrusu bu məqam cəmiyyətimizdə rəğbətlə qarşılanıb və böyük örnək kimi qiymətləndirilib. Bu səfər dövlət başçısının ölkədə dini-mənəvi dəyərlərin həqiqi təəssübkeşinin özü olduğunu bir daha təsdiq edir.



Sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, ölkə başçısı və xanımının Ağdam məscidinə islam qaydalarına uyğun olaraq daxil olması əhali tərəfindən müsbət qarşılandı. Onun sözlərinə görə, cənab Prezident sentyabrın 27-dən sonra xalq üçün yenidən kəşf olundu:

“Təbii ki, əvvəllər də ölkə başçısına rəğbət bəsləyirdilər. Lakin müharibə zamanı insanlar Prezidentin çıxışlarını dinləyərkən hər dəfə hiss etdilər ki, Ali Baş Komandan xalqa nə qədər yaxın biridir. Prezidentimizə rəğbət həm ölkədə, həm Türkiyə və Rusiyada, həm də digər ölkələrdə çoxalıb. Bu, böyük bir xoşbəxtlikdir. Belə bir zamanda Ali Baş Komandanın xalqa yaxın olması vətəndaşlara böyük ümid verir”.

Sosioloqun sözlərinə görə, Prezidentin çıxışlarından aydın hiss olunur ki, onda böyük vətənpərvərlik hissi var:

“Bu, formallıq xatirinə deyil, daxildən gələn bir mədəniyyətdir. Prezident və xanımı öz dininə, islam adət-ənənlərinə riayət edir, sadəlik göstərir və xalqla bir olur. Hər zaman bunun şahidi olmuşuq. Ölkə başçısı özü də böyük fərəh hissi keçirir. Çünki, o, doğrundan da tarixi şəxsiyyət oldu və Azərbaycan tarixinə şərəfli adını yazdı. Bütün bunlar onun  xalqına və adət-ənənələrinə uyğun addım atmasına səbəb olur”.



Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərşünas Seyid Camal Əzimbəyli bildirib ki, erməni vandallarının dağıtdığı, illərlə təhqir etdiyi, tar-mar edilən doğma Ağdamın müqəddəs məkanına edilən bu səfər böyük əhəmiyyətə malikdir: 

“Cənab Prezidentlə xanımı hər zaman məscidə gedərkən ayaqqabılarını çıxarıblar. Lakin Ağdamda məscid dağılmış bir vəziyyətdə idi. Onların belə davranışı böyük bir örnək idi.

Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız Ağdama mübarək səfərini göz yaşları ilə seyr etdim. Dövlət başçısının Kəbəyə ziyarəti zamanı oradan gətirdiyi “Qurani-Kərim”i Ağdamın baş ziyarətgahına hədiyyə etməsi mənəvi və dini dəyərlərimizə hörmətin əlamətidir.

Uşaqlığımda Qarabağ camaatının sevimlisinə çevrilmiş rəhmətlik atam Seyid Bəhram Ağa ilə bərabər namaz qıldığım, dua etdiyim, Xocalı şəhidlərinə və yüzlərlə digər şəhidlərimizə qucaq açan mübarək cümə məscidinə Ali Baş Komandanımızın xanımı ilə bərabər torpağı belə qazılmış yerə dini duyğularla girməsi böyük məna kəsb edir”.

C.Əzimbəyli qeyd edib ki, dövlət başçısı və Birinci vitse-prezident ayaqqabılarını soyunaraq ermənilərin dağıtdığı, qazıdığı və yaraladığı Ağdam şəhər Cümə məscidinin yaralarına əlləri ilə sığal çəkərək ruhu, nəfəsi ilə yenidən o məscidə nəfəs verdilər:

“Bu, qiyamətə qədər yaddan çıxmayacaq hisslərdir. Uşaqlığım zamanı Qarabağ camaatının sevimlisinə çevrilmiş atam Seyid Bəhram Ağa ilə bərabər namaz qıldığı, dua etdiyi, şəhidlərimizə qucaq asan məsciddə Ali Baş komandan və xanımının mənəvi və dini duyğularala getməsi şəxsən mənə böyük məna kəsb edir.

Onlar bütün məscidlərdə dini qaydalara uyğun davranıblar. Amma erməni vandallarını yenicə qovaladığımız Ağdam məscidinə ayaqqabılarını çıxararaq getməsi tamamilə başqa mesaj idi.

Düşünürəm ki, cənab Prezident və Birinci vitse-prezidentin isti nəfəsi ilə məscidə getməsi Ağdamın qanayan yarasına sığal çəkdi. Bu gün dünyasını dəyişən ağdamlıların ruhlarının şad olduğuna əminəm.

Ölkə başçısının məscidə Quranla daxil olması bütünlükdə İslam dünyası üçün və İslamın təəsübkeşi olan dünyəvi ölkə başçısı, müsəlman lideri bütün dünyaya mesajı idi.

Hər dəfə Allahdan diləyirdim ki, bizə Şuşada namaz qılıb, azan verməyi qismət etsin.

Deyirdilər ki, “Seyid, bu dua qəbul olacaqmı?”. Şükürlər olsun ki, duamız ərşə ucaldı. İndi isə belə bir duam var: Allah-təala Prezident İlham Əliyev və Mehriban xanımın birbaşa himayəsi ilə doğma Xankəndimizdə Xocalı şəhidləri adına cümə namazı qılaq. Ölkə başçısı növbəti Quranı Xankəndi cümə məscidinə aparsın”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu