Orden və medallar xüsusi dövr üçün deyil

Qələbə münasibətilə təsis edilən bu status Vətənimiz durduqca Vətən uğrunda keşikdə dayanan, canını hər an fəda etməyə hazır olan hər kəsə nəsib olmalıdır


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, “Vətən müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri təsis olunur. Bundan əlavə “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.

Mövzu ilə bağlı danışan tanınmış jurnalist Razi Abasbəyli vurğulayıb ki, medallar yalnız sentyabrın 27-dən etibarən erməni işğalçılarının hücumlarına cavab olaraq başlayan hərbi əməliyyat iştirakçıları üçün nəzərdə tutulmayıb. Ekspert bildirib ki, bu layihə imkan verir ki, istər 90-cı ilin əvvəllərində, istər 2016-cı ildə, istərsə də 2020-ci illərdə həyata keçirilmiş hərbi əməliyyatlar zamanı iştirakçı olmuş, şəhid olmuş insanlar da təltif edilsin: "Layihə yeni qanunun qəbul edilməsini nəzərdə tutmur. Təklif edilən layihə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə və dəyişiklikdir.

Eyni zamanda “Azərbaycan Respublikasının “Vətən müharibəsi Qəhrəmanı” adının təsis edilməsi ilə bağlı edilən təklif də əlavə və dəyişiklikdir. Bu baxımdan  da layihədə hansısa dövr göstərilmir. İctimai olaraq müzakirələrdə  "Milli Qəhrəman" statusu ilə  “Vətən Müharibəsi Qəhrəmanı” statusu arasında hansısa fərqin və üstünlüyün hansı statusa veriləcəyi də bəlli deyil deyə müəyyən tərəddüdlər var. Lakin hesab edirəm ki, bu layihə bütün hallarda 30 ilə yaxındır davam edən müharibənin yekunudur və qələbə ilə yekunlaşması baxımından belə xüsusi adların təsis olunması uyğundur.

"Vətən müharibəsi qəhrəmanı" adı isə 90-cı ildən bu günə qədər, hətta bundan sonra da torpaqlarımıza hər hansı qaydada, sərhəd pozuntusu halında olsa belə istənilən şəxsə verilə bilər. Bir sözlə, hansısa xüsusi dövr üçün deyil, qələbə münasibətilə təsis edilən bu status Vətənimiz durduqca Vətən uğrunda keşikdə dayanan, canını hər an fəda etməyə hazır olan hər kəsə nəsib olmalıdır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu