Erməni barbarlığını əks etdirən muzeylər yaradılmalıdır

"Ancaq şərt deyil ki, hər rayonda onların törətdiyi dağıntılardan bir qismini olduğu kimi saxlayaq"

Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əlövsət Əliyev maraqlı təklif səsləndirib. O bildirib ki, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Laçın və Kəlbəcərin xarabalığa cevrilən şəhər mərkəzlərinin təxminən 0,5 hektarı (5000 kvadrat metr) çəpərlənməli və erməni vandalizminin nəticələrinin gələcək nəsillərə və turistlərə çatdırılması üçün qorunmalıdır.

Hüquq müdafiəçisi əlavə edib ki, ayrılmış ərazinin mərkəzində tarix muzeyi tikilməli, şəhərin işğaldan sonrakı fotoları muzeydə və həyətindəki ərazidə yerləşdirilməlidir. Həmin ərazidə və muzeydə İkinci Qarabağ müharibəsindən bəhs edən tarix dərsləri tədris edilməli, ərazilərə turlar təşkil olunmalıdir. Ə.Əliyevin fikrincə, bu, gələcək nəsillərə erməni vandalizminin ən yaxşı tanıtımı olar.

Təkliflə bağlı fikirlərini “Şərq”ə bölüşən türkoloq-alim, dossent, AMEA-nın aparıcı elmi işçisi Faiq Ələkbərli deyib ki, Qarabağ müharibəsini əks etdirən hadisələrin, o cümlədən erməni vəhşilikləri ilə bağlı faktların gələcək nəsillərə çatdırılması çox önəmlidir. Alimin sözlərinə görə, müharibədə əldə etdiyimiz uğurlar və möhtəşəm qələbəmizlə yanaşı, başımıza gətirilən faciələr, erməni vandalizminin izləri də olduğu kimi həm gələcək nəsillərə ötürülməli, həm də əcnəbilər arasında təbliğ olunmalıdır:

“Bunları əks etdirən xüsusi muzeyin olması, dərs vəsaitlərinin çap edilməsi çox vacibdir. Ancaq şərt deyil ki, erməni vəhşiliyini sərgiləmək üçün hər rayonda onların törətdiyi dağıntılardan bir qismini olduğu kimi saxlayaq.

Qarabağın hansısa bir bölgəsində, vahid mərkəzdə erməni barbarlığını əks etdirən muzeyin yaradılması kifayətdir. Məqsədimiz uşaqlarımızda qorxu hissi yaratmaq yox, ermənilərin işğalçılıq niyyətini unutdurmamaqdır. Təbliğatı bu yöndə aparmalıyıq.

Fotolarla, video-görüntülərlə, canlı eksponatlarla erməni vandalizmini ifşa etmək mümkündür. Eyni zamanda xarici ölkələrin vətəndaşları üçün turların təşkil edilməsi də önəmlidir. Amma bunları bir mərkəzdə təşkil etmək olar, ayrı-ayrı muzeylərə ehtiyac görmürəm”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu