Naxçıvana dəmir yolu bərpa edilir ! – “Məhsullarımız Türkiyə və Avropa bazarında...”

“Ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında da investor rolunu oynayacaq”


“Bu dəmir yolu xətti həm də logistik olaraq beynəxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmasına şərait yaradacaq”

Bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. Prezident müraciəti zamanı mühüm məqamlara diqqət çəkib. O, bildirib ki, artıq Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar ilkin göstərişlər verilib:

“Şuşaya yeni yolun çəkilişinə başlanılıb. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var.
Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır”.

İqtisadçı, millət vəkili Vüqar Bayramov Naxçıvana dəmir yolunun bərpasının ölkə iqtisadiyyatına təsirləri barədə “Sherg.az”a danışıb.
Parlament üzvü bildirib ki, Azərbaycanın qərb bölgələrinin Naxçıvanla birləşdirilməsi həm Azərbaycan, həm də Naxçıvan üçün iqtisadi əhəmiyyətə malikdir:

“Keçmiş SSRİ dövründə Azərbaycanın əsas ərasizi ilə Naxçıvan arasında dəmiryolu nəqliyyat əlaqəsi var idi. 

Zəngilan üzərindən dəmiryolu daşımaları həyata keçirilirdi. Artıq həmin əlaqələr bərpa edilir. 

Bu, bir tərəfdən imkan verəcək ki, Naxçıvan özünün istehsal etdiyi məhsulları Azərbaycana, eləcə də region bazarlarına daha asanlıqla və az xərclə çıxara bilsin. Hazırda Naxçıvanda bir sıra emaledici məhsullar var ki, regionda onlara tələb yüksəkdir. 

Söhbət mineral sular, alkoqol içkilər və digər emaledici məhsullardan gedir. Naxçıvana dəmir yolunun bərpası bu məhsulların region bazarına çıxmasına imkan yaranacaq. Bu, Naxçıvan iqtisadiyyatının inkişafı baxımdan çox vacibdir”.

İqtisadçı qeyd edib ki, Naxçıvana dəmir yolunun bərpası ilə azərbaycanlı iş adamları da alternativ olaraq öz məhsullarını Naxçıvan üzərindən Türkiyə və Avropa bazarına çıxarmaq imkanı qazanacaq:

“Təbii ki, məhsullar xüsusən Türkiyə vasistəsilə Avropa bazarına çıxış baxımından çox vacibdir. Həmçinin Azərbaycan regional nəqliyyat dəhlizlərinin reallaşmasında aktiv şəkildə iştirak edir. Ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında da investor rolunu oynayacaq”.

V.Bayramov vurğulayıb ki, Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirən dəmir yolu xətti həm də logistik olaraq beynəxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmasına şərait yaradacaq:

“Təbii ki, bu da Azərbaycan üzərində daşınan yüklərin artmasına və ölkəmizin beynəxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə səbəb olacaq. 
Naxçıvan dəmir yolu xəttinin bərpası həm Azərbaycanın qeyri-neft ixracatının, həm ölkəmiz üzərindən daşınan yüklərin həcminin çoxalmasına şərait yaradacaq. Dəmir yolu xətti, eyni zamanda Naxçıvan iqtisadiyyatının inkişafına stimul verəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu