Faktdır! - “İndi regionda söz sahibləri Türkiyə ilə Rusiyadır”

“Rəsmi Moskva artıq bölgədə rəsmi Ankara faktorunu qəbul edir”

“Həmçinin Türkiyə hərbçilərinin regionda uzunmüddətli mövcudluğu təmin edilməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon söhbəti olub. Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən yayılan açıqlamada bildirilib. Liderlər Türkiyə-Rusiya arasında ticarət əlaqələrinin artırılması, Dağlıq Qarabağ və Suriya mövzuları başda olmaqla bir sıra regional məsələləri müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə birlikdə Dağlıq Qarabağda quracağı Birgə Nəzarət Mərkəzinin fəaliyyətə başlamasını gözlədiklərini deyib və Ermənistan tərəfinin müqavilə ilə bağlı öhdəliklərindən yayınmasına icazə verilməməsinin lazım olduğunu bildirib. Telefon söhbətində Ərdoğan ATƏT-in Minsk Qrupunun digər həmsədrləri tərəfindən bölgədə sülhü kölgə altına almağa yönəlmiş tənqidləri anlamağın mümkünsüzlüyünü də vurğulayıb.

Dialoqu şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, rəsmi Moskva artıq bölgədə  Türkiyə faktorunu qəbul edir:

 “Müharibənin ilk günlərindən etibarən Kreml daim qardaş ölkə ilə təmasdadır. Əvvəl Türkiyə ilə danışıqlara getmək istəmirdi, amma indi buna məcburdur. 

Çünki bölgədəki real güc olan Türkiyənin Azərbaycanla strateji əməkdaşlığından xəbərdadır. Düzdür, ola bilsin, bu, Amerikanın və Avropa dövlətlərinin ürəyincə deyil. Amma fakt faktlığında qalır: indi regionda söz sahibləri Türkiyə ilə Rusiyadır”.

 E.Şahinoğlunun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq yaxın perspektiv üçün mümkündür: 

“Azərbaycan vasitəsilə Türkiyə və Rusiya arasında əməkdaşlıq yarana bilər. Noyabrın 10-da imzalanan bəyanatın bir maddəsinə görə, Naxçıvanla Azərbaycanı birləşdirən quru və dəmiryolu açılmalıdır.

Rusiya da gələcəkdə bu yoldan istifadə etmək istəyir. Regional əməkdaşlıq həm bizim, həm Türkiyənin, həm Rusiyanın marağındadır.

Əslində Ermənistan üçün də pis deyil. Amma işğalçı dövlət, ərazi bütövlüyümüzü tanısın və torpaq iddialarından, anti-türk ideologiyasından əl çəksin. Əks halda o, regional əməkdaşlıqla iştirak edə bilməz. Hər halda “təxribat” və “əməkdaşlıq” yanaşı işlənə biləcək sözlər deyil”.

Politoloqun sözlərinə görə, Ermənistan heç bir halda bəyanatın şərtlərindən imtina edə bilməz: 

“Bu, sadəcə mümkün deyil. Hətta Paşinyanın yerinə gələcək şəxs də bunu bacarmaz. Kəlbəcər bu gün ordumuzun nəzarəti altına keçib. Bir neçə günə isə Laçın boşaldılacaq.

Ermənilər həmin yerləri yenidən işğal etməkdən ötrü gərək müharibəyə başlasınlar. Bu isə təkcə Azərbaycanı yox, həm də Rusiyanı qarşısına almaq deməkdir.

Yəni ermənilər ruslarla üz-üzə gəlməli olacaq. Kreml buna imkan verməz. Amma, əlbəttə, biz daha ermənilərə inanası deyilik. 1905, 1918 və 1987-ci illərdə- üç dəfə onlara aldanmışıq. Dördüncüyə imkan verməməliyik.

Bunun üçün, yəni 30-40 il sonra hansısa təxribatın yaşanmaması naminə diqqətli olmalı, müdafiə qüdrətini artırmalı, hərbi qarnizonları gücləndirməliyik.

Həmçinin Türkiyə hərbçilərinin regionda uzunmüddətli mövcudluğu təmin edilməlidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu