Düşmən tarixi dəyişdirə bilməz

Qarabağdakı Alban abidələri ən çox ikinci mərhələdə erməniləşməyə məruz qalıb

Gəncəsər monastrının ətrafında Alban hökmdarlarının və ailə üzvlərinin qəbirləri var

Tarixçi-alim qədim məbədlərin istifadəyə açılmasını məqsədəuyğun saymayıb

Qarabağ qədim zamanlarda əsasən türklərdən təşkil olunmuş Azərbaycan dövlətinin - Albaniyanın tərkib hissəsi olub. Türk tayfaları alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rol oynayıblar. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən “Alban-türk memarlığı” ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan islamı qəbul etmişdi. 

Albaniyada erkən orta əsrdə, yəni xristianlıq dini qəbul edildikdən sonra Qarabağda IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində - dini abidələr yaradılıb. Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, eyni zamanda Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı çoxsaylı maddi mədəniyyət nümunələri aşkarlanıb. Alban memarlıq nümunələrinin dövrümüzə çatan ən maraqlı nümunələri müdafiə tipli qala və istehkamlar, o cümlədən dini xarakterli tikililər - kilsə və monastırlardır. Alban dövrü abidələrinin əksəriyyəti ilkin formasını qoruyaraq dövrümüzə çatıb. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi, Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi, Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı və Ağdərə rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Gəncəsar məbədləri alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Alban memarlıq sənəti özünəməxsus mürəkkəb koloriti, texnikası, təkrarolunmaz gözəlliyi, üslubu ilə həmişə maraq doğurub və seçilib. Lakin Qafqazda köklü tarixi olmayan ermənilər burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir.

Bu tipli abidələr üzərindəki xristian dininin rəmz və simvollarını, rəsm nümunələrini əsas götürən ermənilər qədim alban kilsələrini erməniləşdirməyə, tarixi saxtalaşdırmağa çalışıblar. Abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdiriblər. Bəzən abidənin bütün divarlarını yenidən tikib, hündürləşdiriblər. Çardağı dəmirlə bağlayıb, binanın üzərinə zəng qülləsi əlavə ediblər.  Xocavənd rayonunun Dağyurd kəndindəki abidəni buna misal göstərmək olar. Tarixi saxtalaşdıran ermənilər abidələrin əksəriyyətini əzəli görünüşündən məhrum etməyə cəhd göstəriblər. Lakin tədqiqatlar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə uyğun gəlir. Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir. Məlumat üçün bildirək ki, xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də Rusiyanın köməyi vasitəsi ilə 1836-cı ildə alban apostol kilsəsinin ləğv edilərək erməni qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verilib. 

Şübhə yox ki, 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsindən sonra erməni vandalizminin qurbanına çevrilmiş tarixi abidələrimiz, Alban dövrünə aid monastr və kilsələrimiz əslinə döndəriləcək. Lakin tarixçilərimiz kifayət qədər yaşı olan qədim məbədlərimizin restavrasiyadan sonra yenidən ibadətə açılmasını uyğun görmürlər. Təbii ki, bunun səbəblərini də açıqlayırlar...

Mövzu ilə bağlı “Şərq”ə danışan tarixçi-alim, tədqiqatçı, albanşünas Ramin Əlizadə deyib ki, Alban abidələrinin erməni qriqoryan kilsəsinə çevrilməsi prosesi 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqaviləsindən sonra ermənilərin Qarabağa köçürülməsi ilə başlayıb. Alim vurğulayıb ki, qriqoryanlaşmanın tarixi qədim deyil. 

Tədqiqatçının sözlərinə görə, Azərbaycan torpaqlarının işğal altında olduğu 28 il ərzində “erməniləşdirmə” prosesi daha da intensivləşib: “Prosesin birinci mərhələsi 1828-1990-cı illəri, ikinci mərhələ isə 1992-93-cü illərdən torpaqlarımızın azad olunduğu bugünə qədərki dövrü əhatə edir. Qarabağdakı Alban abidələri ən çox ikinci mərhələdə erməniləşdirməyə məruz qalıb. Ancaq Alban məbədlərinin bünövrəsi, qalıqları, Gəncəsər monastrının ətrafında Alban hökmdarlarının və ailə üzvlərinin qəbirləri var ki, ermənilər onların əslini heç vaxt dəyişdirə bilməz. Bu amillər həmin abidələrin ermənilərə məxsus olmadığını əyani şəkildə göstərir. Məlumdur ki, işğal müddətində Alban abidələrinin çoxunun kitabələri ermənilər tərəfindən məhv edilib. Onların yerinə ermənilər sonradan qondarma xaç daşları və öz dillərində yazılar əlavə ediblər. Əlbəttə, ermənilərin bütün qondarmaları götürüləcək. Abidələrin restavrasiyaya ehtiyacı var. Azərbaycan Ordusu Kəlbəcər ərazisində sex aşkarladı və məlum oldu ki, ermənilər sexdə daşları sirkəli suda saxlayırmış və üzərinə qondarma xaç yapışdıraraq alban məbədlərinin, qala divarlarının üzərinə bərkidirlərmiş”. 
Tarixçi bəyan edib ki, Alban xaçları erməni xaçlarından fərqlənir, ornamentlərlə çox zəngindir və yerli ənənələrə malikdir. Alban kilsələrinin bünövrəsi qədim türk tayfalarının məbədləri üzərində inşa olunub: “Abidələrin əksəriyyəti yerli türk tayfalarının qurbangahı, ibadətgahı sayılan məbədlər üzərində tikilib. Arxeoloqlar və memarlar bu faktları sübut ediblər. Şəkidəki Kiş məbədinin bünövrəsi də qədim türk boylarına məxsus qurbangahdır. Albanşünaslardan Krımski 1920-ci illərdəki araşdırmasında Şəki haqqında yazırdı ki, orada ay məbədi olub və sonradan xristian kilsəsinə çevrilib. Bu, təkcə Şəki deyil, Gədəbəy və ümumən Qarabağ bölgəsi üçün xarakterik cəhətdir. Eyni zamanda Alban abidələrinin mühüm bir xüsusiyyətidir”. 
Alban məbədlərinin bərpasının müəyyən qədər vaxt aparacağını söyləyən tarixçi-alim qədim məbədlərin istifadəyə açılmasını məqsədəuyğun saymayıb: “Çoxları deyir ki, tarixi alban kilsələri yenidən ibadətə açılmalıdır, Alban Apostol kilsələri fəaliyyət göstərməlidir və s. Mən müstəqil alban Apostol kilsəsinin olmasına etiraz etmirəm. Çünki 1836-cı ildə I Nikolayın fərmanı ilə ermənilər Alban kilsələrini qriqoryan kilsələrinə çeviriblər. Amma burada mühüm bir nüans var. Tarixçi Strabon məlumat verirdi ki, Albaniyada 26 tayfa yaşayırdı və dövlət həmin tayfalardan biri tərəfindən yaradılıb. Udinlər 26 tayfadan sadəcə biridir. Yerdə qalan 25 tayfa bizlərik. 25 tayfanın nümayəndələri indiki Azərbaycan xalqıdır. Yəni qədim Alban məbədləri tarixi abidələrimiz sayılır. Məbədlərimizi tarixi keçmişimizi əks etdirən abidələr kimi qoruyub saxlamalıyıq. Həmin kilsələr turizm mərkəzinə çevrilməlidir. Nəzərə alaq ki, tikililər həddindən artıq qədimdir. Alban dövlətinə məxsus ən cavan abidənin 800-900 il yaşı var. Hətta 1500 yaşlı kilsələrimiz var. Ona görə də qədim məbədlərin ibadət yerinə çevrilməsini düzgün hesab etmirəm. Onlar artıq tarixdir. Qədim tikililərin tarixi abidə statusu var. 1954-cü il Haaqa Konvensiyası, 1973-cü il YUNESKO və 1992-ci ilin Avropa konvensiyalarına görə tarixi abidələr xalqların mədəni irsi, mirası kimi qorunur. Qarabağda xristian qıpçaq-türk abidələri də mövcuddur. Hamısının tarixi abidə statusunda saxlanması daha məqsədəuyğundur”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu