Sonuna qədər düşməni cəzalandırmalıyıq

Azərbaycan Ermənistanın ərazimizdə törətdiyi cinayətlərə görə siyasi və hüquqi cəzalanması istiqamətdə iş aparacaq

Ərazinin minalardan təmizlənməsindən sonra bu proses daha da sürətlənəcək

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixi hesab edilir. Zaman keçdikcə bu böyük qələbənin əhəmiyyəti daha yaxşı dərk ediləcək, hadisələrlə bağlı yeni-yeni fikirlər söyləniləcək. Azərbaycan əsgərinin qəhrəmanlığı, hər döyüşdə göstərdiyi şücaətləri haqqında təzə faktlar üzə çıxacaq. Ali Baş Komandan İlham Əliyev müharibə ilə bağlı çox hadisələrin cərəyan etdiyinə işarə edərək qeyd etdi ki, “Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq”.

Məlum olan həqiqət isə ondan ibarətdir ki, Azərbaycan Ali Baş Komandanının rəhbərliyi ilə bu müharibəni çox möhtəşəm formada və dəqiqliklə apardı. Qısa zaman kəsiyində həm hərb meydanında, həm də diplomatik müstəvidə ağlasığmaz uğurlar əldə etdik.  

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə “Şərq”ə açıqlamasında bildirib ki, 44 gün ərzində hərb, diplomatiya, informasiya, təbliğat, təhlükəsizlik və bir çox sahələr bir-birilə əlaqəli formada işlədi. Bir sahə digərinin fəaliyyətini tamamladı. QHT rəhbərinin sözlərinə görə, azad olunmuş kənd, qəsəbə və şəhərlərlə bağlı məlumatların verilməsinə diqqət etsək, müharibənin necə yüksək səviyyədə idarə olunmasını görərik:

“Bildiyimiz kimi, dövlət başçısı cənab İlham Əliyev işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Ağdam rayonlarına səfəri zamanı dəfələrlə bir məqama xüsusi diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, 30 ilə yaxın işğalda saxlanılmış şəhərlərimizdə həyata keçirilən vəhşilik, vandallıq, dağıntılar bütün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. Müharibənin gedişində də işğaldan azad olunmuş ərazilərdə paralel olaraq bu proses aparılırdı. Real vəziyyət qiymətləndirilərək sənədləşdirilirdi. Proses indi də sürətlə davam edir.

Ermənistanın Azərbaycana vurduğu mənəvi və maddi ziyanların ölçüsü çox böyükdür. Ölkə başçısının tapşırığı ilə erməni vəhşiliyinin, barbarlığının, ərazilərimizdə törədilən dağıntıların hər biri sənədləşdirilir. Sözsüz ki, bu işlərin aparılmasında bir çox məqsədlər var. İlk öncə bu erməni vəhşiliyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması çox vacibdir.

Dünya ictimaiyyəti görməlidir ki, ermənilər Azərbaycanın ekologiyasına, tarixi-mədəni abidələrinə ziyan vuraraq, hər şeyi yerlə-yeksan ediblər. İşğal olunmuş Azərbaycan əraziləri demək olar ki, məhv edilib. Azərbaycan Ordusu həmin ərazilərə girərkən bayrağımızı sancmağa bina tapmayıb və bayrağı ötən illər ərzində dağıdılmış bir binanın üzərində qaldırıblar. Bu faktları bütün xarici media orqanları çəkməli və işıqlandırmalıdır”.

C.Hüseynzadə xatırladıb ki, Prezidentin göstərişi ilə real vəziyyəti görmək üçün işğaldan azad edilmiş ərazilərə diplomatik korpusun nümayəndələri və jurnalistlərin səfərləri təşkil edilib:

“Ərazinin minalardan təmizlənməsindən sonra bu proses daha da sürətlənəcək. Eyni zamanda Azərbaycan bu əraziləri çox tezliklə bərpa  edəcək. Buna görə bütün faktların foto, video və digər formatda sənədləşmə işləri aparılacaq ki, törədilmiş cinayətlər haqqında dünya ictimaiyyətə məlumatlar verilsin və faktlar təqdim olunsun.

Digər məqam isə ondan ibarətdir ki, Azərbaycan Ermənistanın ərazimizdə törətdiyi cinayətlərə görə siyasi və hüquqi cəzalanması istiqamətində iş aparacaq.

Ermənistan tərəfdən Azərbaycan vətəndaşlarının xüsusi mülkiyyətinə qarşı törədilmiş cinayət əməllərinin də məhkəmə perspektivi var. Hesab edirəm ki, həm dövlət resursları, həm də qeyri-dövlət resursları çərçivəsində Ermənistanın törətdiyi cinayət əməllərinə görə siyasi və hüquqi cəzalandırılması istiqamətində işlər aparılmalıdır.

Sənədləşdirilən faktlarla bağlı yaradılacaq informasiya mühiti, beynəlxalq məhkəmə çərçivəsində Ermənistanın törətdiyi əməllərə görə cəzalandırılması üçün əlavə təsir mexanizmidir”. 

Birlik sədri vurğulayıb ki, hərbi məkanda döyüşlər dayansa da, diplomatik və informasiya cəbhəsində müharibə davam edir:

“Düzdür, Ermənistan cəmiyyəti və dövləti hərbi, diplomatik və informasiya cəbhəsində aldığı zərbədən təlatümlər içərisindədir. Buna görə də biz düşmənin etdiyi cinayətlərə görə rüsvay olunması və cəzalanmasına çalışmalıyıq.

Necə ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu  döyüş meydanında Ermənistanı rüsvay etdi, eləcə də Ermənistan etdiyi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu