27 illik həsrətin sonu

"İstisu"lu, qızıl yataqlı Kəlbəcər Azərbaycana qovuşdu

"İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarlarla ziyan dəyib"

Azərbaycan ərazi bütövlüyünü qarış-qarış təmin edir. Müzəffər ordumuzun əsgərləri artıq Kəlbəcərdədir. Kəlbəcər həsrətinə də son qoydu, əsgərimiz.   
Rəsmi məlumata əsasən, Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Kəlbəcərlilər köçünü tutub, yurda dönməyə hazırlaşır. Azərbaycanın hər qarışı cənnətdir. Yerin altı da, üstü də xəzinədir, Azərbaycanımızda. Lakin elə bölgələrimiz var ki, xüsusilə seçilirlər. Onlardan biri də Kəlbəcərdir.  Kəlbəcərin  strateji əhəmiyyəti öz yerində, həm də iqtisadi baxımdan ölkəmizə böyük üstünlük qazandıracaq bölgədir. 

Nə əldə edəcək ölkəmiz və onun insanları Kəlbəcəri azad etməklə? Əlbəttə ki, ən mühüm olan insan amilidir. 28 il yurd-yuvasında didərgin salınmış, min bir əziyyətlərə, məşəqqətlərə məruz qalmış insanlarımızın doğma yurdlarına dönüşünun yaratdığı ruh yüksəkliyi, dövlətə güvən hissi, dövlətin vətəndaşlarının, ölkənin haqqını heç nəyə, heç kimə güzəştə getməməsinin insanlara gətirdiyi inam hissi heç nəylə müqayisə oluna bilməz. Ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ölkə iqtisadiyyatına da böyük töhfələr verəcək. Ölkəmizə investorların marağı daha da artacaq. Nəticə etibarilə qazanılan hər bir uğur ölkə vətəndaşlarının daha rahat, daha təminatlı yaşamasına və güvənli həyat sürməsinə səbəb olacaq.    

Kəlbəcərə insanlarla birlikdə həyat qayıdır

Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dedi ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq: “Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.
Millət vəkili Aydın Hüseynov isə mediaya açıqlamasında Kəlbəcərin əhəmiyyətindən danışıb və bildirib ki, mühüm strateji əhəmiyyətli, o cümlədən çətin relyefə malik bir rayonun bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edilməsi Azərbaycanın böyük və tarixi qələbəsidir: “10 noyabrda Ermənistanın kapitulyasiyası ilə nəticələnən bəyanata əsasən bu gün artıq Kəlbəcər rayonu Azərbaycanın nəzarəti altında keçdi: “1993-cü ildə işğaldan sonra ermənilər Kəlbəcərdə qeyri-qanuni məskunlaşma aparmışdı. Kəlbəcərin sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni Kəlbəcərdən çıxmağa vadar etdi”. 

Kəlbəcər – təbii sərvətlərin strateji yüksəkliyi

Millət vəkili vurğulayıb ki, Kəlbəcər strateji baxımdan vacib olduğu qədər təbii sərvətləri ilə də zəngin bir rayondur: “Bilirsiniz ki, Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Kəlbəcər həm yeraltı, həm də yerüstü sərvətləri ilə olduqca zəngindir.
Belə ki, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli çoxsaylı ehtiyatlar, o cümlədən qızıl yataqları, mis yataqları, civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daşı yatağı, qum-çınqıl qarışığı yatağı, yüksək dekorativ xüsusiyyətlərə malik 4 mərmər oniksi, nefroid yatağı, 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1 listvenit yatağı və digər yataqlar mövcuddur.
Eyni zamanda Kəlcəbərdə dünya şöhrəti qazanmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da mövcuddur. Bu baxımdan Kəlbəcər rayonu sənayenin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. 

Dağ havalı, yaşıl məmləkət

Kəlbəcərin təbii ehtiyatlarını saymaqla qurtarmaq olmaz. Kəlbəcər rayonu böyük meşə ərazilərinə, göz işlədikcə uzanan nəhəng yaşıl örtüyə malik ərazidir. Rəsmi məlumatlara əsasən Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Və bilirik ki, alçaq düşmən bu meşələrə qarşı da soyqırım həyata keçirib. Ermənistanın kapitulyasiya bəyannaməsini imzalamasından keçən 15 gün ərzində mənfur düşmən bacardıqca ziyan vurmağa çalışdı Kəlbəcərimizə. Əlinə keçən ağacları kəsdi. Yoxsul ölkəsinə daşıdı ki, qışda Azərbaycanın odu – Kəlbəcərin odunu hesabına qızınsın. Qoy qızınsınlar. Məxluq bilməsə də, Xaliq bilir onsuz da. Kəlbəcər yenə doğmalarını yaşıl meşələri ilə qarşılayacaq. Kəlbəcər camaatı qurub yaradacaq. Ali Baş Komandanın dediyi kimi, biz yenə qurub yaradacağıq.  
Onu da deyək ki, Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara suyun verilməsi nəzərdə tutulur ki, bu da ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük dəstək göstərəcək.
Kəlbəcər turizm baxımından da geniş imkanlara malikdir. Füsunkar təbiətə və zəngin mədəni irsə malik olan Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" müalicə-istirahət sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. Kəlbəcərin əsrarəngiz təbiəti turizmin inkişafı üçün böyük perspektivlər açacaq. Əlbəttə ki, Kəlbəcərin zənginliklərini saymaqla qurtarmaq olmaz, lakin əminliklə onu demək olar ki, Kəlbəcər Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. 

Kəlbəcər turistləri daim cəlb edəcək

İqtisadçılar da hesab edir ki, sahəsi 3050 kv.km olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir. Vüqar Bayramov Kəlbəcərin iqtisadi potensialını belə şərh edib:   
 
- İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal olunub. 27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 ha meşə sahəsi işğalçı Ermənistan tərəfindən məhv edilib dağıdıldı".

Deputatın sözlərinə görə, ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır:

"Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.

Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarlarla ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyanın məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur”. 
Əlavə edək ki, Azərbaycan hər zaman özünün tolerantlığı, qeyri-islam dinlərinə sayğısı ilə seçilib. Ölkəmizin ərazisində xristian, alban məbədləri dövlət tərəfindən qorunur və onların abadlaşdırılması daim diqqətdə saxlanır. Kəlbəcər də tezliklə dünyanın diqqət mərkəzində olacaq. Başqa xalqlar və onların inanclarına, eləcə də tarixə necə hörmətlə yanaşıldığını əyani görmək istəyənlər Kəlbəcərə dəvət ediləcək. 

Hazırladı: Məlahət Rzayeva 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu