Vəziyyət düzəlmir...

Avtobuslar arasındakı interval sərnişin sıxlığını aradan qaldırmağa imkan vermir

İctimai nəqliyyatın fəaliyyətinin düzgün təşkili yoxdursa, alternativlərin aradan qaldırılması səhv addımdır

Metropolitenin fəaliyyətini heç olmasa, ilkin mərhələ üçün qrafik əsasında bərpa etmək də olar

Millət vəkili Sabir Rüstəmxanlı aylardır paytaxt sakinlərini əsəb və stress altında saxlayan ictimai nəqliyyat probleminə toxundu və dedi ki, “metro bağlıdır, pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil. Elə bil, hər dayanacaqda mitinq gedir. Metronu açmaq bu işi asanlaşdırar. Əlaqədar qurumlar bunu nəzərə alsalar yaxşı olar”. Görünən isə budur ki, əlaqədar qurumlar vəziyyəti nəzərə almaq fikrində deyillər. Ölkədə koronavirusa yoluxma sayı artan rəqəm üzrə gedir. Yoluxma sayı 4 minə yaxınlaşıb.

Bir halda ki, yoluxmanın qarşısını almaq çətindir, o zaman niyə yoluxmaya şərait yaradan vəziyyət aradan qaldırılmır? Söhbət, millət vəkilinin də vurğuladığı kimi metropolitenin qapalı saxlanması səbəbindən avtobuslarda yaşanan dəhşətli vəziyyətdən gedir. Metro dayanacaqlarında, xüsusən günün pik saatlarında, əsasən də komendant saatına doğru sərnişinlərin avtobuslara “hücumu”  orada xidməti vəzifəsini yerinə yetirən Bakı Nəqliyyat Agentliyi, həmçinin polis əməkdaşlarının gözü qarşısında baş verir.

Və təbii, onlar çarəsizcə, müşahidəçi olaraq qalırlar. Başqa cür mümkün deyil. İşdən çıxıb evinə tələsən sərnişinlərin dayancağa yaxınlaşan avtobusa “hücumu” sunamini xatırladır. BNA əməkdaşları da, polis də, “kənara çəkilin, avtobusun “altına” düşəcəksiz” çağırışları da fayda vermir. İnsanlar evlərinə tələsir, hamı getmək istəyir. Avtobuslardakı basabasdan o qədər yazılıb, o qədər deyilib ki, təkrar etməkdən yorulmuşuq. “Adamlar bir-birinin belinə minir” ifadəsi məcazi mənada artıq işlənmir. Sözün həqiqi mənasında səslənir. Çünki sərnişinlər həqiqətən də bir-birinin belinə minir. Anlaşılmayansa, metronun qapalı məkan hesab edildiyinə və yoluxma riskinin böyük olduğuna görə qapanmasının hələ də əsas gətirilməsidir.

Bir halda ki, avtobuslarda biabırçı vəziyyətdə sıxlıq yaşanır, insanlar nəfəs ala bilmir, sosial məsafə absurd xarakter alır, yoluxmanın qarşısının alındığına necə, hansı əsas gətirilə bilər? 



Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında qeyd etdi ki, ictimai nəqliyyatın fəaliyyətinin düzgün təşkili yoxdursa, alternativlərin aradan qaldırılması səhv addımdır: 

- Metropolitenin fəaliyyəti dayandırılan zamandan hamımız  müşahidə edirik ki, yalnız avtobuslarla sərnişin daşınmasını təmin etmək mümkün deyil. Metropolitenin alternativi yoxdur. Metro gün ərzində 1 milyona yaxın sərnişin daşıyır. Rahat, ən əsası da sürətli nəqliyyat vasitəsidir. Məhz sürət sərnişindaşımanı maksimum təmin etməyə imkan verir. Metropoliteni əvəz edə biləcək nəqliyyat vasitəsi yoxdur. Bu, bəllidir. Qalır, alternativ vasitələr. Bunlar da ekspres avtobuslardır ki, onların da bu işin öhdəsindən gələ bilmədiyi və xətlərə əlavə avtobusların buraxıldığı məlumdur. Lakin vəziyyət bununla da düzəlmir.

Avtobuslar arasındakı interval sərnişin sıxlığını aradan qaldırmağa imkan vermir. Həmçinin yollardakl vəziyyət, avtobusların uzun müddət tıxaclarda qalması da sürəti xeyli azaldır, avtobuslar dayanacaqlara böyük gecikmələrlə daxil olur. Sıxlıq da belə yaranır. Özəl şirkətlərə məxsus əlavə xətt avtobusları rentabelliyi düşünür, daha çox sərnişin daşımaq və daha çox gəlir əldə etməyə çalışır ki, bu da avtobuslarda hədsiz sıxlıq yaradır. Xətlərə nə qədər avtobus buraxılsa da, yenə sərnişin sıxlığını aradan qaldırmaq mümkün olmayacaq. Göründüyü kimi, metronun qapalı saxlanması ictimai nəqliyyatı iflic vəziyyətinə salıb.

Hazırda ölkədə fəvqəladə vəziyyətdir. Pandemiya pik həddə çatır. Belə vəziyyətdə sərnişin sıxlığını aradan qaldırmağın vasitələri üzərində düşünülməlidir.

Ya gərək biz yenidən aprel-may aylarındakı vəziyyətə qayıdaq – SMS icazə və iş yerlərinin kütləvi bağlanması, kiçik və orta sahibkarlara kompensasiyaların verilməsi, bölgələrdən paytaxta və digər böyük şəhərlərə giriş-şıxışlara qadağa qoyulması, yaşı 65-dən yuxarı insanların küçəyə çıxmasına qəti qadağa və s. sərt tədbirlər tətbiq edilsin, ya da metronu açmaq lazımdır.

Çünki iş yerləri fəaliyyətdədir və insanlar gün ərzində ictimai nəqliyyatdan aktiv istifadə edirlər. Metropolitenin fəaliyyətini heç olmasa, ilkin mərhələ üçün qrafik əsasında bərpa etmək də olar. Avtobusların fəaliyyəti bütünlüklə saxlanmaq şərtilə. Məsələn, insanların işə getdiyi səhər saatlarında, tutaq ki, 06:00-dan 09:00-dək, axşam isə komendant saatını nəzərə alaraq, deyək ki, 17:00-dan 20:00-dək.

Belədə bəlkə pik saatlarda sərnişin sıxlığı nisbətən azalar. Yaxın məsafələrə gedənlərə tövsiyə edilsin ki, metrodan deyil, avtobuslardan, uzaq məsafələrə gedənlər metrodan istifadə etsinlər. Bununla bağlı BNA təbliğat işi aparmalıdır. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu