Qərb dairələrinin bitməyən QƏRƏZİ: “Kor, kar, lal olurdular, amma indi...”

“Ölkəmiz ərazi bütövlüyünü bərpa etdikdən sonra buradakı xristian məbədləri ilə bağlı narahatlıqlarını bildirirlər”

"Həmin dövlətlərin narahatlığı bir daha onu göstərir ki, onlar bu məsələyə öz məkrli və ikili standartlar prizmasından yanaşırlar”

Ötənlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Burada olarkən Ali Baş Komandan Cənab İlham Əliyev Ağdam məscidi qarşısında çıxş edib. Ölkə başçısı bir sıra məqamlara toxunub:
"Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik".

Heç kimə sirr deyil ki, Qərbin ikili standartları bizim üçün yad deyil. Onlar 30 ilə yaxın müddətdə Ermənistana törətdikləri vəhşiliklərə rəğmən heç bir təzyiq göstərmədilər. 

Beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həllində önəmli rola malik olsalar da, effektiv və praqmatik addımlar atmadılar. Hazırda da eyni vəziyyət hökm sürür. Ermənistanda baş verən hadisələrə dünya ölkələri göz yumur. Həmçinin onların Qarabağda milli-mədəni, tarixi və təbii sərvətlərimizə qarşı törətdikləri cinayətlərə beynəlxalq təşkilatlar susur. Sıra bizə gələndə ağızlarına su alıb oturmağı seçirlər. Ən kiçik səhvimizdə isə təbii ki, qınaq obyektinə çevrilirik. 

Məlum ikili standartlarla bağlı “Sherg.az”a danışan Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, bu gün  Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad edib:

“Ölkəmiz ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin dairələr, xüsusən Qərb dairələri burada olan xristian məbədləri ilə bağlı narahatlıqlarını dilə gətirməyə başlayıblar. Lakin əvvəl bu məsələlərə nədənsə kor, kar, lal olurdular və heç bir söz demirdilər. 

44 gün davam edən müharibə noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin arasında imzalanmış 3 tərəfli bəyanatla başa çatdı. Biz bunu Azərbaycan Respublikasının uğuru, Ermənistanın təslim olması və məğlubiyyəti kimi qiymətləndiririk.  Azərbaycan Vətən müharibəsində  ordumuzun gücü, o cümlədən diplomatik və informasiya sahəsində qazandığı əhəmiyyətli uğurlar nəticəsində qalib gəldi. Üçtərəfli imzalanmış bəyanata əsasən Kəlbəcər, Ağdam və Laçın rayonları döyüşsüz olaraq Azərbaycana qaytarılır. Artıq iki rayonumuz - Ağdam və Kəlbəcər rayonları Azərbaycana təhvil verilib. Laçın rayonu da dekabrın 1-dək tamamilə boşaldılacaq”. 

Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizə səfərlər həyata keçirir:

“Cəbrayıl və Füzuli rayonlarına səfərdən sonra Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva  növbəti dəfə Ağdam rayonuna  gediblər. Burada olarkən bütün dünya həmçinin Azərbaycan xalqı gördü ki, Ağdam ruhlar şəhərinə çevrilib. Sanki şəhərdən vəhşi bir qəbilə ötüb, burada vandallığın və barbarizmin ən pik həddi həyata keçirilib. 

Biz bu acınacaqlı mənzərəni təkcə Ağdamda deyil, bütün işğaldan azad edilmiş ərazilərimizdə görürük. Onlar Azərbaycanın mədəni-tarixi abidələrini, yaşayış yerlərini, təbiəti məhv edib, xarabalığa çeviriblər.  Ermənilər məscidlərimizi dağıtmaqla kifayətlənməyib. Burada hətta donuz da saxlayıblar. İbadətgahımızdan tövlə kimi istifadə ediblər.  Beynəlxalq təşkilatların nümayəndələri 2 dəfə həmin ərazilərə səfər etsələr də, bütün olanlara göz yumublar, heç bir reaksiya verməyiblər.

Amma indi Qərb dairələri burada olan xristian məbədləri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Cənab Prezidentimiz bu məsələyə xüsusi toxundu və vurğuladı ki, Azərbaycan multikultural bir dövlətdir. Burada bütün milli azlıqlar və dinlərin nümayəndələri tam sərbəst yaşayırlar. Roma papası Azərbaycanda olarkən multikultural dəyərlərin qorunması ilə bağlı yüksək fikirlərini söyləyib. Həmçinin Rus Provaslav kilsəsinin rəhbəri ölkəmizdə səfərdə olanda çıxış edərək Azərbaycanı bu yöndə dünyaya nümunə göstərib. Azərbaycanda bütün dinlərə məxsus məbədlər dövlətin xüsusi diqqət və qayğısında saxlanılır. Hətta müharibə dövründə belə Qəbələdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Alban məbədinin əsaslı təmir olunması buna bir sübutdur". 

Deputatın qənaətincə,  Qərb dövlətlərinin bu narahatlığı bir daha onu göstərir ki, onlar bu məsələyə öz məkrli və ikili standartlar prizmasından yanaşırlar”.

Aytac Ali

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu