İddia: SMS icazə yox, avtobuslar işə salınmalıdır

“SMS icazənin tətbiqindənsə, ictimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır”

“İctimai nəqliyyatın bölgüsü düzgün aparılmalı, avtobuslardakı sıxlıq aradan qaldırılmalıdır”

“Bu amillər həyata keçməzsə, SMS icazə və ya digər tədbirlər effekt verməyəcək”

Son günlər Azərbaycanda koronavirusa yoluxan və dünyasını dəyişənlər arasında kəskin artım müşahidə olunur. Dünən Azərbaycanda COVID-19 infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib. Yoluxma artıqca karantin rejimində sərtləşmələrlə bağlı qərarlar verilir.

Hazırda iddia olunan məsələlərdən biri "SMS icazə"lərin tətbiqidir. Hətta bununla bağlı Parlament üzvləri də təklif səsləndiriblər. Millət vəkili Musa Qasımlı bildirib ki, müəyyən iş yerləri tamamilə bağlanmalı, bəziləri isə növbəli rejimə keçməlidir:

“Şənbə-bazar tətbiq edilən qadağalar dörd günə qaldırıla bilər, SMS icazə formasına yenidən baxmaq olar. 65 yaşdan yuxarı və 18 yaşa qədər şəxslərin iki həftə ərzində küçəyə çıxmasına qadağa qoya bilərik”.

Deputat Aydın Mirzəzadə də yoluxma sayının çox artacağı təqdirdə SMS icazənin qaçılmaz olduğunu bildirib:

“Əlbəttə, yoluxma sayı artım tempində gedərsə, yenidən bəzi sərt qadağalar, eləcədə SMS icazə tətbiq edilə bilər. Amma hər şeydən əvvəl gərək özümüz qadağalar tətbiq edək. Düzdür, artıq insanların bir çoxu küçədə də maskadan istifadə edir, amma bir nəfərin buna laqeyd yanaşması 10-larla insanın virusa yoluxmasına səbəb ola bilər. Hesab edirəm ki, əgər hamı bir nəfər kimi qaydalara əməl etsə, yenidən sərt rejimə keçməyə ehtiyac olmayacaq”.



Tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla SMS icazələrin tətbiqini dəstəkləmədiyini söyləyib.
Professor “Sherg.az”a bildirib ki, bütün dünyada koronavirusun 2-ci mərhələsi müşahidə edilir:

“Başqa ölkələrdə də yoluxma sayında artım müşahidə olunur. Azərbaycandakı mövcud hadisələr, əhalinin zəfər yürüşündə karantinlə bağlı qaydalara əməl etməməsi də yolxumanın çoxalmasına səbəb oldu.

Parlament üzvlərinin SMS icazənin tətbiqini dəstəkləməsinə gəlincə, indiki dövrdə SMS icazələr insanların psxiologiyalarına mənfi təsir edir. SMS icazənin tətbiqini məqbul sayırlar, amma ictimai nəqliyyatda əlverişsiz şərait hökm sürür”.

Həkim vurğulayıb ki, SMS icazənin tətbiqindənsə, ictimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır:

“İctimai nəqliyyatın bölgüsü düzgün aparılmalı, avtobuslardakı sıxlıq aradan qaldırılmalıdır. Bu amillər həyata keçməzsə, SMS icazə və ya digər tədbirlər effekt verməyəcək. Düşünürəm ki, ilk növbədə yoluxma mənbələri aradan qaldırılmalıdır.

Bundan sonra başqa tədbirlər haqqında düşünmək olar. Yoluxmanın real mənbəyi qala-qala insanlara əlavə qadağanı tətbiq etmək məqsədəuyğun deyil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu